“Avropa
sizin musiqini
tanıdıqca daha çox
sevəcək”
“Qara Qarayevin əsərlərini öz
orkestrimizin repertuarında Avropa
tamaşaçısına çatdırmaq istərdim”
Bu günlərdə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının iştirakçıları arasında məşhur almaniyalı dirijor Piter Rundel də vardı. Onunla Azərbaycan Dövlət Filarmoniyasında, konsert proqramının məşqi zamanı fürsət tapıb görüşdük. Həmsöhbətim öncə özü haqqında məlumat verdi:
- Almaniyada, Konstans gölünün sahilində yerləşən, universitetlər şəhəri adlandırılan Friedrichshafendə dünyaya gəlmişəm. Hazırda Münxendə yaşayıram. 30 ilə yaxındır ki, dirijorluqla məşğulam. Avropanın ən tanınmış orkestrlərində dirijorluq etmişəm və bir çox nüfuzlu mükafatlara layiq görülmüşəm. Ailəliyəm, iki övladım var.
- Bir qədər keçdiyiniz sənət yolundan bəhs edərdiniz...
- Dirijorluğa qədər keçdiyim sənət yolu bir qədər uzundur. Musiqi mənim həyatıma skripka ilə daxil olub. Bu əsrarəngiz alətin sirlərinə Almaniyada yiyələnməyə başladım, daha sonra təhsilimi Amerikada - Nyu-Yorkda davam etdirdim, tanınmış bəstəkar Cek Brimberqdən ustad dərsləri aldım. İndi də dirijoru olduğum “Ensemble Modern”də 1996-cı ilə qədər skripkaçı kimi fəaliyyət göstərmişəm. Ancaq dirijorluq məni özünə daha çox cəlb edirdi. Sadəcə bir aləti deyil, bütün ansamblın ifasını idarə etmək, ortaya uğurlu ifa qoymaq məni indinin özündə də həyəcanlandırır. Beləliklə, dirijorluq karyeram başladı. Avropa ölkələrinin əksər orkestrlərinə dəvət olunuram. Bakıya dəvət almağım da yəqin ki, musiqiçi və dirijor kimi uğurlu fəaliyyətimlə əlaqədardır.
- Bildiyim qədərilə artıq bir neçə dəfə paytaxtımızda olmusunuz. Bakı ilə bağlı təəssüratlarınızı almaq istərdik...
- Bəli, artıq 4-cü dəfədir ki, şəhərinizin qonağı oluram. İlk dəfə Bakıya 2 il əvvəl öz orkestrimlə gəlmişdim. Etiraf edim ki, o vaxt şəhəriniz, ölkəniz haqqında elə də məlumatlı deyildim. İlk təəssüratlarım məndə müsbət mənada təəccüb yaratdı. Şəhərinizin gözəlliyi, təmizliyi, maraqlı arxitektura, insanların mədəni səviyyəsi məni valeh etdi. Belə bir şəhərlə qarşılaşacağımı təsəvvür belə etmirdim. Burada sanki Şərqlə Qərb qovuşur. O səbəbdən hər dəfə Bakıya dəvət aldığımda tərəddüd etmədən razılaşıram. Artıq burada sənətçi dostlarım da var. Onu da etiraf edim ki, məni Bakıya cəlb edən ən əsas səbəblərdən biri, bəlkə də, birincisi sizin musiqiniz, sənətə münasibətiniz və duyumunuzdur. Mən burada bir dirijor və musiqiçi kimi başa düşüldüyümü hiss edirəm.
- Budəfəki səfəriniz digərlərindən nə ilə fərqlənir?
- Öncə onunla fərqlənir ki, rəhbərlik etdiyim orkestrlə gəlməmişəm. Dahi bəstəkarınız Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəyəm. 5-ci dəfə keçirilən bu beynəlxalq festivalda Üzeyir Hacıbəylinin adını daşıyan orkestrlə çıxış etmək olduqca xoş təsadüfdür mənim üçün. Bu orkestrlə, peşəkar kollektivlə bir ildən çoxdur ki, tanışam, imkanlarına bələdəm. Daha bir yenilik isə almaniyalı tanınmış solist, La Skala və Avropanın digər böyük opera səhnələrində çıxış edən Bricit Pinterlə bu festivalda iştirakımızdır. Düzdür, onu bu səfərə razı salmaq o qədər də asan olmadı, ancaq şəxsi dostluğumuz bu məsələdə köməyimə çatdı. O, ilk dəfədir ki, şəhərinizin qonağıdır və təəssüratları da olduqca müsbətdir. İnanıram ki, Bakıya bir daha gəlmək istəyəcək.
