Türk mədəniyyətinin
bayramı
Ankarada TÜRKSOY-un 20 illik yubileyi təntənəli
şəkildə qeyd edildi
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev: “Ötən 20 ildə
həyata keçirilən layihələr TÜRKSOY-un türk
xalqları arasında həmrəyliyi daha da möhkəmləndirmək,
beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin
inkişafına kömək etmək və türk
xalqlarının tarixini, mədəni irsini, incəsənətini,
ədəbiyyatını qorumaq kimi məqsədlərə
layiqli xidmət etdiyini göstərir”
Oktyabrın 1-2-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyi qurumun mənzil-qərargahının yerləşdiyi Ankara şəhərində təntənəli şəkildə qeyd olundu. Tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edirdi.
Yubiley təntənələrinə türkdilli ölkələrin tanınmış sənətçilərinin möhtəşəm konserti ilə start verildi. Oktyabrın 1-də Türkiyə Prezidenti Simfonik Orkestrinin zalında təqdim olunan “Türk dünyası ulduzları” adlı qala-konsertdə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Xakasiya, Saha Yakut, Tuva respublikaları, Qaqauz Yeri (Moldova) və Krımdan (Ukrayna) məşhur ifaçılar çıxış etdilər. Proqramda Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun TÜRKSOY-un 20 illiyinə həsr etdiyi “Türk şöləni” uvertürası, Üzeyir Hacibəylinin “Koroğlu” operası, qazax bəstəkarı Mukan Toloboyevin “Birjan və Sara” operasından parçalar, zəngin türk musiqisinin bütün əlvanlığını nümayiş etdirən xalq mahnıları səsləndirildi. Konsert proqramı alqışlarla qarşılandı.
Oktyabrın 2-də Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül türkdilli ölkələrin nazirlərini qəbul etdi. Qardaş ölkənin dövlət başçısı yubiley münasibətilə TÜRKSOY-a üzv ölkələrin nümayəndələrini təbrik etdi, təşkilata gələcək fəaliyyətində uğurlar dilədi. TÜRKSOY-un baş katibi Düsen Kaseinov Prezident Abdullah Gülə yubiley medalı təqdim etdi.
Həmin gün qurumun Ankaradakı baş qərargahında türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Daimi Şurasının 31-ci toplantısı keçirildi. Toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən bəhs etdilər. Digər türkdilli ölkələrin təmsilçiləri də çıxış etdilər.
* * *
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında ölkəmizin türk dünyasının mədəni əməkdaşlığına verdiyi töhfələrdən danışdı. Ölkəmizin TÜRKSOY-un fəaliyyətinin daha da səmərəli edilməsi üçün görülən işləri dəstəklədiyini vurğuladı: “2009-cu il 16-17 oktyabr tarixində Bakı şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVI toplantısında TÜRKSOY-a Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı statusunun verilməsi təşkilatın fəaliyyətinə yeni ruh gətirdi, onun beynəlxalq aləmdə mövqeyini gücləndirdi. TÜRKSOY artıq bütün mötəbər beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur və onun fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən təqdir olunur.
Bu il 29 may-1 iyun tarixində Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda və ilk dəfə keçirilən dünya mədəniyyət və turizm nazirlərinin konfransında cənab Düsen Kaseniovun rəhbərliyi ilə TÜRKSOY-un təmsil olunması və təşkilat tərəfindən irəli sürülmüş təkliflər bir daha nümayiş etdirdi ki, türk xalqlarının həmrəyliyi və qarşılıqlı mədəni mübadiləsi əməkdaşlıq və dialoq üçün bir nümunədir. TÜRKSOY-un 2011-ci ildə keçirilmiş I Dünya Mədəniyyətlərarası Dialoq Forumunda da fəallığı diqqəti cəlb etmiş və tədbir çərçivəsində TÜRKSOY və İSESCO arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması İslam ölkələri ilə əlaqələrin genişlənməsi istiqamətində mühüm addım olmuşdur”.
