İncə
ruhun şeir
işığında
Nigar Rəfibəylinin 100 illik yubiley gecəsi
İnsan hissləri ilə ali,
bənzərsiz və gözəldir. Onu poetik dilə çevirdikdə, şeir nümunəsi kimi
qəlbində qol-qanad verdikdə bir az da
gözəlləşir, ülviləşir, munisləşir.
Ürəyin səsi sözlərə calanıb tel-tel olur. Səmimi,
içdən və dürüst, təbii
ifadələr qəlibsiz, bənd-rədifsiz də ürəkləri
riqqətə gətirə bilir. Yaşanan halın izahı kimi
bütün orijinallığı, təbiiliyi
və ən əsası, inandırıcı olması və
həqiqət yükü ilə dəyərlənir.
Azərbaycan ədəbiyyatında Nigar Rəfibəyli
poeziyası bu mənada çox
qiymətli və özünəməxsusdur.
Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Xalq şairinin 100 illiyi geniş şəkildə, müxtəlif tədbirlərlə qeyd olunur. Noyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin yubiley gecəsi keçirildi. Gecədə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmilər, millət vəkilləri, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əhatə edən “Şanlı nəsillərin yadigarıyam” adlı kitab sərgisi ilə tanış oldular.
Yubiley gecəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Nigar Rəfibəyli poeziyası, onun ədəbiyyatımızdakı yeri barədə danışdı: “Azərbaycan mədəniyyəti tarixində qədim zamanlardan bu günümüzə qədər çoxlu qadın sənətkarlar olmuş, onlar incəsənətin ən müxtəlif sahələrində - musiqidə, rəssamlıqda, teatr və kinoda bir-birindən gözəl örnəklər yaratmışlar. Belə gözəl sənətkarlardan biri də Xalq şairi Nigar Rəfibəylidir. O, XX əsr Azərbaycan poeziyasında özünəməxsus, ustad qələm sahibidir. Azərbaycan oxucusu bu imzaya həm onun sağlığında, həm də sonrakı illərdə rəğbət bəsləmişdir”.
Qeyd olundu ki, Nigar xanım Azərbaycanın istiqlal uğrunda mübarizə aparan və buna görə sovet hökuməti tərəfindən hədsiz iztirablara düçar edilən böyük bir nəslin nümayəndəsidir: “Ata-babalarının şöhrətli olması sonralar Nigar xanımın həyatında bir çox çətinliklər yaratmışdır. Bu sınaq illərində ona ömür-gün yoldaşı, böyük şair Rəsul Rza arxa, dayaq olmuşdur. Olduqca ziddiyyətli, ideologiyanın təzyiqi altında sıxılan bir sistemdə yaşamasına baxmayaraq, Nigar xanım gənclik illərindən şair adını təsdiqləyə bilmiş, Azərbaycan və dünya ədəbiyyatının zəngin ənənələrini mənimsəyərək qadın qəlbi kimi zərif, unudulmaz əsərlər yaratmışdır. Nigar Rəfibəylinin anadan olmasından keçən yüz il ərzində iki dünya müharibəsi olmuş, inqilablar baş vermiş, Azərbaycan iki dəfə öz müstəqilliyinə nail olmuşdur. Dövrün söz ustadları olan Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm kimi sənətkarlarla yanaşı Nigar Rəfibəylinin də yaradıcılığı ötən yüz ilin canlı salnaməsidir”.
Xalq şairinin ədəbi irsinə dövlət tərəfindən daim diqqət göstərildiyini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin vaxtilə Gəncədə Nigar Rəfibəylinin abidəsinin açılışında Rəfibəylilər nəslinin tariximizdə yeri, Nigar xanım və Rəsul Rzanın ailəsi haqqında dediyi xoş sözləri yada saldı: “Ulu öndərimiz bu ailənin Azərbaycana iki Xalq şairi, bir Xalq yazıçısı bəxş etdiyini dilə gətirmiş, beləliklə, Nigar Rəfibəylinin də, Rəsul Rzanın da, Anarın da xalqımızın mədəni dəyəri olduğunu vurğulamışdır”.
