“80 şeir, 80 yaş”
Tbilisi şəhərindəki “Universal” nəşriyyatında Azərbaycanın Xalq şairi Məmməd Arazın “80 şeir, 80 yaş” adlı kitabı çapdan çıxıb.
Kitabın tərtibçisi və redaktoru, yazıçı-tədqiqatçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü Mirzə Məmmədoğlu nəşrin görkəmli şairin 80 illik yubileyinə gürcüstanlı soydaşlarının kiçik töhfəsi olduğunu deyib.
Kitabda şairin 80 orijinal şeiri və onların gürcü dilində tərcüməsi əksini tapıb ki, bu da azərbaycanlılarla yanaşı, gürcü oxucuların da böyük şairin poeziyası ilə yaxından tanış olmalarına imkan yaradacaq.
Məmməd Arazın şeirlərini gürcü dilinə Azərbaycan ədəbiyyatının fədakar təbliğatçısı, “Koroğlu” dastanını, bayatılarımızı gürcü dilinə tərcümə etmiş Zezva Medulaşvili, Aleko Qabelaya və Avto Çxaidze tərcümə ediblər.
Tərtibçinin
sözlərinə görə, kitabın Gürcüstan
azərbaycanlılarının yığcam
yaşadıqları bölgələrdə, Tbilisi
və Rustavi şəhərlərində
təqdimatı keçiriləcək.
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 10.