“Məqsədimiz kitabxana sistemini müasir standartlara uyğunlaşdırmaqdır”
Vahid Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin təqdimatı keçirildi
Noyabrın 28-də Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Ultra” şirkəti
tərəfindən hazırlanmış
Vahid Mərkəzləşdirilmiş
Elektron Kitabxana Sisteminin (ALİSA) təqdimatı
keçirildi. Mərasimdə öncə Azərbaycanda
kitabxana sistemlərinin
inkişafından bəhs
edən sənədli
film nümayiş olundu.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev kitabxanaların müasirləşdirilməsi
istiqamətində görülən
işlərdən söz
açdı. Qeyd olundu ki, ölkə
Prezidentinin “Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli sərəncamına
və “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı”na uyğun olaraq bu sahədə
bir sıra layihələr həyata keçirilir. Nəticədə kitabxanaların maddi-texniki
təminatı, informasiya
texnologiyalarının tətbiqi
ilə bağlı vəziyyəti kifayət qədər yaxşılaşıb.
Bununla belə, kitabxana sisteminin günün tələbləri səviyyəsinə
çatdırılması üçün hələ
görüləcək işlər
çoxdur.
Bildirildi ki, indiyədək Azərbaycanda pərakəndə
kitabxana sistemlərinin
fəaliyyət göstərməsi,
bu sistemlər arasında inteqrasiyaya, eyni zamanda, müasir
standartlara cavab verən yanaşmanın tətbiqinə imkan vermirdi. Müasir texnoloji
yeniliklərə əsaslanaraq
qurulan vahid elektron kitabxana sistemi bu sahədə
çalışan əməkdaşların
işini asanlaşdırmaqla
yanaşı, mərkəzləşdirilmiş
idarəetmə və
oxuculara daha geniş xidmət imkanları yaradacaq: “Hazırda kitabxanalarda elektron kataloq, elektron kitabxana, habelə veb-saytların yaradılması işləri
həyata keçirilir.
Bu gün təqdimatı
keçirilən ALİSA sistemi
bu istiqamətdə görülən işlərin
bariz göstəricilərindədir.
Cənab
Prezidentin göstəriş
və tapşırıqları
əsasında hazırlanmış
Dövlət Proqramı
bizim üçün
yol xəritəsi rolunu oynayır, hansı işləri həyata keçirməli
olduğumuzu aydın nümayiş etdirir”.
Dünyadakı texnoloji yeniliklərə
toxunan nazir vurğuladı ki, böyük maliyyə və vaxt hesabına
ərsəyə gələn
ALİSA sistemi Azərbaycan
kitabxanaçılığına da yeni yanaşma
gətirəcək: “Biz uzun
zəhmətdən sonra
bu sistemi ərsəyə gətirə
bildik. Mütəxəssislər sistemin hazırlanma
prosesində dünyanın
ən qabaqcıl kitabxana sisteminin təcrübələrindən faydalanıblar. Hesab edirəm
ki, bu, bizim
kitabxana sistemi üçün olduqca vacib və əhəmiyyətli
bir işdir. Məqsədimiz Azərbaycanda kitabxana
sisteminin inkişafını
müasir standartlara uyğunlaşdırmaqdan ibarətdir”.
Ötən əsrin kitabxana
sisteminin artıq müasir dövrlə ayaqlaşmadığını vurğulayan Əbülfəs
Qarayev kitabxanaların
indiki dövrdə fəaliyyətinin yalnız
yeni texnologiya imkanlarından istifadə ilə mümkün olduğunu diqqətə çatdırdı: “Bu gün
dünyada sürətli
texnoloji yeniləşmə
baş verir. Bu inkişaf nəinki
illərlə, hətta
aylarla, günlərlə
ölçülür, proqramlarda
təkmilləşmələr aparılır. Bu səbəbdən kitabxana
sisteminin öz fəaliyyətini bu reallıqlara adekvat davam etdirməsi yalnız müasir informasiya texnologiyalarının
tətbiqi, xidmətin
müasir tələblər
səviyyəsində qurulması
ilə mümkündür.
Əks təqdirdə kitabxanalar özləri zamanla sıradan çıxacaqlar.
Bu sübuta ehtiyacı
olmayan aksiomadır.
Bu sahədə çalışan əməkdaşlar
da öz işlərinə yanaşma
tərzində yeniliklər
etməlidirlər. Biz gərək işimizi elə quraq ki, inkişaf etmiş ölkələr
sırasında geri qalmayaq, onlarla ayaqlaşa bilək. Bu baxımdan inanıram
ki, ALİSA sistemi kitabxanalarımızın dünya
kitabxana sisteminə inteqrasiyasına öz dəyərli töhfəsini
verəcək”.
Tədbirdə çıxış edən
rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov yeni sistemin tətbiqini
yüksək qiymətləndirdilər. Bildirildi ki,
kitabxana sahəsində
müasir texnologiyanın
tətbiqi artıq qaçılmazdır. Bu sahədə Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən layihələrin
əhəmiyyəti vurğulandı,
görülən işlərin
Azərbaycan kitabxanaçılığına
böyük səmərə
verəcəyi qeyd olundu.
Sonra “Ultra” şirkəti
idarə heyətinin üzvü Tahir Mirkişili və şirkətin digər əməkdaşları yeni
sistemin özəllikləri
ilə bağlı tədbir iştirakçılarına
ətraflı məlumat
verdilər, sistemin üstünlüklərindən danışdılar.
Bildirildi ki, sistemin bütün
elementləri müasir
Oracle platforması üzərində
hazırlanıb, istifadəçi
üçün asan interfeysə malikdir. Şirkətin əməkdaşları sistemin
tətbiqi zamanı kitabxanalarla sıx əməkdaşlıq etdiklərini,
dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən
yararlandıqlarını diqqətə
çatdırdılar, xüsusi
kitabxana işi üzrə mütəxəssis
komanda ilə çalışdıqlarını vurğuladılar. Qeyd
olundu ki, ALİSA ən son texnologiyaların
tətbiqi ilə işlənmiş veb əsaslı sistem olaraq komplektləşdirmə,
kataloqlaşdırma, oxucu
bazası, elektron kataloq, idarəetmə, ətraflı axtarış,
onlayn əməliyyatlar,
rezervasiya, müxtəlif
hesabatlar, kitab sifarişi, oxucuların qeydiyyatı və digər modullardan ibarətdir. İstifadəçi üçün maksimum asanlaşdırılan
sistem daim təkmilləşdiriləcək. Eyni zamanda ALİSA sisteminin tərkib hissəsi kimi xüsusi portalın yaradıldığı,
burada ölkənin bütün kitabxanalarının
saytlarına birbaşa
keçid imkanının
olduğu vurğulandı.
Çıxışlardan sonra tədbir iştirakçıları
sistemlə əyani tanış oldular, sistem vasitəsilə 50 saniyəyə əldə
olunan ilk oxucu bileti - plastik kart mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə
təqdim edildi.
Qeyd edək ki, ALİSA sistemi pilot layihə kimi artıq Bakı şəhərinin
Xətai, Nərimanov və Səbail rayonlarının mərkəzləşdirilmiş
kitabxana sistemlərində
tətbiq olunmağa başlanıb.
Sadiq Musa
Mədəniyyət.
- 2013. – 29 noyabr. - S.4.