“Yeddi gözəl”
- musiqi sənətinin
mirvarisi
Xəbər verdiyimiz kimi,
noyabrın 23-də Belarus Milli Akademik Böyük Opera və
Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olub. Belarus teatrının quruluşunda
təqdim edilən balet Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və
Dövlət Akademik Opera
və Balet Teatrının dəstəyi
ilə hazırlanıb.
Premyerada iştirak edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva ilə görüşüb “Yeddi gözəl”in Belarus səhnəsində uğuru haqqında təəssüratlarını öyrəndik. Dahi bəstəkarımızın əsərinin Belarus teatrında təqdimatını böyük bir mədəniyyət hadisəsi kimi dəyərləndirən şöbə müdiri bu fikrin premyerada iştirak edən Belarus mədəniyyət naziri tərəfindən də vurğuladığını dedi: “Premyera təkcə Azərbaycanla Belarus arasında mədəni əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi deyil, həm də Azərbaycan musiqisinin, görkəmli bəstəkarlarımızın yaradıcılığının xarici ölkələrdə böyük maraqla qarşılanmasının nümunəsidir. Qara Qarayevin “Yeddi gözəl” baleti dünya miqyasında musiqisinin dolğunluğuna, orijinallığına, həmçinin balet dramaturgiyasını ifadə edə biləcək tələblərə cavab vermək baxımından XX əsrdə yaranmış ən maraqlı əsərlərdən biridir. Elə bu səbəbdən də əsər daima diqqət mərkəzindədir”.
Fərəh Əliyeva bildirdi ki, Belarusda nümayiş olunan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Yuri Puzakov sanki baletin ilk tamaşasını, 50-ci illərdə səhnəyə qoyulan variantını həyata qaytardı: “Yuri Puzakov özü də qeyd etdi ki, hələ gənc yaşlarında balet məktəbini bitirdikdən sonra, Kiyevdə işlədiyi zaman “Yeddi gözəl” əsərində balet artisti kimi çıxış edib. Maraqlıdır ki, o, baletin ilk quruluşçusu və xoreoqrafı Pyotr Qusevin tələbəsi olub. Belarusda nümayiş olunan tamaşa sanki baletin Qara Qarayevin sağlığında səhnəyə qoyulmuş variantının əzəmətini, süjet xəttini özündə saxlayır. Əlbəttə, libretto işlənərkən üzərində cüzi dəyişikliklər edilib, amma bu, balet musiqisinin dolğunluğuna xələl gətirmir və təqdirəlayiq haldır ki, əsərin bütün partiturası burada tam səslənib. Biz buna Qara Qarayev baletinin ilkin redaksiyasının yenidən dirçəlişi kimi də baxa bilərik”.
Həmsöhbətim qeyd etdi ki, orkestr də əsəri çox gözəl ifa edib. Təcrübəli dirijor Vyaçeslav Voliçin rəhbərlik etdiyi orkestrin üzvləri əsrarəngiz ifaları ilə tamaşaçıların könlünü oxşayıb: “Hiss olunurdu ki, yaradıcı heyət balet üzərində böyük həvəs və məsuliyyətlə işləyib. Bizə bildirildi ki, əsər teatrın repertuarında daimi yer tutacaq. Bu bizi, sözsüz ki, sevindirdi. Minskdə olduğumuz zaman müxtəlif informasiya vasitələrində, televiziya kanallarında premyera ilə bağlı məlumatlara geniş yer ayrıldı”.
* * *
Qeyd edək ki, Azərbaycan-Belarus arasında sıx əməkdaşlıq kontekstində mədəni əlaqələrin xüsusi yeri var. Son illər bu əlaqələr daha da intensivləşib.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Belarusda keçirilən mədəniyyət günləri çərçivəsində V.Medvedevin quruluşunda “Yeddi gözəl” baletini nümayiş etdirmişdi. Bu il isə Belarus Opera və Balet Teatrının solisti Vladimir Qromov Azərbaycan peşəkar teatrının 140 illik yubileyinə həsr edilmiş “Bohema” tamaşasında çıxış edib. Bundan əlavə, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev Minsk Komediya Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” tamaşasına quruluş verib. Tamaşanın premyerasında azərbaycanlı solistlər İnara Babayeva və Fərid Əliyev çıxış ediblər.
Bu ilin iyununda Bakıda Belarus mədəniyyət günləri keçirilib. Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Minskdə qastrol səfərində olub, belaruslu rejissor Natalya Başeva Bakıda və Sumqayıt Musiqili Dram Teatrında iki əsər səhnələşdirib. Xalq artisti Yalçın Adıgözəlzadə Minsk Filarmoniyasında konsert proqramı ilə çıxış edib, konsertdə Xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamlarımızı belaruslu tamaşaçılara təqdim edib. Bütün bunlar iki ölkə arasında mədəni əlaqələrin davamlılığının sübutudur.
