Liviya qəzeti Azərbaycanın muğam sənətindən yazıb

 

Liviyanın dövlət mətbu nəşri olan “Libya əl-Əxbariyyə” qəzetində Azərbaycanın qədim muğam sənətinə həsr olunmuş yazı dərc olunub. “Müsəlman xalqlarının mədəniyyətinə pəncərə: Azərbaycan Respublikasında muğam sənəti” başlıqlı məqalədə muğamın ölkəmizin musiqi mədəniyyətində mühüm yer tutması və xalqımızın mədəni irsində dərin köklərə malik olması barədə məlumatlar oxucuların diqqətinə çatdırılır.

Məqalədə muğamın yaranması və inkişafı tarixindən bəhs edilir, muğam sənətinin Azərbaycan xalqının mədəni dəyərlərindən biri kimi qəbul edildiyi vurğulanır. Müəllif ölkəmizdə Novruz bayramı ərəfəsində iki ildən bir keçirilən “Muğam dünyası” Beynəlxalq Muğam Festivalından söz açır, UNESCO-nun beynəlxalq musiqi mükafatının laureatı Alim Qasımovun Azərbaycanda muğamın ən tanınmış ifaçılarından olduğunu qeyd edir.

Məqalədə bu sənət növünün ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların da arasında məşhur olması diqqətə çatdırılır, Azərbaycan muğamının 2003-cü ildə UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irs inciləri” siyahısına daxil edildiyini vurğulanır. Müəllif insana mənəvi qida verən muğam musiqisi ilə bağlı qəzetin növbəti saylarında da yazıların dərc olunacağını bildirir.

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 7.