İdrakın da, həlakın da
“sarı sim”i...
Haqq və həqiqət yolunda
Tanrı libasından da edilmiş Nəsimi!
İnsanlığın
ən ali duyğular təbibi ola-ola cəzaların
ən zaliminə mübtəla Nəsimi.
Bəşərin
böyük arifi, zəmanəsinin batil “hərif”ləri
içərisində aqil hürufi - Seyid Əli İmadəddin
Nəsimi...
Bu mütəfəkkir şairə dair yazılarda deyilir
ki, onun həyatı haqda geniş məlumat yoxdur. Amma bu “məlumatsızlıq”dan
başqa bir informasiya doğur; bu ad - barələrində
cüng-cüng, kitab-kitab, arxiv-arxiv mənbələr olan ədiblərdən
daha çox fikir, assosiativ duyğular oyadır! Bu ecazkar “laməkan”ın
“Dünya duracaq yer degil, ey can, səfər eylə!” kimi poetik
manifestlər karvanının ardınca düşsən, onun
öz təbirincə “məqsudinə yetərsən”, ali qəlb
saraylarından savay heç bir karvansarada mənzillənməyən
bu hikmətlər sarbanının harada doğulduğunu bilərsən.
Amma əcəba,
əslində, artıq hər birimizin gözündə hər
yerdən “böyük” olan doğum yuvamızdan da balaca
formatda təqdim edilən dünyaya - bəşər evinə
məxsus dahilərin harada doğulmaları onların sənət
doğuşları ilə müqayisədə nəymiş
ki? Bu yetməzmi ki, çox-çox ölkələr gəzib,
növbənöv libaslar geyib, neçə-neçə dillərə
yiyələnmiş, “sərpa soyulanda” belə
ağlamamış bu “gerçək aşiq” bizim ana dilimizdə
deyir: “Məndə sığar iki cahan”?! Ardınca da onun bu
gidi dünyaya sığmazlığı...
Sözlərinin
biri də belə: “Ağlamayım neyləyim, çün
gövdədən can ayrılır!”
Hansı ki -
həmin
“can” - onun Hələb meydanındakı dar ağacı
altında dərisindən edilmişi deyildi. O “can” Nizamidən
tanıdığımız “sevgili canan”, “afəti dövran”,
“ruhi rəvan”lardan idi. Sonralar Füzulinin fəryad edəcəyi
“hər kəs ki verməz canın cananına”, “can vermə
eşqə ki...”, “afəti can” hadisələrinin hərəkətverici
“mühərrik”lərindən biri idi. Bu hadisələr
şairin könül kainatında cərəyan edir, onun
şimşək qələmi isə həmin kainatdakı vaqeələri
bizə bəyan edirdi.
Tanrı kainatındakı Həqiqətlər, öz
könül kainatındakı Gözəllər, irfan aləmindəki
Hikmətlər müştaqı olan bu Aşiq bəşər
cəmiyyətinin çoxluq təşkil edən əks
qütbü tərəfindən yola verilmirdi. Bu, heç
mümkün olan məsələ də deyildi. Əgər hamı onun dahiyanə, fəlsəfi
“sığmazam”ının daşıyıcısı
olsaydı, bu dünya çox şey itirməzdimi? Lap elə
neqativlərini götürək; “fani” adını qazana,
“beşgünlük” ayamasına yiyələnə, hər gələnin
baxıb getdiyi “pəncərə”yə bənzədilə bilərdimi?
Hamımız gözümüzü açcaq -
qəflətən insanlığın bu ən uca zirvəsinə
çıxmalı, istedad axarlarından yaranan hikmət
ümmanına düşməli olsaydıq, neylərdik?
Yenilik, qeyri-adilik umularımızı necə
doyurar, cantitrədici, tükqabardıcı
umacaqlarımızı, məna-mətləb tələbatlarımızı
nə tövr ödəyərdik? Bu dünyadan
“Canını qurban edənlər yar için gerçək
şəhid, Səd həzəran rəhmət olsun ol şəhidin
canına” kimi duaları eşitmədənmi, alnına
dünya malından heç nə apara bilməmək “maddə”si
də yazılmış bizlər onun sığa bilmədiyi
növbəti dünyaya könül malındanmı da xali
köçməliydik?..
