Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində sərgi

 

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc azərbaycanlı rəssam İslam Həsənəlizadənin rəssamlıq və heykəltəraşlıq əsərlərindən ibarət sərgisi açılıb.

Vernisajın açılışında Avstriya parlamentinin deputatları, hökumət təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və sənətsevərlər iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qurumun incəsənətə, ədəbiyyat və musiqiyə həsr olunmuş tədbirlər keçirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, mədəniyyət mərkəzində ilk dəfə təşkil olunan sərgidə gənc rəssamın əsərlərinə yer verilməsi təsadüfi deyil. Mərkəzin məqsədi istedadlı rəssamlardan ibarət gənc nəsli Avstriya ictimaiyyətinə tanıtmaq, müasir Azərbaycan incəsənətini Avropaya təqdim etməkdir. İslam Həsənəlizadənin əl işləri Rusiya, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, Gürcüstanbaşqa ölkələrdə nümayiş olunub. Gənc rəssamın ilk fərdi sərgisinin Vyanada təşkil olunması diqqətəlayiq hadisə kimi qiymətləndirilib. Bildirilib ki, mərkəz Azərbaycan mədəniyyətinin Avstriyada tanıdılması məqsədilə avstriyalı tərəfdaşları ilə əməkdaşlığı genişləndirəcək.

Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi qısa müddət ərzində müxtəlif tədbirlər təşkil etməsini təqdirəlayiq hal kimi dəyərləndirib, qurumun bundan sonra da Azərbaycanın təbliği istiqamətində sanballı tədbirlərə imza atacağına ümidvar olduğunu bildirib.

Sonra tədbir iştirakçıları gənc rəssamın əl işləri ilə tanış olublar. Sərgi oktyabrın 22-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 5.