Yazıçı-publisist Natəvan Dəmirçioğlunun 50 illik yubileyi qeyd olundu

 

 

Noyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlunun 50 illik yubileyi qeyd edildi.

 

İlk olaraq səhnəyə çıxan Natəvan Dəmirçioğlu tədbirə qatılanlara təşəkkürünü bildirdi və yaradıcılıq yolunda ona dəstək olan bütün insanlara minnətdarlığını ifadə etdi.

Sonra yubilyar haqqında sənədli film təqdim olundu. Filmdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, Mədəniyyət və İncəsənət Universitetinin professoru Aqşin Babayev, digər tanınmış ziyalılar və ədəbiyyat xadimlərinin yazıçı-publisistin yaradıcılıq yolu və əsərlərinin səciyyəvi xüsusiyyətləri haqqında öz düşüncələri yer almışdı.

Sonra tədbirin rəsmi hissəsi başlandı. İlk olaraq təbrik üçün söz professor Nizaməddin Şəmsizadəyə verildi. O, bildirdi ki, Natəvan Dəmirçioğlunun yaradıcılığı ilə 2004-cü ildən tanışdır: “Yaddaş” mükafatı komissiyasının sədri kimi onun müsabiqəyə təqdim olunanYetimpovestini oxudum. Povest komissiyanın qərarı ilə “Qılınc və qələm” mükafatına layiq görüldü. “Üç nöqtə”, “Səbət”, “Yetim” povestlərində müəllifin türkçülük ruhu özünü göstərir. Mənim üçün yazıçı dilə münasibətdən başlanır. Natəvan xanım ən böyük sərvətimiz olan dilimizin hər sözünə nəsrin fəzasında nəzər salmağı bacarır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alanda dissertasiya müdafiəsi zamanı onun opponenti olmuşam. Ona yeni uğurlar arzulayıram”.

Professor Nizami Cəfərov müəllifin yaradıcılığının özəlliklərinə diqqət yetirdi: Türkün mifoloji düşüncə tərzi, etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin türk dini - Tanrıçılıq görüşləri, aydın dilyaddaşda qalan obrazlar. 90-cı illərin ədəbi nəslinə mənsub Natəvan Dəmirçioğlunun yazılarında bunları görmək mümkündür. Bu deyimlərin maddi sübutu onun əsərlərində öz əksini tapıb”.

Professor Aqşin Babayev: “Mən Natəvan xanımın elmi rəhbəri olmuşam. Onun əsərləri müxtəlif dillərə tərcümə edilib. Çox zəhmətkeş və məhsuldar yazıçıdır. Onu yubiley münasibətilə təbrik edir, uğurlar arzulayıram”.

BDU-nun professoru Buludxan Xəlilov, rəssam Qafar Sarıvəlli və digər çıxış edənlər də yazıçının yaradıcılığından söz açdılar, təbriklərini çatdırdılar. Bildirildi ki, Natəvan Dəmirçioğlu yaradıcılığa orta məktəb illərindən başlayıb, ilk yazıları Qazax rayonunda “Qalibiyyət bayrağı” qəzetində 1980-ci illərdə çap edilib. SonraUlduz” və “Azərbaycan” jurnallarında hekayələri geniş oxucu auditoriyasına təqdim edilib. Aydın və rəvan dil üslubu, orijinal yanaşma tərzi, bitkin obrazlarla səciyyələnən əsərləri Natəvan Dəmirçioğlunu istedadlı nasir kimi tanıdıb. Yazıçının povest və hekayələrindən ibarət “Birinci kitab”ının taleyi uğurlu olub. KitabKniqa pervaya” adı ilə Moskvada da çap olunub. Eyni zamanda yazıçının “Üç nöqtə” və “Səhər” povestləri əsasında radio tamaşalar hazırlanıb.

Natəvan Dəmirçioğlu 1989-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, həmin ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. Müxbir, redaktor işləyib. 1995-ci ildə Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri təyin edilib. Efir üçün hazırladığı materiallar geniş dinləyici auditoriyası qazanıb. 1999-cu ildə Prezident təqaüdünə layiq görülüb. Yazıçı hazırda BDU-nun jurnalistika fakültəsində dərs deyir, filologiya üzrə fəlsəfə doktorudur.

Gecədə çıxışlar rəngarəng musiqi nömrələri ilə əvəzləndi. Mərasimdə iştirak edən millət vəkili Jalə Əliyeva yubilyara təbriklərini qəzetimiz vasitəsilə ünvanladı: “Qələm əhli gələcəyin mənəviyyatının yaradıcısıdır. Bu sahədə yaradıcı qadınlarımızın rolu çox əhəmiyyətlidir. Qadının qələmindən çıxan sözlərin təsiri daha güclü olur. Bu baxımdan Natəvan xanımın da yaradıcılığı bu məzmunu özündə əks etdirib. Yubilyarı təbrik edirəm, arzum budur ki, bundan sonra yazacağı əsərlərlə də özündən sonra gələn nəsillər üçün bir nümunə qoysun”.

 

 

 

Lalə Azəri

 

Mədəniyyət. - 2013. – 29 noyabr. - S.10.