Bir aktyorun taleyi və sənəti
Hacıağa Abbasov - 125
Oktyabrın
23-də teatr sənətimizin görkəmli nümayəndəsi,
aktyor, Azərbaycanın ilk Xalq artisti Hacıağa Abbasovun 125
illik yubileyi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Milli Dram Teatrında qeyd ediləcək. Hacıağa
Abbasov o fədakar sənətkarlardandır ki, həyatını
sənətə həsr edib. Bəzən
sovet ideologiyasının sərt cəzalarına da məruz
qalıb, amma ruhdan düşməyib, milli
teatrımızın inkişafına dəyərli töhfələr
verib. Yubiley ərəfəsində onun
ömür və sənət yoluna bir daha nəzər salmaq
istədik.
Sənətə gedən yol
Hacıağa Mütəllib oğlu Abbasov 1888-ci ildə
Bakının Maştağa kəndində müəllim ailəsində
anadan olub. İlk təhsilini kəndlərindəki rus-tatar məktəbində
alıb, sonra görkəmli ziyalı, maarifçi Həbib bəy
Mahmudbəyovun məktəbində oxuyub. Burada
o, görkəmli aktyor Hüseyn Ərəblinski ilə
görüşür və bu xoş təsadüf onun gələcək
həyatını müəyyənləşdirir.
Cahangir Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi
professional aktyorların fəaliyyət göstərdiyi
mühitə düşən Hacıağa Abbasov onlarla
çiyin-çiyinə Azərbaycan teatrını inkişaf
etdirməyə başlayır.
1905-ci ildə ilk dəfə M.F.Axundzadənin “Hekayəti-Molla
İbrahimxəlil kimyagər” əsərinin tamaşasında
Molla İbrahimxəlil rolunu oynayır. 1906-1909-cu illərdə
təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirir. Burada azərbaycanlılardan ibarət teatr truppası
yaradır və sonralar bu truppanı Teymurxanşurada
(Dağıstanın indiki Bunyaksk rayonu) teatra çevirir.
Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman
Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət”
teatr truppalarında, daha sonra isə “Səfa” cəmiyyətində,
“Zülfüqar və Üzeyir bəy Hacıbəyli
qardaşlarının müdiriyyəti” adlı teatr
truppasında fəaliyyətini davam etdirməklə
yanaşı, Balaxanı kənd məktəbində Mirzə
Ələkbər Sabirlə birlikdə müəllim işləyir.
Mənbələrdə qeyd olunur ki, kiçik
yaşlarından rus dilini mükəmməl öyrənən
aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya
böyük maraq göstərib, hətta onun əsərlərini
tərcümə edərək tamaşaya qoyub. Böyük rus
yazıçısının yaradıcılığına
maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə
aparıb və o, dahi ədiblə yaxından tanış
olub. Hacıağa Abbasov bu barədə xatirələrində
yazır: “Mən böyük ədibə Azərbaycan
oxucuları tərəfindən çox sevildiyini dedikdə o,
xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və
sülh” kitabına “Yadigar üçün L.N.Tolstoydan”
sözlərini yazıb, mənə bağışladı”.
Aktyorun səhnə fəaliyyətinin mühüm hissəsi
Mirzəağa Əliyevlə birgə yaratdığı və
rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə
bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın
açılışında o dövrün tanınmış
mədəniyyət və dövlət xadimləri - Nəriman
Nərimanov, rus rejissoru Konstantin Stanislavski, memar Zivər bəy
Əhmədbəyov, rəssam Əzim Əzimzadə,
yazıçı Məmməd Səid Ordubadi və
başqaları iştirak etmişdi.
Hacıağa Abbasov teatrın səhnəsində,
müxtəlif ədiblərin əsərləri ilə
yanaşı, özünün yazdığı pyesləri də
tamaşaya qoymuşdu. Dünya və rus dramaturqlarının
yaradıcılığını öyrənmək,
onları tərcümə etməklə bərabər,
dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə
sınayırdı. O, “Bakının fəthi”, “Ağa Məhəmməd
şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”,
“Sabirin məhkəməsi”, “Rus macərası” kimi bir-birindən
maraqlı pyeslər yazıb. “Sabirin məhkəməsi”
pyesində böyük satirik şairin kəşməkəşli
həyatını təsvir edib. Teatr
tez-tez Bakı kəndlərində tamaşalar göstərirdi.
Teatrın fəaliyyəti Hacıağa Abbasovun
və görkəmli sənətkar Mirzəağa Əliyevin
adı ilə bağlı olduğundan xalq arasında
“Hacımirzə” teatrı kimi tanınırdı.
Maarif fədaisi - teatr təəssübkeşi
Görkəmli aktyor həm də maarif fədaisi idi. Qızı
Elmira xanım atasının ömrünün son günlərinədək
yazıb-yaratdığını, qəzet və jurnallara məqalələr
göndərdiyini qeyd edir. Hələ gənc
yaşlarından o, mövhumatın güclü olduğu kəndlərdə
məktəblərin açılması, qızların məktəbə
cəlb olunması işində fəal iştirak etmişdi.
Böyük Vətən müharibəsi illərində
respublika Xalq Komissarları Soveti yanında İncəsənət
işləri idarəsinin rəisi vəzifəsində
çalışırdı. Qazax,
Şamaxı, Göyçay, Zaqatala və Bərdədə
teatrların yaradılması onun adı ilə
bağlıdır. Hacıağa Abbasov Azərbaycanı
kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri
toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu
Gəncədən Bakıya gətirmiş və onun Moskvaya
oxumağa göndərilməsinə nail olmuşdu. Bir sözlə, bütün yaradıcı
gücünü səhnəyə, xalqın maariflənməsinə
həsr etmişdi.