- Konsert proqramınıza dahi alman bəstəkarı Rixard Vaqnerin əsərləri daxildir...
- Bu təsadüfi deyil. Bilirsiniz ki, bu il Rixard Vaqnerin 200 illiyi münasibətilə bütün dünyada tədbirlər keçirilir. V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında Vaqnerin əsərlərinin səslənməsi də olduqca əlamətdar hadisədir. Dahi bəstəkarın əsərlərinin azərbaycanlı musiqiçilər tərəfindən səsləndirilməsi isə xüsusilə məmnunedicidir.
- Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə necə, tanışsınızmı? Gələcəkdə onların əsərlərini öz repertuarınıza daxil etməyi düşünürsünüzmü?
- Bəli, Azərbaycan musiqisinə, bəstəkarların yaradıcılığına müəyyən qədər bələdəm. İlk dəfə Bakıya gəlməzdən öncə internetdə Azərbaycan musiqisini, muğamı dinlədim. Mənə çox maraqlı təsir bağışladı. Sanki heç eşitmədiyim bir musiqini dinləyirdim. Üzeyir Hacıbəylinin yaradıcılığı ilə Bakıda daha geniş tanış olmaq imkanım oldu. Mən başa düşdüm ki, onun əsərlərindəki qeyri-adilik muğamla klassik orkestr musiqisinin vəhdətindən yaranıb. O, Azərbaycan muğamını orkestr repertuarına daxil edib.
Müasir bəstəkarlarınızın yaradıcılığı ilə də tanışlığım var. Bəstəkar Fərəc Qarayevi hələ 20-30 il bundan əvvəl tanıyırdım. Caz musiqiçisi Əzizə Mustafazadə isə Avropada olduqca tanınmış simadır. Onlar müasir Avropa dinləyicilərinin zövqünü oxşaya biləcək əsərlər ortaya qoyurlar. Düzdür, hələ ki Avropada tanınan bəstəkarlarınız o qədər də çox deyil, ancaq inanıram ki, Avropa sizin musiqini tanıdıqca daha çox sevəcək. O ki qaldı, sizin bəstəkarların əsərlərinin bizim repertuara daxil edilməsinə, bu barədə müəyyən ideyalar var. Dahi bəstəkarınız Qara Qarayevin əsərlərini öz orkestrimizin repertuarında Avropa tamaşaçısına çatdırmaq istərdim. Məncə, bu, maraqla qarşılanar. Bilirsiniz, bu kimi məsələlər bir az zaman tələb edir. Yəqin ki, növbəti səfərlərimizdə bu ideyanı reallığa çevirə biləcəyik. Buna şübhə etmirəm.
- Yəqin ki, Bakıya səfərləriniz zamanı musiqi məktəblərimizdə də olmusunuz. Azərbaycan musiqisinin gələcəyi, yeni nəsil barədə hansı fikirdəsiniz? Gənc ifaçılarımızın Avropa səhnəsinə yol tapması mümkündürmü?
- Əlbəttə, mümkündür. Mənim olduğum musiqi məktəblərində çox istedadlı şagirdlər var. Onlar dünya musiqisinə bələddirlər, Avropa bəstəkarlarının əsərlərini onların ifasında heyranlıqla dinləyirsən. İndi sizin gənclərin Avropaya çıxış üçün daha böyük imkanları var, sizin musiqini Almaniyada, Fransada, İtaliyada yeni-yeni dinləyirlər, maraqlanırlar. Bu, Avropada tanınmaq istəyən gənclər üçün daha yaxşı imkan deməkdir. Dövlət də beynəlxalq tədbirlər vasitəsilə bu cür istedadlı gənclərin yolunu açmaq istəyir, onlara dəstək olur. Bu xətt olduğu kimi davam etdirilərsə, yeni nəsildən daha böyük uğurlar gözləmək olar. Elə bu musiqi festivalında da mən sizin gənclərin istedadının bir daha şahidi oldum, onların ifasına qulaq asdım. Gənclərinizin böyük potensialı var. Dövlətin, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə daha böyük nəticələr əldə etmək olar.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 11.