Qardaş xalqların mədəniyyəti
Özbək musiqisində ənənəvilik
və müasirlik
Könül oxşayan xalq mahnıları, təsviri sənəti və memarlığı ilə məşhur olan özbək mədəniyyəti dünyanın, eləcə də türk xalqlarının mədəni mirasında özünəməxsus yer tutur. Qardaş xalqın musiqi sənəti də zənginliyi ilə seçilir. Müsahibimiz özbək musiqisinin tədqiqatçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnar Verdiyevadır.
- Gülnar xanım, özbək mədəniyyətini necə xarakterizə edərdiniz? Bu mədəniyyətin intibah dövrü hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Özbək mədəniyyəti yüzilliklər boyu cilalanıb formalaşan qədim tarixi köklərə malikdir. Səmərqənd şəhərindəki Reqistan, Kalyon meydan ansamblı, Buxaradakı Uluqbəy və Abduləzizxan mədrəsələri kimi dünya şöhrətli qədim memarlıq abidələri dediklərimizə sübutdur. XV əsrdə Səmərqənd və Buxara şəhərlərində Orta Asiya miniatür məktəbi təşəkkül tapıb. Kəmaləddin Behzad və Mahmud Muzaxib kimi sənətkarların yaradıcılığı özünəməxsus ənənələri olan məktəb funksiyasını yerinə yetirib və gələcək nəqqaşlar üçün istinad mənbəyi olub.
Orta Asiya xalqlarının, xüsusilə, özbək xalqının mədəniyyət tarixində XV-XVI əsrlər incəsənətin çiçəklənməsi dövrü kimi xarakterizə olunur. Çünki həmin dövrlərdə istedadlı musiqiçilər nəsli yetişib, gözəl musiqi əsərlərinin müəllifləri olan bəstəkarlar şöhrət tapıb. Həmin bəstəkarlar haqqında qədim risalələr və musiqi traktatlarında dəyərli məlumatlar var. Bu məlumatlar musiqi pyeslərinin bəstələnməsində istifadə olunan vasitə və amillər - savt, peşrov, zarbayn, rixtə, musiqinin başqa təzahürləri barədə anlayışlar yalnız bəstəkarların yaradıcılığının işıqlandırılması üçün deyil, eyni zamanda makomat (muğamat) sisteminin, şaşmakomun qanunauyğunluqlarının başa düşülməsi baxımından da qiymətli mənbədir.
- Şaşmakom haqqında bir qədər ətraflı bəhs edək.
- Şaşmakom “Buzruk”, “Rost”, “Navo”, “Duqox”, “Seqox” və “İrok” adlanan 6 makomdan ibarət olan bir silsilədir. Daha doğrusu, bir-biri ilə həm məzmun vahidliyi, həm də lad uyğunluğu ilə birləşən çoxhissəli musiqi əsəridir. Makomların hər biri “Muşkilot” və “Nasr” adlanan iki böyük şöbədən - instrumental və vokal şöbədən ibarətdir. Makomlar müasir dövrümüzdə də özbək bəstəkarlarının ilham mənbəyidir. Onlar bu sənət çeşməsindən qidalanaraq indi də yaddaqalan, dəyərini itirməyən, şedevr əsərlər yaratmağa nail olurlar. İnformasiya texnologiyaları yüksək səviyyəyə çatsa da, folklora, özbək musiqisinin əsasını təşkil edən makomlara münasibət aktuallığını qoruyub saxlamaqdadır. Görkəmli özbək bəstəkarlarından Rüstəm Abdullayev, Xabibulo Raximov, Mustafo Bafoyev, Farxad Alimov və başqaları makomlara istinad edərək özbək musiqisinə yeni-yeni əsərlər bəxş ediblər.
- Milli folklora istinad özbək musiqisinə nə kimi keyfiyyətlər qazandırıb?
- Folklora müraciət özbək bəstəkarlarının əsərlərində dərin iz buraxıb. Bu cəhətdən Novruz bayramına həsr olunan əsərlər diqqət çəkir. Özbəkistan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Rüstəm Abdulayevin “Novruz taronaları”, səs, dutar və orkestr üçün yazdığı “Novruz himni”, “Novruz kuşiqi”, “Novruz oxumaları” kimi simfonik və fortepiano üçün əsərlərini göstərmək olar. Məşhur bəstəkar Mustafo Bafoyevin solo violençel, simli kvintet, zərb və fortepiano üçün yazdığı “Böyük İpək Yolu haqqında təxəyyülüm” əsərində folklora müraciətin fərqli formaları təqdim olunur. Şərq və Qərb sivilizasiyalarında əhəmiyyətli yer tutan İpək Yolu M.Bafoyevin təsəvvüründə dünya xalqlarının mədəni dialoqu və dostluq rəmzi kimi təqdim edilir. Əsərdə Şərq və Qərb mədəniyyətlərinə özbək musiqisi prizmasından baxılır.
- Özbək musiqisində ənənəvilik və müasirlik necə sintez olunur?
- Özbəkistanda son dövrlər milli musiqiyə, makomlara maraq, onların tədqiqi və təbliği çox geniş vüsət alıb. Bu məqsədlə keçirilən böyük festivallar gənc nəslin musiqi zövqünün düzgün istiqamətlənməsində və xalq yaradıcılığına daha çox yönəlməsində böyük əhəmiyyət kəsb edir. Bu ilin avqustunda Nyu-York şəhərində özbək klassik musiqisinin şedevri şaşmakoma həsr olunan II beynəlxalq festival təşkil edilib. Festivalla yanaşı, görkəmli incəsənət xadimi Leviç Babaxanovun 140 illiyinə həsr olunan “Şaşmakom XX əsrdə” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. L.Babaxanovun qeyri-adi tembrə malik səsi yazılmış qrammofon valları XX əsr vokal sənətinin əfsanəsi kimi Londonda saxlanılır. Milli musiqi alətləri ifaçılarının mütəmadi olaraq “Barxaet novaları” adlı baxış-müsabiqəsi, Özbəkistanın qədim şəhərlərində keçirilən xalq musiqisinə həsr olunan “Asrlar sadosi” və bu kimi müsabiqələr milli özbək musiqisini, şaşmakomun ecazkar melodiyalarının bütün dünyada tanınmasına şərait yaradır. Onu da qeyd edim ki, özbək caz ustaları yaratdıqları musiqi nümunələrində də şaşmakoma istinad ediblər. Özbək xalqının nadir sənət abidəsi olan şaşmakom yalnız öz vətənində - Özbəkistanda deyil, Rusiya, ABŞ, Fransa, Avstriya və digər ölkələrdə də səslənərək əcnəbi dinləyicilərin rəğbətini qazanıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 2
oktyabr.- S. 15.