“Kimlər gəldi, kimlər getdi

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Heydər Əliyev Sarayında Azərbaycan estradasının bənzərsiz ifaçısı, Xalq artisti Mirzə Babayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tamaşaçıları unudulmaz sənətkarın yaradıcılıq dünyasına aparan gecə fərqli səhnə tərtibatı, orijinal proqramı, maraqlı çıxışlarla yadda qaldı.

 

Səhnədə Bakının geniş panoramı canlanırdı. Parlaq dekorasiya, avanqard fikirlər ideyalar geniş yer almışdı. Konstruktivlik, hərəkət işıq göz qamaşdırırdı. Maraqlı rejissor ideyası, quruluşçu rəssam işi tamaşaçıda heyranlıq doğururdu.

Sənətkarın mədəniyyət tariximizdə açdığı cığırlardan həzin bir səslə söz açan aparıcı Nərgiz Cəlilova gözlənilmədən üzünü Mirzə Babayevin səhnədəki şəklinə tutdudedi: “Mirzə dayı, bəlkə bu yubiley gecəsinə aparıcılığı sən özün edəsən?” Bu zaman videoçarx işə düşdü, ekranda Mirzə Babayevin səsi eşidildi: “Nə olar, edərəm”. Və həyatı, sənət tərcümeyi-halı barədə danışmağa başladı:

- 1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində anadan olmuşam. 1935-1940-cı illərdə Bakı Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışam. Musiqiyə olan böyük marağım məni 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. Professor Bülbülün sinfində oxudum. 1953-cü ildə təhsilimi başa vurdum. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışdım. Radionun qızıl fondunda xeyli mahnılarım saxlanılır.

Bir aktyor kimi Azərbaycan kinosunun inkişafında da əməyim var. Çəkildiyim filmlər mənə şöhrət gətirib. “Dərviş Parisi partladır” və “Dəli Kür”də Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası rollarını oynamışam. “Qorxma, mən səninləyəm!”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərində də yaratdığım obrazlar kino sənətimizin şərəfli səhifələrinə aiddir. Bir çox filmlərdə mahnı ifa etmişəm.

Yaradıcılıq yolum çoxşaxəli olub. Memar və rəssam kimi də tanınmışam. Azərbaycan Memarlar İttifaqının üzvü olmuşam. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində layihəm əsasında binalar tikilib.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Xalq artisti fəxri adını almış, Prezident təqaüdünə layiq görülmüşəm. 2002-ci il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olundum.

Sənətkarın bu sürpriz “özünütəqdimat”ından sonra Xalq artisti Azər Zeynalov Mirzə Babayevin ən çox sevdiyi şair - Zeynal Xəlilin sözlərinə bəstələnən “Kimlər gəldi, kimlər getdi” mahnısını ifa etdi. Həzin nəfəsi ilə tamaşaçı qəlbinə soyuq kövrəklik gətirdi. Bir daha üzünü görkəmli sənətkara tutaraq dedi:

- Mirzə dayı, ifa etdiyiniz onlarla mahnınız arasında hansını şah əsəriniz sayırsınız?

- Mənim böyük ürəklə ifa etdiyim mahnılar içərisində şah əsərim “Azərbaycan” mahnısıdır. Hər iki sənətkar “Azərbaycan” mahnısını ifa etdi və sürəkli alqışlarla qarşılıq aldılar.

Tədbirdə “Dan ulduzu” və Mahnı Teatrının ansambllarının müşayiəti ilə Flora Kərimova, Azər Zeynalov, GülyanaqGülyaz Məmmədovalar, Samir Cəfərov, Vaqif Şıxəliyev, İlqar Muradov, Bəyimxanım Vəliyeva, Vüqar Muradov, Abbas Bağırov və “Qaya” ansamblı Mirzə Babayevin repertuarından mahnılar ifa etdilər. Yubiley gecəsi sürəkli alqışlarla başa çatdı.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.5.