“Qarabağın
mədəni irsini qoruyaq”
Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın mədəni irsini qoruyaq” mövzusunda tədbir keçirildi.
Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçilərinin də qatıldığı tədbirin iştirakçıları əvvəlcə Qarabağın qədim və zəngin mədəniyyətini əks etdirən sərgi ilə tanış oldular. Sərgidə Qarabağın, o cümlədən Şuşanın gözəlliyini əks etdirən tablolar, Qarabağ xalça sənətinin nümunələri nümayiş etdirilirdi. Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə aid eksponatlar, bir ovuc Şuşa torpağı iştirakçıların marağına səbəb oldu.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, sonra Dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin Qarabağın mədəni irsinə göstərdiyi diqqət və qayğıdan, bu ecazkar yurdumuzun dünənindən bəhs edən videoçarx göstərildi.
Beynəlxalq layihələrdə
Qarabağın mədəniyyəti təbliğ olunur
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında Vətənimizin bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışdı, erməni işğalçılarının tarixi-mədəni abidələrimizi vəhşicəsinə talan etməsi haqqında faktları diqqətə çatdırdı. Bildirildi ki, işğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qalıb. İşğalçılar yurd yerlərimizdə qanunsuz arxeoloji qazıntı işləri aparır, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi saxtalaşdırır.
Bayram Səfərov Qarabağ irsinin qorunması, təbliği istiqamətində görülən işlərdən danışdı. Qeyd olundu ki, bu istiqamətdə müxtəlif tədbirlər keçirilir, beynəlxalq layihələrdə regionun mədəniyyəti, incəsənəti nümayiş olunur: “Qarabağ işğal altında olsa da, onun irsi yaşayır. Mədəniyyət ocaqları bu irsi təbliğ edirlər. Yeniyetmə və gənclər arasında istedadlı gəncləri seçirik, onlara dəstək oluruq. İtirilmiş yurdun mədəni irsini, mühitini qoruyub saxlamaq və bu gün Qarabağsız böyüyən nəsillərə çatdırmaq vacibdir. Yeniyetmə və gənclərimizin Qarabağın tarixi, onun zəngin və çoxşaxəli mədəniyyəti haqqında daha geniş biliklərə yiyələnməsi, doğma torpağa mənən bağlılıqlarının artırılması, əsl vətənpərvər kimi böyüməsi, mənəvi tərbiyənin, təbliğatın daimi hədəflərindəndir”.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə qiymətli töhfələr verən, qədim tarixə, zəngin mədəniyyətə malik Qarabağ həm də dünyanın ilk yaşayış məskənlərindən biridir. Təkcə Azıx mağarası ilə bunu tarix çoxdan sübuta yetirib. Komitə sədri bu gün Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətində görülən işlərdən danışdı: “Qarabağın mədəni irsini qoruyub saxlamaq hər bir azərbaycanlının mənəvi borcudur. Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin coğrafiyasının daha da genişləndirilməsi vacibdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri hər bir kəsə nümunə olmalıdır”.
“Biz o torpaqlara
qayıdacağıq”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işğal olunmuş torpaqlarımızda düşmən qüvvələrin qanunsuz əməllərindən söz açaraq bildirdi ki, beynəlxalq təşkilatlar bu hərəkətlərin qarşısının alınması üçün öz imkanlarından istifadə etməlidirlər: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələri, ya dağıdaraq izləri silinir, ya da erməni abidələri adı altında saxtalaşdırılır. Müxtəlif mənbələrdən toplanan məlumatlara görə, həmin ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Qalanlar isə erməni abidələri adı altında təqdim edilir. İşğal altındakı tarix-mədəniyyət abidələrimizin kütləvi məhvi və mənimsənilməsi 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və qarşı tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunmasını, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin üzərinə vəzifə kimi qoyur. Amma, gəlin görək, buna əməl olunurmu? Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyir. Ermənilərin bu əməlləri, işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması həm də UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının pozulması deməkdir”.
Nazir bildirdi ki, Qarabağ torpağının əzəli, əbədi varisləri olmağımızı hər zaman və hər birimiz öz fəaliyyətimizlə sübut etməli, Ermənistanın beynəlxalq aləmdə ifşasına nail olmalıyıq: “Biz gec-tez o torpaqlara qayıdacağıq. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən müvafiq işlər aparılır. Amma biz o günə qədər Qarabağ mədəniyyətini ən yüksək səviyyədə tanıtmalı, bu irsi geniş şəkildə təbliğ etməliyik. Bu işdə hamı vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir”.
Əbülfəs Qarayev Qarabağın mədəni irsinin qorunması və təbliğində xidmətlərinə görə bir qrup mədəniyyət işçisinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim etdi.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Qarabağın mədəni irsi haqqında geniş məruzə ilə çıxış etdi. Vurğuladı ki, Qarabağ təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə də məşhurdur.
Sonra Qarabağın musiqi məktəbləri kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim edildi.
Tədbirin sonunda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Qarabağın mədəni irsinin qorunması sahəsindəki xidmətlərinə görə Xocalı, Xocavənd və Şuşa rayon mədəniyyət və turizm şöbələrinə fəxri fərmanlar təqdim etdi.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 5.