“Azərbaycanfilm”in 90 yaşı qeyd olundu
“İnanıram ki, Azərbaycan kinosu bütün çətin
dövrlərini arxada qoyub və müasir zamana uyğun olaraq
yeni sənət zirvələrini fəth etməyə
özündə güc tapacaq”
Sentyabrın 30-da Nizami Kino Mərkəzində
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının 90 illik yubileyi təntənəli şəkildə
qeyd edildi. Yubileyin rəsmi hissəsi başlamazdan əvvəl
Nizami Kino Mərkəzinin qarşısında
tamaşaçıları kinomuzun ötən illərinə
aparan şou nümayiş etdirildi. Aktyorlar hərbi orkestrin ifa
etdiyi XX əsr musiqilərinin sədaları altında
kinostudiyanın ilk illərində istehsal edilmiş filmlərdən
səhnələr təqdim etdilər. Gözlər
önündə Bakının keçmiş ab-havası
canlandı.
Kinomuzun libası
Sonra Azərbaycan kinosunun fəxri
sayılan sənətkarlar - aktyor, rejissor, operator, ssenarist, rəssam
və bəstəkarlar, eləcə də uzun illər
kinostudiyada çalışan, kadr arxasında qalsalar da, ekran əsərlərinin
ərsəyə gəlməsində böyük xidmətləri
olan kino işçiləri qırmızı xalının
üzərindən keçərək Nizami Kino Mərkəzinə
daxil oldular. Mərkəzin foyesində də tədbir
iştirakçılarını sürprizlər gözləyirdi.
Burada yaddaqalan filmlərimizdə vaxtilə istifadə
olunmuş geyimlər və rekvizit nümunələri, kino sənətimizin
inkişafını əks etdirən sərgi təşkil
edilmişdi. Xalq artisti Rasim Balayev foyeyə daxil olarkən “Babək”
filmində (1979) istifadə etdiyi geyimi görüncə
nostalji dolu bu sözləri söylədi: “Bu mənim
geyimimdir, gör, bir illər nə tez keçib gedir”.
Bu arada Nizami Kino Mərkəzində
“Mahmud və Məryəm” filminin nümayişindən
çıxan gənclər də sərgiyə böyük
maraqla baxırdılar. Bir vaxtlar bu geyimlərdə məşhur
kino qəhrəmanlarımızı seyr etmişik.
Foyedə təşkil edilmiş sərgi
ilə tanışlıqdan sonra qonaqlar Əməkdar artist
Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” ansamblının
çıxışlarını dinlədilər. Burada da
bütün kino işçilərinin çöhrələrindən
xoş bayram ab-havası və əsl yubiley əhval-ruhiyyəsi
hiss olunurdu.
Dövlətin dəstəyi kino sənətinə yeni nəfəs
verdi
Yubiley mərasimi kinomuzun inkişaf
tarixindən bəhs edən videokadrların nümayişi ilə
başlandı. Təbrik üçün səhnəyə
ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev çıxdı. O, kino işçilərini təbrik
edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin
2013-cü il 6 avqust tarixli sərəncamına əsasən
“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin qeyd
olunması dövlətimizin kino sənətinə,
ümumilikdə mədəniyyətə diqqət və
qayğısının göstəricisidir.
Kinostudiyanın tarixinə qısa
nəzər salan nazir milli kino sənətimizin dünya
kinosunun inkişaf prosesi ilə uzlaşaraq bütün mərhələləri
keçdiyini vurğuladı. Bildirdi ki, 1923-cü ildə
kinostudiya yaranmış və səssiz filmlər çəkilmiş,
1936-cı ildə ilk səsli, 1950-ci illərin əvvəllərində
isə rəngli filmlər istehsal edilmişdir. 1980-ci illərədək
kinostudiya öz qaynar həyatını
yaşamışdır. Bu dövrdə kinostudiya yeni-yeni bədii
filmlər istehsal edirdi və kinematoqrafın bütün
janrlarını əhatə edən ekran əsərləri
sevilərək bu gün də izlənilir. Filmlərin
mövzuları da müxtəlif idi.
Nazir qeyd etdi ki, ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanda
kino istehsalı böhran dövrünü
yaşamışdır. Lakin ümummilli lider Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra, bütün
sahələrdə olduğu kimi, bu sahəyə də
böyük diqqət göstərildi, film çəkilişləri
bərpa edildi.
Son on ildə dövlət tərəfindən
kino istehsalına böyük dəstək göstərilib.
