“Tanrı insana istedad verir, ancaq peşəkarlığı hər kəs öz zəhməti ilə qazanır”

 

“Nələri ki biz öyrənə bilmirik, gələcək nəsillərə həm ruzi, həm də sənət kimi qalır ki, sabah bu işlə onlar da məşğul ola bilsinlər”

 

Öz sahəsində sayılıb-seçilən insanları qonaq etdiyimiz “Peşəkar” rubrikasında budəfəki həmsöhbətimiz tanınmış nağara ifaçısı Natiq Şirinovdur. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Natiqritm qrupu bu alətin sehrinə düşən gəncləri öz ətrafına toplayıb, onların sənət eşqini ritm yaradıcılığına, tamaşaçı alqışına çevirib. Ən böyük arzusu isə ölkəmizdə böyük nağara mərkəzinin açılması və gənclərin bu ocağa toplaşıb sənətlərini davam etdirməsidir.

Söhbətimiz səsyazma studiyalarının birində baş tutdu. Yaradıcı heyət yeni musiqi parçasını lentə yazırdı, gərgin prosesi gedirdi. Müsahibimin öncə peşəkarlıqla bağlı fikirlərini dinlədik:

- Mənim aləmimdə, peşəkar öz işini dərindən bilən, dürüst icra edən insandır. Bir neçə sahə ilə məşğul olan insanların bu sahələrin hər birində peşəkar olması mümkün deyil. Elə götürək bizim sahəni. Nağara ifaçısının qoşa nağaranı da ifa edə biləciyini rahatlıqla söyləmək olar, amma o bu iki zərb alətindən birinin peşəkarı ola bilər. Təkcə bir sənəti, məsələn, nağara sənətini öyrənməyə insan ömrü kifayət etmir. Bu sözümü bəzən qəribçiliyə salırlar, amma həqiqət budur. Elə olmasaydı, bir alətdə səslənən eyni cür səs, eyni cür ifa insanları yorardı, alətlər də tükənib sıradan çıxardılar. Niyə bu baş vermir, ona görə ki, hər ifaçı alətin yeni imkanlarını açır, onu tamaşaçıya, dinləyiciyə daha fərqli təqdim edir və beləcə həm sənət, həm alət yaşayır. Bu gün mənim nağaraya yeni nəfəs gətirməyim bu alətin yeni imkanlarını açmağımla bağlıdır. Məndən sonra gələnlər də nağarada yeni tapıntılar edəcəklər, bu aləti yaşadacaqlar. Bu səviyyəyə çatmaq üçün də mütləq bir sahə ilə ardıcıl məşğul olmalısan, özünü həmin sənətə həsr etməlisən ki, o sənət də sənə öz sirlərini açsın. Adi bir nümunə deyim, hamının bildiyi altı-səkkiz ritminin o qədər müxtəlif variasiyaları var ki, onların hamısını öyrənib başa çatdırmaq mümkün deyil. Nələri ki biz öyrənə bilmirik, onlar gələcək nəsillərə həm ruzi, həm də sənət kimi qalır ki, sabah bu işlə onlar da məşğul ola bilsinlər. Bu yəqin ki, İlahinin qüdrətindəndir, ən çalışqan, ən bacarıqlıya belə sonunu göstərmir. Bəli, Tanrı insana istedad verir, ancaq peşəkarlığı insan öz zəhməti ilə qazanır, çalışaraq, axtararaq, öyrənərək əldə edir.

- Bəs siz bu yolu necə keçdiniz? Nə vaxt hiss etdiniz ki, özünüzü bu sənətə həsr etməlisiniz?

- Mən insanın sənətə gəlişi ilə dünyaya gəlişi arasında maraqlı bir oxşarlıq hiss edirəm. İnsan dünyaya necə gəldiyini bilmədiyi kimi, sənətə də necə gəldiyini bilmir, sadəcə, bir müddət keçəndən sonra özünü həmin sənətdə tapır. Körpəlikdən nağara dıqqıldatmışam, ancaq buna heç cür ifa demək olmaz. 9-10 yaşımdan isə artıq toylara getməyə başladım. O vaxt toylar da çətin idi. İndi sintezator, mikrofon, səs avadanlıqları ifaçıya çox kömək olur. İndiki effektlərə yaxın səsi almaq üçün ifaçı sözün həqiqi mənasında tər tökməli olurdu. Çox böyük xanəndələrimizlə çalışmışam. 1999-cu ildən 2007-ci ilədək böyük muğam ifaçımız Alim Qasımovun qrupunda nağara ifa etmişəm, Məmmədbağır Bağırzadə, Baloğlan Əşrəfovla el şənliklərində iştirak etmişəm. Sevda Ələkbərzadə ilə bir müddət əməkdaşlığımız olub, bir albomunun hazırlanmasında yaxından iştirak etmişəm. Nağaranın bir alət kimi trioya daxil edilməsi, bir üzü dəri, bir üzü plastik olan nağaranın yaradılması da mənə qismət olub. İki ayrı ritmin bir ifaçıda birləşdirilməsi ideyasını mən vermişəm. Gələcəkdə üç müxtəlif ritmi də birləşdirmək fikrindəyəm. Ancaq burada gərək, ayağı da işə salasan. Elə yeniliklər də olub ki, fikirləşmişəm ki, bunu nağaraya mən gətirdim, ancaq bir qədər dərin mütaliə edəndə görmüşəm ki, lap əvvəl nağaralarda bunlar olub. Onu da deyim ki, mənim sənət həyatımda da hər şey rəvan getməyib. Bir müddət oldu ki, ərəblərə, Yaxın Şərq ölkələrinə aid zərb aləti toylarda populyarlıq qazandı, bizi el şənliklərinə az-az dəvət etməyə başladılar. 1993-1994-cü illər idi. Bir-iki dəfə məcbur qalıb zərb aləti ilə toylara getdim, amma ürəyimə yatmadı, fikirləşdim, bunun axırı yoxdur. Dolanışıq üçün başqa sahələrlə məşğul oldum, hətta daş karyerində çalışdım. Amma bu müddətdə də nağara daim mənim zehnimi məşğul edirdi. Oğlum Ümidin dünyaya gəlişi ilə nağara da mənim həyatıma yenidən qayıtdı, özüçox möhtəşəm qayıdış oldu. Bizi əvvəllər tənqid etdilər, amma biz yolumuza davam etdik. Nağara çazla ifa olundu, muğam üçlüyünə daxil edildi, dövlət və beynəlxalq tədbirlərin açılışında konsert proqramlarında iştirak etdik. Çətinliklə də olsa, bu yol bizi işığa apardı, ritm yaradıcılığına çevrildi, tapıntılar ortaya çıxdı.

