Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi

 

Çingiz Hacıbəyov - 100  

  

   Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov 1913-cü il oktyabrın 2-də anadan olmuşdur. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın yaradıcılarından biri, anası Böyükxanım tanınmış həkim və pedaqoq idi. Əmisi Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisidir. Onların evində görkəmli Azərbaycan musiqiçiləri, incəsənət xadimləri, ziyalılar yığışar, sənət söhbətləri aparardılar, evdə daim musiqi səslənər, məşqlər keçirilərdi.  

   Təbii ki, belə bir şəraitdə böyüyən Çingizdə hələ uşaqlıqdan musiqiyə böyük həvəs yaranır. Bu həvəsi görən atası Zülfüqar bəy hər iki oğlunu - Çingizi və Niyazini 1921-ci ildə o dövrdə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfinə (Y.Şefferlinqin məktəbi) qoyur. Eyni zamanda hər iki qardaş Bakıda təşkil olunmuş Zaqafqaziya hərbi-hazırlıq məktəbində təhsil alırlar. Lakin musiqiyə böyük maraq və həvəs üstün gəlir.

   Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyətə başlayır. Üç il burada işlədikdən sonra 1935-ci ilin noyabrında Sovet Ordusu sıralarında xidmət edir. Ordu sıralarından qayıtdıqdan sonra, qardaşı Niyazi kimi, Çingizdə də dirijorluq sənətinə böyük maraq yaranır və o, 1937-ci ildə Azərbaycan Xalq Komissarları Soveti nəzdində Dövlət Radio Komitəsinin simfonik orkestrinə dirijor assistenti, bir ildən sonra dirijor vəzifəsinə təyin olunur. Bu illər Çingizin dirijorluq fəaliyyətinin başlanğıcı hesab olunur. Qardaşı Niyazi də məhz bu illərdə dirijorluq sənətinin incəliklərinə yiyələnməyə başlamışdı. Və bu fəaliyyətdə qardaşlar təbii ki, bir-birilərinə dayaq olurlar. Radionun simfonik orkestri ilə Çingiz və Niyazi Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərinə, Ü.Hacıbəylinin, M.Maqomayevin və Z.Hacıbəyovun operalarının orkestr fraqmentlərinə dirijorluq edirlər.

   Çingizin dirijorluq fəaliyyətinə o dövrdə Bakıda işləyən rus dirijorluq məktəbinin məşhur nümayəndələri A.Pavlov-Arbeninin, A.Pazovskinin, S.Stolermanın, A.Qaukun təsiri böyük olmuşdur. Lakin 1941-ci ildə müharibənin başlaması onun fəaliyyətini yarımçıq qoyur və iyunun 23-də Çingiz ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, yenə əvvəlki işində səmərəli fəaliyyətini davam etdirir. 1944-cü ilin dekabrında uzun illik səmərəli fəaliyyətinə görə ona “Əmək kitabçası”na yazılmaqla təşəkkür elan edilir.

   1951-ci ilin fevralında Radio Komitəsinin simfonik orkestrinə baş dirijor vəzifəsinə təyin olunur. 1953-cü ildə orkestrin ləğvi ilə əlaqədar o, işdən azad olunur və 1955-56-cı illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi fəaliyyət göstərir.

   1956-cı ilin martında isə Çingiz Hacıbəyov Musiqili Komediya Teatrının simfonik orkestrinin baş dirijoru və teatrın musiqi bölməsinin müdiri təyin olunur. Burada o, teatrın repertuarını zənginləşdirərək Azərbaycan bəstəkarlarının müxtəlif səhnə əsərlərinin tamaşalarına dirijorluq etmişdir. Onun rəhbərliyi ilə teatrın simfonik orkestri əsərləri yüksək məharətlə ifa edirdi.

   1960-cı ildə musiqi sənətinin inkişafında səmərəli fəaliyyətinə görə Çingiz Hacıbəyov Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

   1961-ci ilin noyabrından A.Zeynallı adına Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olur. Onun təşəbbüsü və rəhbərliyi ilə qısa müddət ərzində məktəbin tələbə simfonik orkestri yaradılır.

   1963-cü ilin iyunundan ömrünün sonuna kimi Çingiz Hacıbəyov öz həyatı və yaradıcılığını Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə bağlayır və uzun illər burada dirijor kimi fəaliyyət göstərir. Onun dirijorluğu ilə Bakıda qastrollarda olan məşhur pianoçular Ebbi Saymon (ABŞ), Vasso Devetsi (Yunanıstan), Filipp Antremon (Fransa), Q.Sokolov (Rusiya), Yüksel Koptagel (Türkiyə), Hans Qopkins (Avstriya), skripka ifaçıları Liana İsakadze (Gürcüstan), Ayla Erduran (Türkiyə) və bir çoxları çıxış etmişlər.

   O, zəngin yaradıcılıq yolu ilə Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olduğunu sübut etmişdir. Görkəmli sənətkar 1971-ci il yanvarın 18-də Bakıda vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

  

   Rza Bayramov,

 

   Niyazinin mənzil-muzeyinin müdiri

 

Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 13.