Nazir bildirdi ki, əslində dialoq və əməkdaşlığa çağırış bizim ümumi mədəniyyətimizi, mədəni prinsiplərimizi, insanpərvərliyimizi əks etdirir: “Bu mənada Türkiyə Respublikasının BMT-nin Sivilizasiyalar Alyansının yaradıcılarından biri olması, Qazaxıstanın UNESCO mədəniyyətlərin yaxınlaşması proqramını ən yüksək səviyyədə dəstəkləməsi, Azərbaycanın mədəniyyətlərarası dialoqun təbliği üçün Dünya Forumunu təsis etməsi təsadüfi hadisələr deyil”.
Əbülfəs Qarayev eyni zamanda TÜRKSOY-un son dövrlərdə mədəni irsimizin nümunələrinin təbliği üçün çox mühüm layihələr həyata keçirdiyini qeyd etdi: “TÜRKSOY-un dəstəyi ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının türkdilli ölkələrin incəsənət xadimlərinin iştirakı ilə təşkilata üzv olan ölkələrdə səhnələşdirilməsi, türkdilli ölkələrin teatr xadimlərinin görüşlərinin, rəssamların birgə sərgilərinin, BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivallarının keçirilməsi, “Türk dünyası mədəniyyət paytaxtı” layihəsi, türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, xüsusi medal və mükafatların təsis edilməsi uğurlu addımlardandır. Bu layihələrin həyata keçirilməsi TÜRKSOY-un bu 20 il müddətində türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək və türk xalqlarının tarixini, adət-ənənələrini, dəyərlərini, mədəni irsini, incəsənətini, ədəbiyyatını qorumaq kimi məqsədlərə layiqli xidmət etdiyinin göstəriciləridir.
Nazir bildirdi ki, TÜRKSOY-un son illərdə türkdilli ölkələrin UNESCO üzrə milli komissiyalarının görüşlərinin təşkili və ümumi irsimizi əks etdirən mədəniyyət nümunələrinin vahid çoxmillətli fayl kimi UNESCO-nun həm maddi, həm də qeyri-maddi mədəni irsi siyahısına təqdim etmək təşəbbüsləri təşkilatın beynəlxalq fəaliyyətinin yeni müstəviyə qədəm qoyduğunu göstərir”.
* * *
Çıxışlardan sonra TÜRKSOY-un 2014-cü ildə həyata keçirəcəyi tədbirlərlə bağlı qərarlar verildi. Daimi Şura böyük türkmən şairi Məhtumqulu Fəraqinin anadan olmasının 290 illiyi münasibətilə Türkmənistan Mədəniyyət Nazirliyinin təklifi əsasında 2014-cü ilin “Məhtumqulu ili” elan edilməsi qərara alındı. Eyni zamanda, qırğız şairi Toktogul Satılqanovun anadan olmasının 150 illiyi münasibətilə 2014-cü il “Toktogul ili” elan edildi.
Daimi Şura 14-15 noyabrda Qırğızıstanda baş tutacaq Çingiz Aytmatovla bağlı tədbirdə, həmçinin 2014-cü ildə Naxçıvan şəhərinin 5000 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə TÜRKSOY-a üzv ölkələrin fəal iştirak etməsini tövsiyə etdi.
“Əskişəhər 2013 - Türk dünyası mədəniyyət paytaxtı ili” çərçivəsində “Türkvizyon” beynəlxalq mahnı yarışmasının keçirilməsi dəstəkləndi.
Sonda Daimi Şura 32-ci dönəm toplantısının koordinatorluğunu Tatarıstan (RF) Mədəniyyət Nazirliyi tərəfindən aparılmasını, 2014-cü ildə Kazan şəhərinin “Türk dünyası mədəniyyət paytaxtı” elan olunması və mədəniyyət ilinin bağlanış tədbirlərinin Kazanda keçirilməsini qərara aldı.
Tədbirdə TÜRKSOY-un 20 illiyi münasibətilə üzv ölkələrin nazirlərinə, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edildi.
Mehparə Sultanova
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 3.