Milli qüruru tərənnüm
edən şair
Oktyabrın
7-də Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə
əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Naxçıvan Bölməsində Naxçıvan
Dövlət Universitetinin və muxtar respublika
Yazıçılar Birliyinin birgə təşkilatçılığı
ilə elmi konfrans keçirilib.
Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyev açaraq Xalq şairinin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini Azərbaycan ədəbiyyatı tarixində mühüm rol oynamış, özünəməxsus dəst-xətti ilə seçilən Məmməd Arazın irsinə göstərilən diqqətin bariz nümunəsi kimi dəyərləndirib.
Bildirilib ki, hər bir şairin əbədi və əzəli ilham mənbəyi vardır. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən Azərbaycandır. Məmməd Araz yaradıcılığı Azərbaycan tarixinə işıq salan poeziyadır. Hələ sovetlər dövründə qələmə aldığı “Məndən ötdü, qardaşıma dəydi” şeirində Məmməd Araz böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışıb, zaman-zaman bu torpaq üzərində gedən “cahan çarpışmalarını” diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Milli qüruru tərənnüm edən şair” adlı məruzəsində şeirimizin Məmməd Araz zirvəsinin bədii xüsusiyyətlərinə toxunub, onun ədəbiyyatımızda özündən sonra məktəb yaradan qüdrətli şəxsiyyət olduğunu vurğulayıb.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları böyük ədibin şeirlərinin məziyyətlərindən söz açıblar.
Sonda konfrans
iştirakçıları Xalq şairinin əsərlərindən ibarət
sərgiyə baxıblar.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 7.