Xalq artisti Məcnun
Kərim vəfat edib
Xalq artisti, sənətşünaslıq
doktoru, Bakı Musiqi Akademiyasının professoru, Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı
və rəhbəri Məcnun Kərim oktyabrın 2-də 68 yaşında
vəfat edib.
Məcnun Təbriz oğlu Kərim 1945-ci il
sentyabrın 1-də Zəngəzur
mahalının Şəki
kəndində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası) «Xalq çalğı alətləri» şöbəsini
bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası
və təkmilləşdirilməsi»
elmi laboratoriyasının
müdiri vəzifəsində
çalışıb. 1995-ci ildə «Azərbaycanın
qədim simli çalğı alətləri»
(tarixi-nəzəri, bərpa
və təkmilləşdirmə
məsələləri) mövzusu
üzrə dissertasiya
müdafiə edib.
Azərbaycanın qədim musiqi
alətləri haqqında
tədqiqatların müəllifidir,
10-dan çox qədim
musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.
1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin nəzdində
Qədim Musiqi Alətləri Ansamblını
yaradıb, bu kollektivlə musiqi sənətimizin təbliğinə
töhfələr verib.
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə
görə 2006-cı ildə
Azərbaycan Respublikasının
Əməkdar artisti,
2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət
eləsin.
Mədəniyyət.- 2013.- 4
oktyabr.- S. 11.