Qeyd olundu ki, Nigar Rəfibəyli bənzərsiz şair olmaqla yanaşı, həm də dünya ədəbiyyatının dəyərli örnəklərinin dilimizə tərcüməçisidir. O, böyük söz dühası Məhsəti Gəncəvinin rübailərini çağdaş türkçəmizə çox yüksək səviyyədə çevirib. Mahnı yaradıcılığında da Nigar Rəfibəyli adının xüsusi yeri var. Onun sözlərinə yazılmış musiqilər də şeirləri kimi xalqın yaddaşına hopub, mənəvi zövqünü zənginləşdirib. Bu gün də bu mahnılar dillər əzbəridir, müğənnilər tərəfindən sevilərək ifa olunur.
Nazir ölkə başçısının müvafiq sərəncamına əsasən Xalq şairinin yubileyi münasibətlə keçirilən silsilə tədbirlər, xatirə gecələri barədə məlumat verdi. Bildirildi ki, Xalq şairinin ədəbi nümunələri poetik təravətini heç vaxt itirməyib və dəfələrlə çap olunub: “Ölkə Prezidentinin sərəncamına əsasən şairin əsərləri latın qrafikası ilə də nəşr olunaraq respublika kitabxanalarına paylanıb. Bundan başqa, yubiley çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nigar Rəfibəylinin yaradıcılıq nümunələrinin əks olunduğu iki kitab da çapdan çıxıb”.
Şairənin oğlu, Xalq yazıçısı Anar çıxış edərək Nigar Rəfibəyli yaradıcılığına, Azərbaycan ədəbiyyatına və onun təmsilçilərinə olan diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirdi: “Prezidentin müvafiq sərəncamı ilə Nigar Rəfibəylinin yubileyi ölkəmizin hüdudlarından kənarda da yüksək səviyyədə qeyd edilir. Buna görə də ailəmiz adından İlham Əliyev cənablarına xüsusi təşəkkürümü bildirirəm. Nigar xanımın şeirləri və onun haqqında materialların toplandığı iki nəfis tərtibatlı kitabın nəşrinə görə Mədəniyyət və Turizm Nazirliyinə ayrıca minnətdarlığımı bildirirəm”.
Çıxışlardan sonra Nigar Rəfibəyli poeziyası, yaşantıları və həyatının dolğun məqamlarının orijinal səhnə forması təqdim olundu. Zalda əyləşən hər kəs mənalı şair ömrü, əbədi poeziya sevgisi və iki böyük şairin tükənməz məhəbbətinin əbədi ömrünə bir neçə dəqiqə içərisində səyahət etdilər. Rəsul Rza və Nigar Rəfibəyli obrazlarını Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Mehriban Zəkinin təqdimatında heyranlıqla izlədilər. Tanışlıqlarından ömürlərinin sonunadək keçən acılı-şirinli illər, təlatümlü dönəmlər, intizarlı ayrılıqlar, şirin vüsallar, əbədi, əcəl ayrılıqları şairənin şeir dünyasının inciləri ilə qəribə bir ecaz dolu səhnə yaratdı. Poetik tamaşanı şairənin şeirlərinə yazılan musiqi nümunələri daha da rəngarəng, möhtəşəm etdi.
Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının şövqlə ifa etdikləri “Bakı”, “Üzüyünün qaşı füruzədəndir” mahnıları, əməkdar artistlər Aygün Bəylər, Almaz Orucova, Güllü Muradovanın məharətlə dilləndirdikləri məşhur mahnılar, şairənin nəğməyə dönüb sevən könülləri ovsunlayan “Ala gözlüm” parçası xüsusi alqış, səs-səda doğurdu. Səhnədən ilğım kimi yayılan şeriyyətin xoş, kövrək, kədər və sevincli hərarəti hər kəsi təsirləndirdi, ayrı bir aləmə, ruh dünyasına qovuşdurdu.
Həmidə
Nizamiqızı
Mədəniyyət. - 2013. - 29 noyabr.
- S.8.