- Bu sənətin təhsilini almısınızmı?

- Yeniyetmə vaxtımda “Pionerlər evi”ndə müəllimim Azər Əliyev olub. Ondan Azərbaycan ritmlərini öyrənmişəm. Daha sonra not yazısını öyrənməyə başladım, amma etiraf edim ki, not yazısına o qədər də meyl etmirdik. Toylar, pul qazanmaq daha maraqlı gəlirdi. Toylara getməklə fəxr edirdik. Ancaq zamanla bütün mərhələləri aşa bildik. Sənətə sənət kimi baxmağı, dəyər verməyi öyrəndik. Əsas odur ki, olduğun yerdə dayanmayasan və mərhələləri uğurla keçə biləsən. Yenə sizin peşəkarlıq məsələsinə qayıtmaq istərdim. An gəldi ki, nağarada öyrəşdiyimiz eyni səs və ritmlər məni sıxmağa başladı. Fikirləşirdim ki, insanlar eyni səsli bir alətə nə qədər qulaq asa bilərlər axı. Tapıntılar, yeniliklər də bu fikirlərdən yarandı. Bu gün 2-3 saat konsert verə bilirik, hamı da sona qədər dinləyib zövq alır.

- Sizin özünüzün yetirmələriniz, yəqin ki, kifayət qədərdir...

- Tələbə sarıdan korluğumuz yoxdur. Bu gün, demək olar ki, bütün musiqi məktəblərindən müraciət edirlər. 150-yə yaxın tələbə var ki, bu sənətin sirlərini öyrənir. Bu da bizi çox sevindirir, sənətin gələcəyinə ümid yaradır. Amma məni narahat edən məsələ respublika üzrə vahid nağara mərkəzinin olmamasıdır. Biz bu gün varıq, bu gənclər bizim ətrafımıza toplaşır, məşqlər edir, konsertlərdə çıxış edirlər. Bu, çox gözəl haldır. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi də lazım olanda daim kömək əlini uzadır. Mən çox istərdim ki, muğam mərkəzi kimi nağara mərkəzi də yaradılsın və bizim olub-olmamağımızdan asılı olmayaraq, bu sənət ocağının işığına toplaşsınlar, yaradıcılıq prosesi getsin, sənət yaşasın. Əks təqdirdə nağara yenə sadəcə toylarda pul qazanma alətinə çevriləcək. Düzdür, nağaranın yeri elə el şənlikləridir, ancaq onu dünyaya, böyük səhnəyə də çıxarmaq, Azərbaycan ritm yaradıcılığını daha da formalaşdırmaq lazımdır. Ən vacibi isə nağaranın bədnam düşmənlərimizdən qorunmasıdır. Balabana yeddi mərtəbəli bina tikdilər. İstəməzdim ki, nağara da eyni aqibəti yaşasın. Axı nağaranın, ritmin, belə desək, ulu əcdadı olan qavaldaş bizdədir. Bütün bunları nəzərə alaraq belə bir mərkəzin yaradılması olduqca vacibdir. Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə bu arzumuza çatacağıq. Ümidvaram ki, oğlum Ümid mənim bu sənətdə etmək istədiklərimi həyata keçirə biləcək, bu sənəti daha da inkişaf etdirəcək.

- 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində çıxışınıza toxunmaq istərdim. Çox möhtəşəm çıxış idi. Xüsusilə qavaldaşın səhnəyə gətirilməsi...

- “Eurovision” konsertində çıxışımız bütün dünyada bəyənildi. Doğrudan da o konsert böyük zəhmət bahasına başa gəldi, aylarla çalışdıq, məşqlər getdi. Elə anlar olurdu ki, ümidsizliyə qapılırdıq, necə olacaq, məsuliyyət hissi bizi darıxdırırdı. Qavaldaşın səhnəyə gətirilməsi, musiqi seçimi, rəqslərin ideyası mənə aid idi. Çalışdıq ki, əlimizdən gələnin ən yaxşısını yox, ən möhtəşəmini edək. Şükür Allaha, bunu bacardıq. Hərdən mənə sual verirlər ki, o həqiqi qavaldaş idi. Elə sizin qəzetiniz vasitəsilə də bu suala cavab axtaranlar üçün deyim ki, o qavaldaşın tam həqiqiyə bənzər maketi idi. Ancaq onun yaratdığı effekti heç bir alət yarada bilməzdi. Bu nağaranın kökü demək idi, ritmin başlanğıcı demək idibiz bir daha dünyaya göstərdik ki, Azərbaycan nağarası, Azərbaycan ritm tarixi nə qədər qədimə söykənir. Bu bizim, Azərbaycan musiqisinin uğuru idi.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 12.