Seyid Yəhya Bakuviyə həsr olunmuş konfrans Livan mətbuatında
Xəbər verdiyimiz kimi, bu ilin 2-3 iyul tarixində Bakıda görkəmli sufi filosofu Cəlaləddin Seyid Yəhya Bakuvinin (Şirvani) xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu il böyük azərbaycanlı filosofun vəfatının 550 illiyi UNESCO səviyyəsində də qeyd olunur.
Konfransda təmsil olunan bir sıra ölkələrin mətbuatında Bakuvi haqqında yazılar dərc olunub. Tədbirdə iştirak etmiş Əlcəzair Milli Araşdırma Mərkəzinin direktoru, professor Zaim Xenşelavi Livanın press-net saytında maraqlı məqalə ilə çıxış edib. Bu barədə qəzetimizə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva məlumat verib.
Müəllif xəlvətiyyə təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvinin şöhrətindən və konfransın əhəmiyyətindən söhbət açır: “UNESCO-nun xətti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil etdiyi bu mötəbər elmi konfrans dünya şöhrətli filosofun sufi ruhu və irfani dünyagörüşü baxımından böyük əhəmiyyət kəsb edir. Bu təriqətin şöhrəti Azərbaycanla məhdudlaşmamış, Qafqazdan yayılaraq İslam aləminə - şərqdə Əfqanıstana qərbdə Əlcəzair, Anadolu, Şam və Misirə qədər yayılmışdı”.
Yazıda Azərbaycanın dövlətçilik ənənələrindən bəhs olunur, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin İslam aləmində ilk demokratik dövlət olduğu vurğulanır. Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqda artan rolundan, ölkədə hökm sürən tolerant mühitdən də söz açılır. Qeyd olunur ki, bu gün dünyada dini cərəyanlar arasında zorakılığın yayıldığı bir vaxtda Azərbaycan bütün İslam aləminə nümayiş etdirdiyi dini dözümlülük və müxtəlif dini qrup və icmaların dinc yanaşı yaşaması modelindən nümunə götürülməlidir.
Məqalədə bildirilir ki, konfransda dünyanın müxtəlif ölkələrindən alimlərin və sufi şeyxlərinin iştirak etməsi faktı Azərbaycan hökumətinin sufi mirasına və onun öyrənilməsinin inkişaf etdirilməsinə diqqət və qayğısının ifadəsidir: “Beynəlxalq tədbir eyni zamanda millətlər və xalqlar arasındakı dialoq və dözümlülüyün artırılması məqsədindən irəli gəlir. Konfransın adı da buna dəlalət edirdi: ”Xəlvətiyyə mədəniyyətlərarası dialoqun gücləndirilməsində dünyəvi faktor kimi”.
C.Zərbəliyev
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 11.