“Bakıda böyük solo konsert vermək istərdim”
Sentyabrın 18-dən 28-dək Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə V Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı keçirildi. Tədbirə müxtəlif ölkələrdən
musiqi kollektivləri, ifaçı və dirijorlar qatılmışdı.
Fürsətdən istifadə edərək
paytaxtımıza təşrif
buyuran əcnəbi sənətçilərin bir
neçəsi ilə
həmsöhbət olduq.
İlk müsahibimiz məşhur
amerikalı saksafon ifaçısı Aşudur.
Onunla Azərbaycan Dövlət Filarmoniyasında çıxışa
hazırlaşarkən - məşq
zamanı görüşdük.
Həmsöhbətim əvvəlcə
özü haqqında
məlumat verdi:
- Amerikanın
Kaliforniya ştatında
dünyaya gəlmişəm.
Hazırda Çikaqo şəhərində
yaşayıram, 28 yaşım
var. Kiçik yaşlarımdan
saksafonda ifa etməyə başlamışam,
klassik solo saksafon ifaçısı kimi fəaliyyət göstərirəm.
Bu əsrarəngiz musiqi aləti ilə dünyanın bir çox ölkəsində olmuşam,
konsertlər vermişəm.
Nəhayət ki, Azərbaycana
- sizin ölkənizə
gəldik.
- Təəssüratınızı
eşitmək istərdik...
- Ölkənizə
ilk səfərimin gerçəkləşməsinə
görə Azərbaycan
tərəfi ilə yanaşı, Rusiyanın
“Musiqi Olimpi” Fonduna minnətdaram. Bakıya səfərimi onlar təşkil etdilər.
Təəssüratlarım olduqca müsbətdir.
Qaldığım hotel də şəhərin
mərkəzində yerləşdiyindən,
şəhəri gəzmək
imkanım oldu. İçərişəhəri, Qız qalasını,
Dənizkənarı bulvarı,
Fəvvarələr meydanını
gəzdim. Olduqca xoşuma
gəldi. İndiyədək MDB ölkələrindən Rusiyada,
Qırğızıstanda solo konsertlərim təşkil
edilib. Amma Cənubi Qafqazda
ilk olaraq Azərbaycana
gəlmişəm. Bakı hər
cəhətdən maraqlı
şəhərdir, əvvəl
olduğum şəhərlərə
bənzəmir, unikallıq,
özünəməxsusluq olduqca çoxdur.
- Klassik solo saksafon ifaçısısınız.
Bu alətdə solo karyera qurmaq nə qədər vaxtınızı aldı?
- Artıq 15 ildən çoxdur ki, saksafonda ifa edirəm. Solo karyerama isə
16 yaşımdan başlamışam.
Sizə bu müddət çox görünə bilər, ancaq həqiqətən də hər hansı alətdə peşəkarcasına
ifa etmək üçün insana daha çox vaxt lazım gəlir. Hərdən sual verirlər
ki, sən bədəncə arıqsan,
bəs böyük nəfəs tələb edən alətdə ifa etmək sənə çətin deyil? Etiraf edim ki, uşaq ikən valideynlərim də elə bilirdilər ki, saksafonda ifa edərkən nəfəsim çatmayacaq
və boğulacağam.
Bilirsiniz,
bu niyə baş vermir, ona görə ki, uzun illər
məşq etməklə
nəfəsinizi tənzimləməyi
öyrənirsiniz. Sadəcə, nəfəsin düzgün
tənzimlənməsini öyrənmək
kifayət qədər
vaxtınızı alır.
Yalnız gərgin və
davamlı məşqlərlə
istədiyiniz nəticəni
əldə edə bilirsiniz, başqa cür mümkün də deyil. Saksafon imkanları geniş alətdir, onda istədiyiniz musiqini ifa edə bilərsiniz.
Bunun üçün alətin
imkanlarına bələd
olmalısınız. Peşəkar ifa zamanla formalaşır, əminəm
ki, bir neçə
ildən sonrakı ifam indikindən xeyli fərqlənəcək.
