Obrazlarüstü...
Ədəbi-bədii “özgə”lər
yarada-yarada “ÖZ” əbədi realını da yaratmış
ədib...
Böyük yazıçıları oxuya-oxuya yalnız yaşca böyüyənlər də olur, ağıl-başca da. Böyümənin “birinci şəkil”liləri ömrü boyu öz çevrələrinə nəql edirlər ki, filan yazıçı filan əsərində bunu yazıb, elənçik deyib, belənçik yaradıb. İkincilər isə əsasən, öz qafalarında nəql-əqlləyirlər və yəqin onların içərisində belə bir qənaətə də gələnlər olur ki, böyük yazıçılar əllərinə qələm alıb HƏYATdan yazmağa başlayanadək həyat özü artıq onların özünü yazmış olur...
Xoşbaxtlıqdan, bu Həyat onu yaman yazıq yazıb o vaxtlar (ilk ifadəni dırnaq işarəsi içərisinə almamağıma yalnız onu yaxşı tanımayanlar, onu yaxşı oxumayanlar təəccüblənib-təəssüflənə bilər). Yəni o, o vaxtlar o əzab-əziyyətləri yaşamasaydı, sonralar biz “İlyas Əfəndiyev feyzi”ni yaşaya bilməzdik. O, 1938-ci ilin yayında “pulsuz-pənəsiz” Bakıya gəlməsəydi, mən 30 il sonra (elə onun gəldiyi qatarla) bu şəhərə düşüb, “28 Aprel” (metro), “Sov.İKP-yə eşq!”, S.M.Kirov (heykəl), Basin (küçə) və s. “adres”lərdən sonra N.Nərimanov (indiki H.Cavid) prospektindəki binalardan birinin kəllayısındakı iri çaplı “SÖYÜDLÜ ARX” reklamından dolayı - bu paytaxtda mənim də bir milli payım olduğunu görməyib, əməlli qəribsəyərdim...
Qaryaginli oğlan...
Füzuli rayonunun əvvəlki adı idi - Qaryagin. Hələ bu işğalçı çar zabitinin adından öncəki adı da öz dilində deyilmiş; Malaqan (Malakan). “Məni Rusiyanın bugünündən çox, sabahı düşündürür” deyən Stolipin məqsədli sürgün etdiyi rusların düşərgələnib ad elədiyi məkanlarımızdan biri.
Elə bu “qaryaginli oğlan”ın nəsil-zat adları, şəcərələri də çox dəyişimlərə məruz qalmışdı. Bir qolu “halal tacirlər”, digəri “üləmalar” olan bu nəsil sovet hakimiyyətinin ilk illərindəncə “kulak”, “qolçomaq”, “vraq naroda” adlandırılmağa, “səs”ləri əlindən alınmağa başlayır. Öz irsi dərrakəsi, fəhm-fərasət, savad və dünyagörüşü hesabına yaxın-uzaq kənd və qəsəbələrdə müəllim işləməyə dəvət alan gənc İlyasın ali təhsil almaq istəyini bir müddət gözündə qoyurlar. O vaxtlar sayı-hesabı bilinməyən həmin “adam”ların bu vaxtlar nə sayğısı var, nə adı. Amma onların içərisində elə birisi də olub ki, o, böyük yazıçının xatirələrindəki kiçicik bir abzasda əbədi yaşayacaq: “Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhət görürəm, nə qədər gec deyil, ərizə verib bir illiyə məzuniyyət götürəsən”.
Mən yazıçının bu xatirə-sətirlərini oxuyarkən, onun əcnəbi sələfi Covanyolinin “Spartak”ındakı ehtimali təsadüflə bağlı şedevr bir mülahizəni xatırladım. Həmin epizodda Romaya iki atlı çapır; biri “Üsyana başlayaq!”, o biri “Hazır olun, üsyana başlayırlar!” xəbərilə. Və... yazıçının həmin tarixi olayla birgə əbədi yaşayası obrazlı mühakiməsi: “Maraqlıdır, bütün dünyanı sarsıdacaq qullar üsyanının taleyi atların qaçışından asılı idi!..”
Bəs İlyas Əfəndiyev
fenomeninin taleyi?! Lirik-poetik, sosial-psixoloji nəsrimizin zirvə nümayəndəsi,
ayrıca “leksikon teatr-dramaturgiyası” məktəbinin
yaradıcısı İlyas Əfəndiyevin taleyi həmin o
Məmməd Orucovun “xəlvəti
pıçıltısından” asılı deyilmişmi?..
Gəliş...
Onun böyük ədəbiyyata qədəmi
ərəfəsində “Böyük Vətən müharibəsi”
adlı qan-qadanın gəlişinə hələ bir az qalsa da, “repressiya” namlı şər-xəta
artıq xalqın vayına oturmuşdu. Bu,
çoxları kimi, yalxı-yavan cavanlıq yaşayan
İlyasın da öz uğuruna gedişini yubadırdı.