1927-ci ildə Azərbaycan Dram Teatrının direktoru vəzifəsinə
təyin olunan Hacıağa Abbasov burada özünü
bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi
göstərə bildi. Azərbaycan teatrının
inkişafında yorulmadan çalışan sənətkar hər
şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin
qayğısına qalırdı. Məhz
bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu
illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin
etmişdilər. Burada o, ilk növbədə
teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək
qayğısına qalırdı. Bu illərdə
o, Azərbaycan səhnəsi üçün bütöv bir
aktyor nəsli yetişdirmişdi. Onların
bir çoxu - Ələsgər Ələkbərov, Adil
İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı təkcə
respublikamızda deyil, keçmiş ittifaq məkanında
geniş tanınan aktyorlar idi. Yüksək sənətkarlıq
qabiliyyəti, təşkilatçılıq
bacarığı nəzərə alınaraq aktyor 1932-ci ildə
Azərbaycanın ilk Xalq artisti fəxri adına
layiq görülür. Hazırda Maştağa
qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət
evi görkəmli sənətkarın adını
daşıyır.
Xatirələr
işığında
Hacıağa Abbasov haqqında əldə etdiyimiz məlumatlarda
onun sürgün olunması və Orta Asiyada yaşaması ilə
bağlı faktlara da rast gəlirik. Bu barədə bizə
aktyorun qızı Elmira xanım ətraflı
danışdı. Elmira xanımın sözlərindən
məlum oldu ki, Hacıağa Abbasov bir neçə dəfə
vətəni tərk etməyə məcbur edilib:
- Atam 87
yaşında vəfat etdi. O, çox gümrah, özünə
fikir verən bir insan idi. Dost-tanışla əlaqə
saxlayar, televiziyada tez-tez çıxışlar edərdi.
Yorulmaq bilmirdi. Qəzetlərə
də mütəmadi məqalələr göndərərdi.
Ömrünün son günlərinədək
tanınmış insanlar ona baş çəkərdilər.
Teatrşünas Cabir Səfərov atamın
yanına tez-tez gələrdi, Süleyman Rüstəm, Bəhram
Mənsurov, Mehdi Məmmədov atamla maraqlı söhbətlər
edərdilər. Atamın yaxşı hafizəsi
var idi. Ona görə də ondan öyrənməyə
gələnlər çox olurdu. Onun həyat
yolu heç də asan olmamışdı. Repressiyaya məruz qalmış, uzun müddət təqib
olunmuşdu. Orta Asiyada məcburi
sürgün həyatı yaşayarkən belə səhnə
fəaliyyətini davam etdirmiş, teatr truppaları, dərnəklər
yaratmışdı.
Atam 1937-ci ildə Sibirə sürgün edildiyi zaman həyat
yoldaşı da həbslərə düşməsin deyə
ondan ayrılır. O, həbs müddətinin bir hissəsini Moskvada
keçirib. Ədəbiyyatı, rus və
türk dillərini mükəmməl bildiyi üçün
Moskvada həbsdə ikən ondan tərcüməçi kimi
istifadə ediblər. 1943-cü ildə atam xəstə
halda sürgündən qayıdır və müalicə
olunduğu zaman mənim anamla tanış
olaraq ailə qurur. Anam tibb bacısı idi.
Amma bu dəfə də Mircəfər
Bağırov atamı rahat buraxmır. Evimiz
Mərkəzi Komitənin binasına yaxın olduğuna
görə komitənin işçiləri sürgündən
qayıdanların idarəyə yaxın yerdə
yaşamasına razı deyildilər. Buna
görə də atam 1948-ci ildə anamla birlikdə evi
dövlətə təhvil verir və Orta Asiyaya
köçür. Əvvəl Səmərqəndə,
oradan da Düşənbəyə gedirlər. 1957-ci ildə biz yenidən Bakıya qayıtdıq.
Həmin il atama dövlət tərəfindən
teleqram gəldi və onu Bakıda yaşamağa dəvət
etdilər. Qayıtdıqdan sonra bizə ev
verdilər və atama fərdi təqaüd kəsdilər.
Atam keçdiyi çətin həyat yolunu, səhnə və
ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan
teatrının 100 illiyi münasibətilə nəşr etdirdiyi ”Xatirələrim” kitabında geniş əks
etdirib.
1988-ci ildə atamın 100 illik yubileyi qeyd edildi. O zaman rəhmətlik
Siyavuş Aslan atamın rolunda çıxış edərək
səhnəyə çıxdı. Atamın
yazdığı pyeslərdən səhnəciklər də
göstərildi.
Obrazlar qalereyası
Hacıağa Abbasov Azərbaycan səhnəsinin bəzəyi
olan bir-birindən gözəl obrazlar qalereyası yaradıb. Müəllif
ideyasının təqdiminə xüsusi önəm verib,
obrazların xarakter keyfiyyətlərinin üzə
çıxarılmasında böyük peşəkarlıq
göstərib. Onun “Hacı Qara”da Hacı Qara, “Yağışdan
çıxdıq, yağmura düşdük”də Hacı Qəmbər,
”Nadir şah”da Mirzə Mehdi xan, “Şamdan bəy”də
Şamdan bəy, “Dəmirçi Gavə”də Qubad və s.
rolları dövrün tamaşaçılarının qəlbində
dərin iz buraxıb. Aktyor Üzeyir Hacıbəylinin "Məşədi
İbad", "Arşın mal alan",
"Ər və arvad" operettalarında Məşədi
İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif
quruluşlarda dəfələrlə və uğurla
oynayıb.
Görkəmli sənətkar, Xalq artisti Hacıağa
Abbasov 1975-ci ildə dünyasını dəyişsə də,
adı və səhnə həyatı verdiyi obrazlar sənət
tariximizin yaddaşında əbədi yaşayır.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 10.