- Məşq vaxtı sizin not vərəqlərinə baxmadığınızı
da müşahidə etdim. 5-6 dəqiqəlik
əsəri bütün
incəlikləri ilə
yadda saxlamaq çətin deyil ki?
- Əlbəttə,
çətindir. Sizin toxunduğunuz
məqam hər musiqiçinin aşmaq istədiyi önəmli mərhələdir. Bir çox
musiqiçilər peşəkar
ifaçı olduqları
halda not vərəqinə
baxmadan, xüsusilə,
böyük əsərləri
ifa edə bilmirlər. Mən də
bu mərhələni
yalnız gərgin məşqlərlə aşa
bildim. Bir əsəri təkrar-təkrar
ifa edirdim və nəhayət, bunun öhdəsindən gəldim və bundan çox məmnunam. Çünki not vərəqləri musiqiçinin zalla ünsiyyətinə imkan vermir, diqqəti tamaşaçıdan yayındırır.
O zaman da ifaçı yazılı
mətni oxuyan yaxşı natiqə bənzəyir. Mən isə belə
istəmirəm. Çalışıram ki, ifa zamanı
dinləyici ilə ünsiyyətdə olum, onun reaksiyasını hiss edim. Musiqiçi yalnız auditoriya
ilə ünsiyyətdə
olduqda daha canlı və maraqlı ifa ortaya qoya bilər.
- Bakıda Slovakiya
Dövlət Kamera Orkestri ilə birgə çıxış
edirsiniz. Daha əvvəl
onlarla səhnəni paylaşdınızmı?
- Slovakiya
Dövlət Kamera Orkestri ilə ilk çıxışımdır. Heyət tam peşəkar olduğundan
məşqlərdə hər
hansı çətinlik
yaşamadıq. Filarmoniyanın
akustikası da bizə əlavə stimul verdi.
Belə akustika hər zalda olmur. Ümid edirəm ki, tamaşaçılar qarşısında
çıxışımız da möhtəşəm alınacaq. Proqrama rus bəstəkarı
Aleksandr Qlazunovun saksafon üçün yazdığı parçalar,
həmçinin argentinalı
tanqo bəstəkarı
Astor Piatsolanın əsərlərindən
aranjiman etdiyim nümunələr daxildir.
- Azərbaycan bəstəkarlarından hər
hansı parça ifa etməyi planlaşdırırsınızmı?
- Gələcəkdə
solo ifamda Azərbaycan
bəstəkarlarının əsərlərinə yer
ayırmaq fikrindəyəm.
Bakıya gəlməzdən
əvvəl sizin musiqi ilə tanış oldum. İnternetdə muğama qulaq
asdım, Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini
dinlədim. Dahi violonçel
ifaçısı Mstislav
Rostropoviçi isə
çox dinləmişəm,
onun ifası daim mənə zövq verib. Bakıda sizin bəstəkarların
əsərlərinin də
daxil edildiyi böyük solo konsert vermək istərdim.
- Bəs ən çox bəyəndiyiniz bəstəkar
və saksafon ifaçısı kimdir?
- Ümumiyyətlə,
hər hansı bəstəkarın adını
çəkmək mənim
üçün olduqca
çətindir. Çünki əsərlərini ifa etdiyim bütün bəstəkarları bəyənərək
ifa edirəm. Piatsola mənim üçün daha möhtəşəmdir.
Onun saksafon üçün yazdığı parçaların,
demək olar ki, hamısını ifa etmişəm. Əsərləri o qədər xoşuma
gəlib ki, öz üslubumda aranjiman da etmişəm,
maraqla qarşılanıb.
Saksafon ifaçısına gəldikdə,
mən musiqi alətləri arasında fərq qoymağı sevmirəm. Sizə desəm ki, ən az
dinlədiyim alət saksafondur, bəlkə də mənə inanmazsınız, amma bu belədir. Daha çox skripkadan xoşum gəlir, saatlarla solo skripkaya qulaq asa bilərəm.
Böyük opera səsi Luçano
Pavarotti mənim üçün
bir zirvədir. Onun ifasına qulaq asdıqca sanki saksafonda nələr edə biləcəyimi düşünürəm, yeni
tapıntılar edirəm.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 12.