Artıq bu doğal istedadın yaşı iyirmini
keçmişdi, lakin: “O illər çox qorxulu bir dövr
idi, ən istedadlı, ən məşhur sənətkarların
başı üzərini qara buludlar almışdı,
heç kəs özündən-sözündən arxayın
deyildi. Sabaha sağ
çıxıb-çıxmayacağından nigaran
qalmış adamlar bir-birindən qorxur, heç kim heç kimə etibar etmirdi”.
Amma İlyas gəlirdi.
“Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz
saat işləməklə bərabər, gecə
kurslarında dərs də deyirdim. Çox
yorulmağıma baxmayaraq, Qarabağın qarlı qış
gecələrində, hər kəsdən xəbərsiz, hekayələr
yazdım. Sonralar “Kənddən məktublar” adı ilə
çap olunan həmin hekayələri götürüb,
1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
Hələ ali
məktəbdən əvvəl Qaryagində coğrafiya müəllimi
işləmiş İlyasın Bakıda ali insanlarla
tanışlıq, dostluq coğrafiyası inanılmaz həddə
genişlənir. Azərbaycan Pedaqoji İnstitutunda tələbə
ikən qədəmləri Bəkir Çobanzadə, Əli
Sultanlı kimi ünlü elm xadimlərilə qoşa
görünür, az keçmiş adı Mehdi Hüseyn, Səməd
Vurğun, Adil İsgəndərov, Əbülhəsən
çəkili sənətkarlarla birgə çəkilir. Sonuncu
ilə bağlı xatirəsini xatırlamaq yerinə
düşər, zənnimcə: “...hekayələri mərhum
yazıçımız Əbülhəsənə təqdim
etdim. O, mənim təhər-töhürümə baxaraq
soruşdu: - Nəçisən? Nəçi olduğumu dedikdə
o: - Əzizim, əzizim, - dedi - coğrafiya müəllimi hara,
yazıçılıq hara?.. Mən bu
barədə bir söz deməyərək soruşdum: - Hekayələrin
cavabını nə vaxt ala bilərəm? -
Ünvanını qoy get, vaxt olanda oxuyub
cavab yazarıq. - Yox, - dedim, - xahiş edirəm mən rayona
qayıdanacan oxuyasınız ki, cavabını özümə
deyəsiniz. - Rayona nə vaxt qayıdırsan? - On gündən
sonra. - Əzizim, əzizim, on günəcən
bunları oxuya bilmərəm. Özü də
əlyazmasında gətirmisən. Mən
təkid elədim. O, mənim əl çəkməyəcəyimi
hiss eləyib: - Yaxşı, - dedi, - on gündən sonra mənə
dəyərsən. Bəlkə oxuya bildim.
On gündən sonra o, məni ayrı cür
qarşıladı. Gülümsəyib soruşdu: -
Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda
çıxıb? - Heç birində. - Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan
çap olunursan. Hekayələr
yaxşıdı... yaxşıdı. Xoşuma
gəldi. Mən sədrimizə də dedim. Gedək, o, səninlə
tanış olmaq istəyir... Əbülhəsən
məni Əli Məmmədova təqdim edərək dedi: -
Hekayələri barədə sizə
danışdığım oğlan budur. Sədr
gülümsəyib mənimlə əl tutdu. Haradan
olduğumu və sairə... öyrənib biləndən sonra
Əbülhəsəndən soruşdu: - Neçə hekayədi?
- Doqquz. - Neçəsini çap etmək
mümkündür? - Hamısını - deyə Əbülhəsən
qətiyyətlə cavab verdi. - Elə isə göndərin Azərnəşrə,
qoy kitab halında çap eləsinlər".
Beləliklə, Əbülhəsən
xeyirxahlıq edərək İ.Əfəndiyevin
yaradıcılıq yolunun başlanğıcında
yaşıl işıq yandırmış oldu, “Kənddən
məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə
"ədəbiyyat dünyasına", yazıçılar
aləminə çıxmasına səlahiyyət verdi”.
Bəli, o, beləcə-beləcə
gəldi. Gücümüzcə
gördüyümüz, bildiyimiz, duyduğumuz və hələ
görəcəyimiz, biləcəyimiz, duyacağımız qədərincə
böyük ədəbiyyatımızın böyük isimlərindən
biri olmağa gəldi və -
Əbədi qaldı!
Ədəbiyyatda olmaq nə qədər
asan, burada əbədi qalmaq isə nə qədər çətin!
Qapısı hamı üçün
açıq olan bu təsvir-təsəvvüri cənnətxanada
çoxlar yalnız hadisəyə, konfliktə, beyinə
işləyir, azlar uca könüllərə, qəlbi qəlblərə.
Universitet illərimizdə anadan yetim olan tələbə
qızlarımızdan birinin guya “səhvən” işlətdiyi
“Öyüdlü arx” ifadəsi qırx ilə yaxındır
yadımdan çıxmır. Bir gün o qızın öz
taleyilə bağlı bizə danışdığı
“uzun sözün qısası” bu idi ki, o ən çox
öyüdü məhz həmin “Söyüdlü arx”
romanından alıbmış...
