Səmimiyyət
və sadəlik naxışları
Sənət fədakarları
(«Səhnəyə
qovuşan cığırlar» silsiləsindən)
Məmmədkamal
Kazımov (27.8.1920 - 13.12.2005)
Azərbaycan teatr tarixində böyük
şöhrət zirvəsinə çatmayan,
payına populyarlıq düşməyən, lakin
sənətə vurğunluqları heyranlıq doğuran, sadə, təvazökar, cəfakeş
fədailər çox olub.
Bu qəbil sənətçilərin həyat
amalı səhnə və yenə səhnə idi.
Onlardan biri də aktyor və rejissor Məmmədkamal
Kazımovdur.
Əvvəlcə onun ömür tarixcəsinə qısa nəzər salaq. Bəri başdan deyim ki, sənətə 14-15 yaşlarından aktyorluqla başlayıb. Sonralar rejissorluq ixtisasına yiyələnib.
Məmmədkamal Allahqulu oğlu Kazımov Bakının Maştağa kəndində doğulub. Buradakı 187 saylı orta məktəbi bitirib. Məktəbin dram dərnəyində yaxından iştirak edib. 1943-cü ildə Akademik Milli Dram Teatrının nəzdində açılmış aktyorluq studiyasına qəbul olunub. Üç il burada həmin kollektivin bədii rəhbəri və direktoru Ədil İsgəndərovun başçılıq etdiyi studiyada təhsil alıb, zəgin təcrübə keçib. Bir il sonra teatrın yardım heyətinə götürülüb. Demək olar repertuardakı bütün əsərlərdə ya kütləvi səhnələrə çıxıb, ya epizod rollar oynayıb, yaxud da uşaq obrazlarını ifa edib. Civə kimi qaynarlığı, teatrdaxili nizam-intizamı, iti yaddaşı, tamaşa hazırlığı prosesində ən kiçik işlərə də həvəslə yardımçı olması onu tezliklə kollektivin sevimlisinə çevirib. Bu çalışqanlıq rejissorların nəzərindən qaçmayıb. Aktyorluq edən Məmmədkamal Kazımov uzun illər hazırlanan tamaşalarda rejissor köməkçisi, rejissor assistenti kimi də çalışıb.
Gənc teatr həvəskarı 1956-1960-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təhsil illərində və bir qədər sonrakı dövrlərdə müxtəlif xarakterli rollarda çıxış edib. Adı bəzi tamaşa proqramlarında Kamal yazılıb. Onun ifa etdiyi əsas rollar bunlardır: Gündüz («Sevil», Cəfər Cabbarlı), Cavan kəndli («Qatır Məmməd», Zeynal Xəlil), Çörəksatan («Dumanlı Təbriz», Məmməd Səid Ordubadi), Cəlal («Ölülər», Cəlil Məmmədquluzadə), İkinci əcinnə və Üçüncü əcinnə (müxtəlif quruluşlarda), Allahqulunun kiçik oğlu («Pəri cadu» və «Köhnə dudman», Əbdürrəhim bəy Haqverdiyev), Zaman («Çiçəklənən arzular», Mişka («Müfəttiş», Nikolay Qoqol), Cəsus («Türkiyədə», Nazim Hikmət), Zənci, Xidmətçi («On ikinci gecə» və «Qış nağılı», Uilyam Şekspir).
Məmmədkamal Kazımov 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. O, İsmayıl Dağıstanlının hazırladığı Aleksey Ostrovskinin «Günahsız müqəssirlər» (12 fevral 1966), Tofiq Kazımovun səhnə təfsirində Cəlil Məmmədquluzadənin «Ölülər (12 noyabr 1966), Əliheydər Ələkbərovun quruluş verdiyi Cəfər Cabbarlının «Almaz» (11 may may 1969), Ələsgər Şərifovun quruluşunda Fridrix Şillerin «Orlean qızı» (14 oktyabr 1965) əsərlərinin tamaşalarında ikinci rejissor kimi çalışıb.