* * *
“Yeddi gözəl” baletinin Belarusda premyerası bu əlaqələrdə yeni səhifə açıb. Ölkənin mətbuat orqanlarında yaradıcı heyətin premyera barədə fikirləri dərc edilib. Onlardan bəzilərini oxucularımıza təqdim edirik.
Yuri Puzakov (libretto müəllifi və quruluşçu rejissor):
- Sənət yolumda dahi Azərbaycan bəstəkarı Qara Qarayev musiqisi ilə tanış olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bəstəkarın musiqisi xoreoqraf kimi bütün millətlərin dilində danışmağı bacarır. Elə bu səbəbdən də baletin quruluşu zamanı, bu gün aramızda olmasa da, yaratdığı musiqi vasitəsilə dahi bəstəkarın düşüncələri ilə əlaqə yaratmaq mümkün olur. Bəstəkarın musiqisi həmişə olduğu kimi, yenə də ürəklərimizdə sevinc, enerji və optimizm kimi hisslərin baş qaldırmasına nail olur. Əsərin üslub gözəlliyi, əlvanlığı qəlbləri coşdurur. Dolğun musiqi irsi imkan verir ki, baletin partiturasında yeni intonasiyaları tarixi rəqslərin dili ilə çatdıra biləsən. Baletin insan mənəviyyatının zənginliyi, sevginin insan həyatının başlıca amili kimi təqdim edilməsi başqa quruluşçular kimi məni də ilhamlandırdı. Bu əsər üzərində işləməyi mənə təklif etdikləri üçün teatra minnətdaram. Vaxtilə müəllimim P.Qusev mənə deyərdi ki, əsas tamaşaçını inandırmaqdır. İnanıram ki, bu premyerada biz tamaşaçıları sevindirə və inandıra bildik.
Vyaçislav Voliç (dirijor):
- İlk dəfə “Yeddi gözəl” baletini tələbəlik illərində izləmişdim. Hələ o zaman Qara Qarayev musiqisinin ecazkarlığı və Şərq koloriti, musiqiyə müasir baxışları və eyni zamanda milli köklərə bağlılığı məni heyran etmişdi. Bu gün heyran olduğum musiqiyə dirijorluq edirəm. Təcrübə və fərdi yanaşma baxımından əvvəlki kimi yenə də məftun oluram. “Yeddi gözəl” baleti sənət mirvarisidir. Nizami və Qara Qarayev dühası. Bu iki dahinin düşüncələrinə xoreoqraf tərəfindən maraqlı yanaşma var. Mənim üzərimə düşən məsuliyyət tamaşada Qara Qarayev musiqisinin bütöv səslənməsi idi. Buna görə də biz bütün variantlardan istifadə etdik. Baletin Belarusda tamaşaya qoyulması mədəni əlaqələrin genişlənməsi və mübadiləsində mühüm addımdır. Ona görə ki, biz kino, teatr, musiqi və kitablar vasitəsilə başqa xalqların mədəniyyəti və adət-ənənələrini öyrənmiş oluruq.
Aleksandr Kostuçenko (quruluşçu rəssam):
- Mənim üçün “Yeddi gözəl” baleti gözəl bir Şərq nağılıdır. Sözsüz ki, bu nağıldan aldığım təsiri, hiss etdiklərimi tamaşaçılara da çatdırmaq istəmişəm. İstəmişəm ki, tamaşada bütün hadisələr sehrli Şərq peyzajında baş versin. Dekorasiyaları da bu düşüncə ilə yaratmışam. Milli rəsm dekorasiyaları, ərəb ştrixləri və Azərbaycan xalçalarının nümunələri. Tamaşa hazırlanarkən məqsədimiz hər kəsin üzərinə götürdüyü işi layiqincə yerinə yetirməsi idi. İnanıram ki, buna nail olduq.
Xatırladaq ki, tamaşanın geyim üzrə rəssamı Yekaterina Bulqakova, işıq rəssamı İldar Bederdinov, xoreoqraf assistenti Valeriya Vopnyarskaya, ikinci dirijoru isə Andrey İvanovdur.
Bəli, dünyaca məşhur baletin növbəti premyerası ilə Qara Qarayev musiqisi və Azərbaycan mədəniyyəti bir daha öz möhtəşəmliyini sübut etmiş oldu.
Lalə Azəri
Mədəniyyət. - 2013. - 29 noyabr.
- S.9.