Regionların sosial-iqtisadi inkişafında
turizmin rolu
Bu sahənin inkişafı büdcə
gəlirlərini artırır,
işsizliyi azaldır,
yoxsulluğu aradan qaldırır
Turizm artıq bütün
dünyada ən gəlirli sahələrdən
birinə, sürətlə
inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın 6 faizini təşkil edir. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə
çevrilməsi gəlirlərin
artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü
göstərir. Təkcə
bu faktı qeyd etmək kifayətdir ki, dünya üzrə hər 11 iş yerindən biri turizm sektorundadır.
Azərbaycanda iqtisadiyyatın diversifikasiyası,
regionların inkişafı
üçün məhz
bu sənaye həlledici əhəmiyyət
kəsb edir. Turizmdə ölkəmizin
rəqabət imkanları
çox yüksəkdir.
Təbii
sərvətlərimiz, rəngarəng
iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm
zəmindir. Təsadüfi deyil ki, Azərbaycan
dövləti turizm sahəsinin inkişafını
iqtisadiyyatın qeyri-neft
sektoru üzrə prioritet istiqamət elan edib.
Son 10 il ərzində
ölkədə turizmin
təşviqi ilə bağlı görülən
işlər, aparılan
islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi
dövlətin bu sahəyə diqqətini bir daha sübut
edir. «2002-2005-ci illərdə Azərbaycanda
turizmin inkişafına
dair» və
«2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» dövlət proqramlarının
qəbul olunması, Prezident İlham Əliyev tərəfindən
2011-ci ilin Azərbaycanda
«Turizm ili» elan edilməsi, bununla əlaqədar geniş tədbirlər planının təsdiq və icra olunması
dövlət səviyyəsində
turizmin inkişafına
verilən dəstəyin
əyani sübutudur.
Bu tədbirlərin nəticəsində Azərbaycanda
turizm sənayesi yeni mərhələyə
qədəm qoyub, ölkəmiz dünyada yeni bir turizm
istiqaməti kimi tanınmağa başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin son statistikasına görə,
turizm sahəsində çalışan işçilərin
sayı son illər 2,9 dəfə, yerləşdirmə obyektlərində
yerlərin ümumi sayı isə 3,3 dəfə artıb. Hazırda Azərbaycanda mehmanxanalarda
çalışan işçilərin
sayı 7668 nəfər,
turistlərə bilavasitə
xidmət edən işçilərin sayı
isə 4767 nəfərdir.
Mehmanxanaların fəaliyyəti nəticəsində
istismardan 79 425 500 manat
gəlir əldə olunub. Son dövrlərdə
dövlət tərəfindən
turizmin inkişafına
yaradılan münbit şərait nəticəsində
respublika ərazisində
fəaliyyət göstərən
turizm şirkətlərinin
sayı 200-ə, mehmanxana
və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən
çox artaraq 506-ya çatıb (onların
80 faizi regionlarda yerləşir). Bütün
bunların nəticəsi
olaraq 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların
sayı 2003-cü illə
müqayisədə 2,2 dəfə
artaraq 2 milyon 239 min
141 nəfər təşkil
edib. 2012-ci ildə isə ölkəmizə
2 milyon 484 min qonaq gəlib ki, təxmini hesablamalara görə, bunun 2 milyonu turistdir.
10 il əvvəl Azərbaycana gələn xarici turistlərin ölkəmizdə xərcləri
57,7 milyon ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə
1 milyard 479 milyon dollar
olub, həmçinin
ÜDM-də turizmin çəkisi 2 dəfə
artıb.
Dövlət proqramları
regionlarda turizmin inkişafını sürətləndirir
Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu, regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramlarında
da əksini tapır.
Millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə,
regionların inkişafı
üzrə 2004-2008-ci illəri
əhatə edən birinci proqram daha çox sosial-mədəni infrastrukturun
yaradılması istiqamətində
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tuturdu. Bu sənəddə
xəstəxanalar, təhsil
müəssisələri, mədəni-maarif
ocaqları, yol infrastrukturu, kanalizasiya, su sistemi və
sairənin qurulmasına
üstünlük verilirdi.