Rejissor
Akademik Milli Dram Teatrında aşağıdakı
tamaşalara müstəqil quruluş verib.
1964, 27
may. «Tanya», Aleksey Arbuzov. Tərcümə edəni Sabit Rəhman.
1964, 11 dekabr. «Kimdir müqəssir?», Hüseyn Muxtarov. Tərcümə edəni Tofiq
Kazımov.
1967, 10 fevral. «Görünməmiş toy», Arkadi
Arkanov və Qriqori Qorin. Təbdil edəni Ələsgər
Şərifov.
1971, 19 iyun. «Xırs
quldurbasan», Mirzə Fətəli Axundzadə.
1973, 30 iyun. «Sevgi...
sevgi...», Emil Braginski və Eldar Ryazanov.
Tərcümə edəni Seyfəddin
Dağlı.
1972. «Yol ayrıcında», İslam Səfərli.
1974, 26 oktyabr. «Yatmış gözəl və yeddi qardaş»,
Aleksandr Puşkin.
Tərcümə edəni Ramiz
Heydər.
1976, 5 iyun. «Kölgələr
pıçıldaşır», Seyfəddin Dağlı.
1979, 9
may. «Fitnə», Abdulla Şaiq.
Məmmədkamal Kazımov 1983-1987-ci illərdə
Əbdürrəhim bəy
Haqverdiyev adına
Ağdam Dövlət
Dram Teatrında baş
rejissor işləyib.
Bu kollektivdə Məmmədiyyə
Yusifzadənin «Azad», Əsgər
İlhamın «Qızıl
əjdaha», «Nərgiz ana əfsanəsi», Əjdər Fərzəlinin
«Yurdda kim qalır», Xalidə Hasilovanın «Həsrət»,
İ.Vəlizadənin «Son gecə»,
Mixail Lermontovun «İki qardaş», Səməd Vurğunun «Fərhad və Şirin», İlyas Əfəndiyev və Mehdi Hüseynin «İntizar», Süleyman Rüstəmin «Qaçaq Nəbi», Aydın Hüseynzadənin «Yarımçıq
tost», İsi Məlikzadənin «Aciz adam», Kamran Nəzərlinin
«Könlüm səni
arzular», Abdulla Şaiqin
«Fitnə» əsərlərinin
tamaşalarına quruluş
verib.
Rejissorun
müxtəlif teatrlarda
hazırladığı səhnə
əsərlərində aşağıdakı
keyfiyyətlər həmişə
qabarıq şəkildə
nəzərə çarpıb:
onun tamaşalarında
kompozisiya sadəliyi və bədii bitkinlik vardı;
quruluş verdiyi tamaşalarda səylə əsl aktyor tamaşası yaratmağa
çalışırdı;
səhnə tərtibatında
teatrın klassik
monumental-romantik ənənələrinə
üstünlük verirdi;
tamaşalarının ideyaları
aydın və ifadəli alınırdı;
həm milli, həm də tərcümə komediyalarında
Azərbaycan karnaval estetikasının ənənələrindən,
«qaravəlli» xalq teatrı prinsiplərindən
bacarıqla bəhrələnirdi;
hazırladığı tamaşalarda
sürət-ritm sabitliyinə
nail ola bilirdi;
tutumlu və bitkin ideyaya nail olurdu.
Dövlət teatrında işləməklə
yanaşı, Məmmədkamal
Kazımov həmçinin
Xətai Mədəniyyət
sarayı nəzdindəki
Xalq teatrına uzun illər rəhbərlik edib. Bu kollektivdə otuzdan çox tamaşa hazırlayıb. Onun dərnəyində
çalışmış həvəskarların bir qismi hazırda müxtəlif dövlət
teatrlarında işləyirlər.
