Yeni uğurların sorağında

 

Sentyabr ayı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının həyatında yeni nailiyyətlə yadda qaldı.

Sentyabrın 3-dən 13-dək Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” adlı beynəlxalq musiqi müsabiqəsində məktəb-studiyanın III sinfində təhsil alan Emil Hüseynov müvəffəqiyyətlə çıxış edərək birinci yerə layiq görülmüşdür.

Müsabiqə yüksək səviyyədə təşkil olunmuş, maraqlı ustad dərsləri və konsertlər keçirilmişdir. Belə ustad dərslərinin birində Emil münsiflər heyətinin üzvlərindən olan Angel Stankov tərəfindən 2015-ci ildə Almaniyada keçiriləcək yeni müsabiqəyə dəvət almışdır.

Qeyd edək ki, müsabiqənin təşkilat komitəsinin sədri, Bolqarıstanın “Zolotaə muzamilli mükafatının laureatı Lyudmila Korşun, layihənin rəhbəri “Nadejdı, talantı, mastera” və “Folğklor bez qraniü” müsabiqələrinin bədii rəhbəri Boqomil Bonev, münsiflər heyətinə sədrliyi isə Viktor Çuçkov (Bolqarıstan) etmişdir. Münsiflər heyətinə həmçinin Tamara Poddubnaya (ABŞ), Angel Stankov (Bolqarıstan), Tomislav Baykov (Almaniya), Lyudmila Ovçinnikova (Rusiya) və İqnat Kornel (Rumıniya) daxil idilər.

Müsabiqəyə Almaniya, Rusiya, Türkiyə, ABŞ, Azərbaycan, Yaponiya, Çexiya, Ukrayna, Rumıniyadan ifaçılar qatılmışdı. İştirakçılar üç yaş qrupuna bölünmüşdülər. Birinci yaş qrupuna daxil olan Emil ifaçılıq texnikası, konsert mədəniyyəti, musiqi duyumu ilə münsiflərin və dinləyicilərin böyük rəğbətini qazana bildi.

Emil Hüseynov çox istedadlı və çalışqandır. Bu il o, keçid imtahanlarını müvəffəqiyyətlə verərək III sinifdən V sinfə keçirilmişdir. Yaşının az olmasına baxmayaraq, Emil bu il artıq ikinci müsabiqədə iştirak edirlaureat adını qazanır. O, aprel ayında Qara Qarayevin 95 illiyinə həsr olunmuş gənc musiqiçilərin II respublika elmi-ifaçılıq müsabiqəsində də uğur qazanmışdı.

Yeniyetmə ifaçı Bolqarıstandan gözəl təəssüratlarla vətənə dönmüşdür: “Hər dəfə Azərbaycanın adını çəkəndə mən çox duyğulanır və sevinirdim. Fikirləşirdim ki, nə yaxşı ölkəmin adını məhz mən təmsil etmiş və yüksək yerə layiq görülmüşəm. Gələcəkdə də xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirak edib Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Sonda isə Emil onun ifaçı kimi yetişməsində əməyi olan hər kəsə təşəkkür etdi: “İndiyədək iki müsabiqədə laureat olmuşam və qazandığım uğurlara görə ilk növbədə oxuduğum məktəb-studiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidova, öz ixtisas müəllimim Neylufər xanım Salamzadəyə minnətdaram. Neylufər xanımın yüksək peşəkarlıqla keçdiyi dərslər, metodiki məşğələləri məni ildən-ilə yetişdirmişdir. Həmçinin müəllimlərim Rəna xanıma, Ofeliya xanıma, Elmira xanıma çəkdikləri zəhmətə görə minnətdaram”.

BizEmili bu uğurları münasibətilə ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayırıq. Ona daha çalışqan olmağı diləyirik, çünki fəth olunmalı zirvələr uğurlu gələcəkdədir.

 

Aytən İbrahimova

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 11.