Milli naxışlar” fortepiano silsiləsi

 

 

Noyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda tanınmış bəstəkar, Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Adilə YusifovanınMilli naxışlar” fortepiano üçün konsertlər kitabının təqdimatı oldu.

 

Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək bildirdi ki, toplu “Azərbaycanın bəstəkar və musiqişünas qadınları - xeyir və tərəqqi naminə” layihəsinin ilk nəşridir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan nəşrdə bəstəkar Adilə Yusifovanın milli naxışlarımız, tətbiqi sənət nümunələrimiz və muğamlarımıza həsr etdiyi fortepiano üçün 10 konsert pyesi toplanıb: “Silsilə əsərlər yaratmaq çox çətindir. Adilə Yusifova bu yaradıcılığı ilə bir növ incəsənətin növləri arasında körpü yaradır. “Milli naxışlar” fortepiano silsiləsini müəllif müxtəlif illərdə xalq dekorativ-tətbiqi sənət sərgilərini ziyarət edərkən yaradıb. Peşəkar rəssamlar, sənət ustaları yəqin heç fikirlərinə gətirməzdilər ki, bir gün onların əl işləri musiqi əsərinin bəstələnməsinə təkan verə bilər”.

Qeyd olundu ki, silsilə interlüdiyapostlüdiya ilə açılır, onun əsasını “Tuncay Məlik” adlı qədim Azərbaycan xalq mahnısı təşkil edir. Bunun ardınca 10 musiqi pyesi və rəsm əsəri bir yumağa yığılır. Onlar həm bütöv silsilə şəklində, həm də ayrı-ayrılıqda ifa oluna bilər.

Kitabı vərəqlədikcə bir sual ortaya çıxır: necə olur ki, keramika, təbərzin, ağac, parça, güllər, balıqqulağılar, xalçaya qamış xüsusi texniki işləmədən keçərək sənətkarın əllərində canlanır və bədii obraz qazanır. Bu sənət əsərlərinə diqqətlə nəzər yetirsəniz, bəstəkar Adilə Yusifovanın musiqisinin sirlərinə vaqif ola bilərsiniz.

Tədbirdə bəstəkarın “Yanar çıraq”, “Balıqqulaqları”, “Xalq şənliyi”, “Bir ağacın əfsanəsi”, “Çərçivədə çiçəklər”, “Parçaların əlvan şıltaqlığı”, “Qarabağ xalçası” və digər pyesləri Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Fəridə Əhmədbəyovanın ifasında səsləndirildi.

Sonda Adilə Yusifova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, imzası ilə yeni toplusunu musiqisevərlərə təqdim etdi.

 

 

 

Savalan Fərəcov

 

Mədəniyyət. - 2013. - 29 noyabr. - S.4.