Dövlət başçısının 2008-ci il 4 avqust
tarixli sərəncamı ilə “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair Dövlət
Proqramı” təsdiq edilib: “Bu qayğı və dəstəyin
nəticəsi olaraq filmlərimizin bir çoxu beynəlxalq
kinofestivallarda uğurla nümayiş etdirilir, müxtəlif
mükafatlara layiq görülür. Sevindirici haldır ki, kino
istehsalına yaşlı nəsillə yanaşı, gənc
nəsil də qoşulmuşdur. İnanıram ki, Azərbaycan
kinosu özünün bütün çətin dövrlərini
arxada qoyub və müasir zamana uyğun olaraq yeni sənət
zirvələrini fəth etməyə özündə güc
tapacaq. Necə ki, Azərbaycan dövləti dünya
miqyasında öz sözünü yüksək kürsülərdən
deyə bilir, eləcə də kinomuz dünya arenasında
öz sözünü deyəcəkdir. Vaxtilə ulu öndər
Heydər Əliyev tərəfindən kinoya göstərilən
qayğı və diqqət bu gün Prezident İlham
Əliyev tərəfindən davam etdirilir və bunun da nəticəsi
özünü sübuta yetirməlidir”.
“Azərbaycanfilm”
Qafqazın ən böyük kino şəhərciyinə
çevriləcək
Daha sonra nazir ölkəmizdə
kino sahəsində görülən yeniliklər barədə
danışaraq Nizami Kino Mərkəzinin
açılışı, Dövlət Film Fondunun yeni
binasının istifadəyə verilməsi, kino sahəsində
özəl sektora imkanlar yaradılması, özəl kinoteatr
binalarının fəaliyyəti barədə
danışdı. Həmçinin qeyd etdi ki, bu ilin sonuna kimi
xarici şirkətlərin təcrübəsi əsasında
“Azərbaycanfilm” kinostudiyasının yenilənməsi layihəsi
hazır olacaq. Layihə əsasında yenidən qurulduqdan
sonra kinostudiya Qafqazın ən böyük kino şəhərciyinə
çevriləcək.
Kinostudiyanın beynəlxalq əlaqələrindən
danışan nazir yubiley tədbirində iştirak etmək
üçün ölkəmizə gəlmiş qonaqlara təşəkkürünü
bildirdi. Nazir çıxışını bu fikirlərlə
yekunlaşdırdı: “Bir daha kino sahəsində dünən
və bu gün çalışan bütün insanları təbrik
edirəm. Kino yüzlərlə insanın əməyinin nəticəsində
yaranır. Kino tariximizdə əməyi olan hər kəsin zəhməti
qarşısında böyük ehtiramımı bildirərək
gələcək fəaliyyətinizdə uğurlar diləyirəm”.
Nazirin
çıxışından sonra “Heydər Əliyev və Azərbaycan
kinosu” adlı sənədli film nümayiş olundu.
Daha sonra çıxış edən
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova,
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov
ölkəmizdə kino sənayesinə göstərilən
diqqət və qayğıdan danışdılar, kino
tariximizə qısa nəzər saldılar. Bildirildi ki, bu
gün tanınmış kino xadimlərimiz məhz kino sahəsinin
əsas yaradıcılıq məkanı olan kinostudiyadan bəhrələniblər.
Şəfiqə Məmmədova Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının yubileyə əliboş
gəlmədiyini, 20 nəfər kino veteranına pul
mükafatları təqdim edəcəklərini bildirdi.
Qonaqların
təbrikləri və yubileyə musiqi payı
Ukrayna Kinematoqrafçılar
İttifaqının sədri Sergey Trimbaç, Avrasiya
Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Riqa
kinostudiyası idarə heyətinin sədri Vents Horsts,
Çexiyanın “Barrandov” kinostudiyasının direktoru Petr
Tiçı, “Özbəkfilm” kinostudiyasının direktoru
Fayziraxmon Usmanov və digər qonaqlar çıxış edərək
“Azəbaycanfilm”in 90 illik yubileyi münasibətilə ürək
sözlərini söylədilər.
Tədbirdə Azərbaycan kinosunun
inkişaf tarixindən bəhs edən kadrlar, “İlham
Əliyev və Azərbaycan kinosu. Gələcəyə
baxış” adlı sənədli videorolik nümayiş
olundu. Yubiley gecəsi Xalq artisti, dirijor Teymur Göyçayevin
rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera
Orkestrinin və Azərbaycan incəsənət
ustalarının ifasında musiqi proqramı ilə başa
çatdı.
Lalə
Azəri
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 3.