Fransada Məhsəti Gəncəvinin 900
illiyinə həsr olunmuş sərgi və konsert
Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycan mədəniyyətinin Avropa ölkələrində
təbliği uğurla davam edir. Növbəti tədbirlər
görkəmli şair və mütəfəkkir
Məhsəti Gəncəvinin 900 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi çərçivəsində
Fransanın qədim Reyms şəhərində
keçirilir.
Noyabrın 28-də Reymsdə açılan sərgi tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılan sərgi iki həftə davam edəcək. Sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunur.
Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil ediləcək beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaq. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim ediləcək.
Noyabrın 30-da isə Avropanın ən
tanınmış musiqi məbədlərindən
sayılan Reyms Konservatoriyasında Məhsəti
Gəncəvinin 900 illik yubileyinə həsr
olunmuş gecə keçiriləcək. Proqramda klassik Azərbaycan musiqisi
ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov,
Samir Cəfərov və başqa
müğənnilərin ifasında Məhsəti Gəncəvinin
rübailərinə yazılmış mahnılar və
şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səslənəcək.
Mədəniyyət. - 2013. -29 noyabr.
- S.2.