Aktyor və rejissor Məmmədkamal Kazımov xeyli ekran əsərinə də çəkilib. «Azərbaycanfilm»
kinostudiyasında istehsal
edilmiş «Ad günü»
(Bufetçi), «Qanlı
zəmi” (Kəndli), «Qəzəlxan» (Kişi),
«Özgə vaxt» (Əli), «Bir cənub şəhərində
(Davud), «Yol əhvalatı» (Şəmsi
dayı), «Qətl günü» (Vəzir), «O dünyadan salamlar» (Hacı Səməd), «Ümid» (Qoca kəndli), “Güllələnmə
təxirə salınır»
(Fiş), «Məkanın
melodiyası (Qafar), «Şahid qız» (Zavod işçisi), «Mənim ağ şəhərim» (Tramvay sürücüsü), «Yuxu»
(Qəsəbə sakini),
«Qara «Volqa» (Səlimzadənin atası)
ekran əsərlərində
müxtəlif xarakterli
rollar oynayıb.
Onun ekran obrazlarında tipik-xarakterik
səciyyələr və
milli kolorit, təbiilik və səmimiyyət aktyorun ifasına xüsusi cazibə, ürəyəyatımlı
məlahət verib. Bütün rolları
həcmcə kiçikdir.
Ancaq bu kiçiklikdə kifayət qədər bədii tutum var.
Həyatda çox sadə və təvazökar idi. Cəsarətlə deyə bilərəm
ki, sənətə heç bir vaxt zərrə qədər də təmənna güdmədən
şərəflə, məhəbbətlə,
coşqun ehtirasla qulluq edib. Gözəl və iti yaddaşı
vardı. Mən özüm
1940-1950-ci illərdə Akademik
Teatrın repertuarı
ilə bağlı müəyyən çətinliklərlə
qarşılaşanda ona
müraciət edərdim.
O da şövqlə,
bir dünya sevinclə yaddaşını
vərəqləyib sullarımı
cavablandırardı. Xüsusən Ədil İsgəndərovun
quruluşlarında mizanları
da əzbərdən söyləyərdi. Məhz elə
buna görə də Ədil müəllim xəyanətkarcasına
teatrdan uzaqlaşdırıldıqdan
sonra «Vaqif» tamaşasının yeni heyətlə bərpası
məhz Məmmədkamal
Kazımova tapşırıldı.
Uzun illər bu tamaşada Vaqif, Qacar, İbrahim
xan, Vidadi, Gülnar, Əli bəy, Kürd Musa,
Tamara... rollarına daxil
olan yeni aktyorlarları Məmmədkamal
Kazımov məşq
edərək səhnəyə
hazırlayıb.
Məmmədkamal Kazımov 24 may 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi
fəxri adı ilə təltif edilib.
Aktyor və rejissor Məmmədkamal Kazımovun
sadəliyindən və
səmimiyyətindən, sənətə
heyranlığından qızına
və nəvəsinə
də pay düşüb.
Qızı Vəfa Novruzova
teatrşünasdır, bir
müddət Akademik Milli Dram Teatrında redaktor işləyib.
Hazırda Mədəniyyət və Turizm Nazirliyində çalışır.
Nəvəsi Xədicə Novruzlu
5-6 yaşlarından Akademik
Milli Dram Teatrının
tamaşalarında çıxış
edir. Hazırda teatrın truppasındadır,
iyirmiyə qədər
rol oynayıb.
Bir anlığa
milli teatrımızın
salnamə-tarixindən, o cümlədən
də Akademik Teatrın zəngin yaradıcılıq yolundan
fədakar sənət
aşiqlərinin adlarını
və onların sadə, ancaq əhatəli bədii irsini çıxartsaq, böyük bir boşluq əmələ gələr. Bu insanların
sənət taleyi geniş mənada Azərbaycan teatrının
naxışlı ilmələridir.
O naxışların içərisində
Məmmədkamal Kazımovun
sənət butasının
öz yeri, öz hüsnü, öz təravəti və ən nəhayət, öz çəkisi var...
İlham Rəhimli
Mədəniyyət. - 2013. - 29 noyabr.
- S.11.