Daha neçə-neçə bu
sayaq əsərlər: “Körpüsalanlar”, “Dağlar
arxasında üç dost”, “Sarıköynəklə Valehin
nağılı”, “Geriyə baxma, qoca”,
“Üçatılan”...
Yuxarıda
yazıçıların hadisəyə və könülə
işləməsi məsələsinin oxunu atdım. Yayı da bu ki, ikincilər səhnəyə və
xüsusən ekrana çətin çıxa bilirlər.
Hissləri, duyğuları hərəkətə,
vizuallığa çevirmək asanmı? Bunu “bizim ayağımız”la ölçmək də
düzgün olmazdı. Nədən ki, o
sayaq imkanları olan ruslar böyük söz rəssamı
A.P.Çexovun nəsri duyğularını ekrana yetərincə
çıxara bilmirlər. İlyas Əfəndiyev də
bizim təkrarsız söz, duyğu, hiss-həyəcan
portretçimiz, tabloçumuz, peyzajçımız!
Sözün rəngi, kamerası isə hələ kəşf
olunmayıb...
Amma nə xoş ki,
onun SÖZü kinoekrandan daha əzəl və özəl sənət
meydanına - tamaşaçıya daha yaxın, daha məhrəm
bir məkana çıxa bildi. O meydan, o məkan -
Səhnə!
İ.Əfəndiyev
qələmi, İ.Əfəndiyev dinamikası böyük həyatın
bu kiçicik oxşarına ilk dəfə müştərək
müəlliflikdə - dövrün məşhur ədibi
Mehdi Hüseynlə birgə çıxdı. “İntizar” adlı o pyes sanki 29 yaşlı
İlyasın ADD Teatrına çıxış hiss-həyəcanını,
arzu-istəyini də ifadə edirdi. Bu
tamaşanın uğuru yeni uğurlara yol açdı. Bir müddət sonra azman sənət-səhnə
ustadı Adil İsgəndərov gələcəyin fenomen
dramaturqunu Milli Teatra dəvət edir. Bununla da gənc
müəllif sonralar adlandırılası “İlyas Əfəndiyev
teatrı”na doğru yarım əsrlik bir
yol başlayır. “İşıqlı yollar” səhnədən
düşməmiş, bu qələmin aşiqlərinin
zövqünə “Bahar suları” çilənir. Sonralar daha bir teatr nəhəngilə - Tofiq
Kazımovla “sənət bağrı-badaş”ı olan
dramaturq səhnə üçün insan qəlbinin fatehi
timsalında əsərlər yazır. Onlardan birinin -
“Unuda bilmirəm” (1968) tamaşasının on ildə 300 dəfədən
çox (əksəri də anşlaqla) oynanılması
müəllifin digər əsərləri haqda da az söz demir. Həmin
tamaşaların neçə-neçə
tamaşaçı nəsli, tamaşaçı ordusu
yaratmasına dair yazmaq imkanımız olmasa da, onlardan bir
neçəsinin adını sadalamaq mümkün. Yəqin
hörmətli oxucularımız da o əsərlərin
adlarındakı poetikliyin, emosional ovqatın, duyğusal
informativliyin fərqinə varacaqlar: “Mənim günahım”,
“Məhv olmuş gündəliklər”, “Sən həmişə
mənimləsən”, “Qəribə oğlan”, “Bağlardan gələn
səs”, Respublika Dövlət Mükafatına layiq
görülmüş “Mahnı dağlarda qaldı” və s.
İlyas Əfəndiyev
aləmi (və ailəsi) elə bir dünya ki, oraya daxil olmaq
asan, oradan çıxmaq çətin. Çünki
o bir doyumsuzluq. O, qoynundan çıxdığı
elatın xəlqi tərcümeyi-halı, millətin əbədi-bədii
əhvalı və nəhayət, Xalq yazıçısı
oldu.
O elə yazıb-yaratdı ki,
ümummilli lider Heydər Əliyev ona göndərdiyi təbrik
məktubunda belə yazdi: “Sizi - Azərbaycanın görkəmli
dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə
ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə
ölməz dahilər bəxş etmiş qədim Odlar
yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə
ucalmaq olduqca çətin və şərəflidir. Siz
fədakar əməyiniz sayəsində bu şərəfə
nail olmuşsunuz.
Oxucuların sevə-sevə
mütaliə etdiyi nəsr əsərləriniz, Milli
teatrımızın səhnəsində tamaşaya qoyulan
pyesləriniz bunu parlaq şəkildə sübut edir... Sizin yaratdığınız obrazlar
xalqımızın övladlarına mənəvi saflıq və
vətənpərvərlik aşılanması işinə
xidmət etmişdir. Əminəm ki,
müstəqil Azərbaycanımızın hələ
neçə-neçə nəsli bu zəngin mənbədən
faydalanacaqdır”.
Tahir
Əhmədalılar
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 7.