Bütün bunlar isə turizm üçün vacib olan məqamlardandır: «Ən azı ona görə ki, sahibkar investisiya
qoymaq istədiyi regionda ilk növbədə
infrastrukturun, şəraitin
olmasına diqqət yetirir. Bunlar olmadığı təqdirdə ucqar bir yerdə böyük turizm kompleksi yaratmağın heç bir əhəmiyyəti yoxdur.
Çox
vacib şərtlərdən
biri turistin istirahət obyektinə rahat getməsi, orada yüksək səviyyəli xidmət görməsi və təhlükəsizliyinin təmin
olunmasıdır. Bu mənada birinci dövlət proqramı dolayısı ilə turizm üçün baza rolunu oynayacaq
müasir infrastrukturun
formalaşdırılması ilə xarakterizə olunur. 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı isə daha çox
birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən müvafiq strukturun yaradılmasını nəzərdə
tutur. Yalnız onu demək
kifayətdir ki, hazırda ölkədə
50-yə yaxın müxtəlif
ulduzlu yerləşdirmə
yerləri tikilir ki, bunların hamısı istifadəyə
verildikdə Azərbaycanda
mövcud yataq sayı 30 faiz artacaq».
Sahibkarlığa Kömək
Milli Fondu turizm layihələrinə
kredit ayırır
Müstəqil ekspert hesablamalarına
görə, regionlarda
yeni iş yerlərinin yaradılmasında
turizmin rolu olduqca əhəmiyyətlidir.
Hətta
bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar
məşğul əhalinin
təxminən 10 faizə
yaxınını təşkil
edə bilər.
Göründüyü kimi, burada kifayət qədər əhəmiyyətli bir sahədən söhbət
gedir.
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa
Kömək Milli Fondu turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini
nəzərə alaraq
turizmlə bağlı
layihələrin maliyyələşdirilməsini
həyata keçirir. Fondun vəsaitləri hesabına
Azərbaycanın müxtəlif
rayonlarında son iki il ərzində
turizmin inkişafı
ilə bağlı 10
layihə maliyyələşdirilib.
2012-ci ildə 6 sahibkara
220 min manat güzəştli
kredit verilib və bu kreditlər
hesabına 65 yeni iş yeri yaradılıb.
2013-cü ilin ötən
dövrü ərzində
isə 4 sahibkara 60 min
manat güzəştli
kredit ayrılıb, nəticədə 14 yeni iş yeri yaradılıb.
İqtisadi İnkişaf Nazirliyinin
ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Abbas Əliyevin sözlərinə görə,
fonda təqdim
olunan layihələrin
maliyyələşdirilməsində məhz neçə yeni iş yerinin
yaranacağı əsas
meyarlardan biri kimi götürülür.
Maliyyələşdirilmiş layihələrin monitorinqi
aparılır və bu zaman nəzarət
olunan göstəricilərdən
biri də biznes-planda nəzərdə
tutulan iş yerlərinin həqiqətən
açılıb-açılmamasıdır.
Həmçinin yeni yaradılan müəssisələrdə
iş yerlərinin daimiliyi də şərtlər sırasındadır:
«Layihələrdə yaradılacaq
iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti
olacağı da göstərilməlidir».
Qeyd edək ki,
Qusar rayonu ərazisində
yerləşən «Şahdağ»
Qış-Yay Turizm Kompleksinin
tikintisi tamamilə başa
çatdıqdan sonra burada
5000 insan işlə təmin olunacaq. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan «Şahdağ» kompleksinin ilk mərhələsinin
açılışı 2012-ci ilin
dekabrında keçirilib. Şahdağ
Milli Parkının ərazisində yerləşən
kompleksin 2058 hektar sahəsi
var. İlk mərhələdə
kompleks ərazisində hotellərin tikintisi və burada turizm infrastrukturunun
qurulması dövlətin hesabına həyata keçirilib. Sonrakı mərhələlərdə
isə sahibkarların burada turizm obyektləri tikib
istifadəyə verməsi nəzərdə tutulur.
