Gənc musiqiçilərin konserti

 

Bülbül adına orta ixtisas musiqi məktəbi və Bakı Musiqi Akademiyasının məktəb-studiyasının yetişdirdiyi istedadlar Azərbaycan musiqisini ölkəmizdə və dünyada layiqincə təmsil edib və bu ənənələr davam etməkdədir. Bu gün də tədris ocaqlarında gələcəyin peşəkar musiqiçiləri

hazırlanır.

Noyabrın 23-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsert salonunda iki tədris müəssisəsi şagirdlərinin birgə konserti keçirildi. Konsertin keçirilməsində məqsəd Bülbül adına orta ixtisas musiqi məktəbi və Bakı Musiqi Akademiyasının məktəb-studiyasının uğurlu əməkdaşlığını və qabaqcıl şagirdlərin ifasını nümayiş etdirmək idi.

Konsertdə Azərbaycan, Avroparus klassik bəstəkarlarından Q.Qarayev, T.Quliyev, S.Prokofyev, A.Vivaldi, V.Motsart, F.Şopen, P.Boni, V.Bellini, S.Raxmaninov, F.List və başqalarının əsərləri səsləndirildi.

Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri - respublika və beynəlxalq müsabiqələr laureatları Atabəy İsmayılov (Prezident təqaüdçüsü, tar, IX sinif), Ərol Rzayev (viola, VI sinif), Mərziyyə Hüseynova (vokal, X sinif), Cəmilə Əsgərzadə (violin, IX sinif), Vurğun Vəkilov (Prezident təqaüdçüsü, fortepiano, X sinif), Aydın Zeydullayev (saksafon, VIII sinif) ifalarını təqdim etdilər. Həmçinin məktəb-studiyada təhsil alan, respublika və beynəlxalq müsabiqələrin laureatları Emil Hüseynov (violin, V sinif), Firuzə Bəylərova (Prezident təqaüdçüsü, fortepiano, VII sinif), Günel Hacıyeva (fortepiano, VII sinif), Anar Hacıyev (marimba, VII sinif), Murad Abbasov (Prezident təqaüdçüsü, fortepiano, X sinif), Vüsalə Babayeva (Prezident təqaüdçüsü, fortepiano, XI sinif) və başqalarının ifası dinlənildi.

Hər iki musiqi təhsili ocağının şagirdləri yüksək peşəkarlıq nümayiş etdirdilər, İfaları müəllimlərinin və dinləyicilərin könlünü oxşadı.

 

 

Fərdin Məmmədli

 

Mədəniyyət. - 2013. – 29 noyabr. - S.10.