Bu ilin yanvar-mart aylarında 50 mindən çox yerli və xarici turist kompleksdə istirahət edib. Kompleks yay
ayları ərzində
də fəaliyyətini
davam etdirib və turistlərə mövsümə uyğun
xidmətlər təklif
edilib.
Turizm qeyri-enerji sektorunun
lokomotividir
Turizmin inkişafında əsas amillərdən biri infrastrukturun qurulmasıdır. Azərbaycanın regionlarında bu məsələ tədricən həllini tapır. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bölgələrimizdə qaz, işıq, su, yanacaq, yol problemi aradan qaldırılır: «Biz diqqət yetirsək, görərik ki, təxminən 10-12 il əvvəllə müqayisədə infrastrukturla yanaşı, çoxlu sayda yeni turizm obyektləri inşa edilib istifadəyə verilib. Bu işlər getdikcə genişlənir. Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qəbələdə, Nabranda, Qusarda, Qubada xeyli sayda hotelin açılması onu göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır».
Assosiasiya təmsilçisi turizmi qeyri-enerji sektorunun lokomotivi sayıla biləcək sahələrdən biri kimi qiymətləndirir: «Turizm həm ekoloji cəhətdən təmizlikdir, həm də yeni iş yerləridir. Regionlarda yeni turizm obyektlərinin açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Mən deyərdim ki, regionlarda turizm obyektlərinin sayı daha da çox olmalı və infrastruktur nəinki ildən-ilə, hətta aydan-aya, gündən-günə inkişaf etdirilməlidir».
Həmsöhbətimiz inkişaf yolunda problemlərin mövcudluğunu da təbii sayır. Onun sözlərinə görə, kadr çatışmazlığı bu istiqamətdə rast gəlinən ən başlıca çətinlikdir: «Regionlarda kadr hazırlığı bir qədər problemlidir. Amma dövlət bu istiqamətdə də iş aparır. Məsələn, Qəbələ və İsmayıllı rayonlarında kadr hazırlığı daha da mükəmməlləşib. Hər iki rayonda turizm peşə liseyi fəaliyyət göstərir. Bu isə yaxın rayonların da kadr tələbatını ödəməkdə əhəmiyyətli rol oynaya bilər. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Azərbaycan Turizm Assosiasiyası da bu istiqamətdə üzərinə düşən hər şeyi edir».
Turizmin inkişafı 52 sektora təsir
göstərir
Bu gün dünyada çox az ölkə tapmaq olar ki, regionları turizm olmadan inkişaf edib. Azərbaycanda bir neçə region üzrə bu sahədə çox sürətli inkişaf gedir. Turizmin inkişafı büdcə gəlirlərinin artmasına, yoxsulluğun və işsizliyin azalmasına səbəb olur.
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun fikrincə, turizmin inkişafı 52 sektora təsir göstərir. Onun sözlərinə görə, bir turistin gəlişi nəticəsində göstərilən xidmətlərin məcmusu məhz bu sayda sektorun birlikdə təqdim etdiyi xidmətlərin məcmusuna bərabərdir: «Bu baxımdan turizm iqtisadiyyatda sahələrarası katalizator roluna malik sektor kimi qiymətləndirilir. Həm regionların, həm paytaxtların, böyük şəhərlərin inkişafında bu sahənin rolu danılmazdır. Əgər hansısa bir regionu canlandırmaq, iqtisadiyyatın sahələrini inkişaf etdirmək, rəqabət qabiliyyətini artırmaq lazımdırsa, orada hökmən turizm sektoruna diqqət yetirilməlidir».
Sonda bir məqamı da qeyd edək ki, 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Hazırda Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələri reallaşdırılır. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-2013.-29
noyabr.-S.12.