Belə-belə məsələlərin rəmzi-təcəllası
bu ki, yaxşılar yamanlara nisbətdə qiymətləndirilirlər. Könül hərflərindən
fikir tabloları yaratmış bu hürufi Kişinin inqilabi
düşüncələri, müasirlərindən birinin (və
əlbəttə, birincisinin) - Füzulinin “Neylərəm ol vəsli
ki, - sonunda hicran görünür” kimi bənzərsiz ədəbi
(və əbədi) fikir memarlığı nümunələri
olmasaydı, bu dünya “Süleymana qalmaz”lıqdan da
aşağı dəyərə düşməzdimi?
Güman
ki, bu an könlünüz
şair-şeriyyətin əzəli olan bir qəzəl istər:
Daim ənəl-həqq
söylərəm, neçünki Mənsur olmuşam,
Kimdur məni bərdar edən, bu şəhrə mənsur
olmuşam.
Qibləsiyəm
sadiqlərin, məşuqiyəm aşiqlərin,
Mənsuriyəm layiqlərin, mən beytə məmur
olmuşam.
Musa mənəm
ki, haqqilə daim münacat eylərəm,
Könlüm təcəlla Turudur, onun üçün
Tur olmuşam.
İrdim
qaşın mehrabına kim,
qabi-qövsün ordadır,
Vəslət şəbində gör məni, sər ta
qədəm nur olmuşam.
Bəzmi əzəldə
içmişəm vəhdət meyin peymanəsin,
Ol cürədir ki, ta əbəd sərməst-o məxmur
olmuşam.
Ol
şahidi qeybi mənəm ki, kainatin eyniyəm,
Ol nitqi rəbbani mənəm ki, dildə məzkur
olmuşam.
Ol gizli gəncin
sirriyəm ki, zahir oldu gözlərim,
Ol gövhərəm ki, gün kimi aləmdə məşhur
olmuşam.
Çun
mən Nəsimi gövhərəm, gəncim sizə faş
eylərəm,
Mən bu dolu viranədə gör ki, nə məmur
olmuşam.
Ayağından çox qələmiylə gedib, o
vaxtların nəqliyyat arşınıyla götürsək,
dünyanın bir çox axırlarına çıxan bu “ənəl-həqq!”
coğrafi mənada hardan, mənəvi anlamda necə gəlirdi?
Deyək ki...
könül tufanı timsalında gəlişən bu Söz və
Əqidə divi, yazımın əvvəlində çəmləyib-cəmləyib
rəmzləşdirdiyim utopik-toponomik bir ünvandan - Həqiqətstandan
qopub qədəmlənmişdi. Götürdüyü yolda elə
azman addımlayıb, elə sürətlə irəliləmiş
və elə məqam-mənzilə çatmışdı
ki, öz aləmində “kövnü-məkan”a da
sığmayan bu Şirvan əhli, şamaxılı cismi - bu
dahi ismi sonralar təbrizli-bursalı-bakılı-diyarbəkirli-şirazlılaşdırmağa
cəhd etmişlər. Amma ki...
Yəni
bir halda ki, onun atasının adı bəlli, Şirvanda
yaxşı tanınan şəxsiyyətlərdən biri kimi
“yeri məlum”dur, biz, onu “mənimsəyib-səninsəmək”
uğrunda özlərinə izafi zəhmət verənlərin
əksinə olaraq, özümüzə nədən bir-iki
abzaslıq başqatqısı qıymalıyıq, əzəmətli
Nəsimi babanın hörmətli oxucu-varisləri?! Yaxşısı budur, həyəcansız,
güman-ehtimalsız şəkildə bəhs açaq ki,
onun atasının Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən
biri olduğu bütün elmi-ədəbi-statistik ictimaiyyətə
məlumdur. Olsa-olsa, bir az eyforiya ilə
söyləyək ki, o dövrün Şamaxısı
bütün Şərqdə barmaqla (və hörmətlə)
sayılan mədəniyyət mərkəzlərindən olub.
Burada adlı-sanlı müəllimlərin fəaliyyət
göstərdiyi neçə-neçə məktəb, zəngin
ictimai və şəxsi kitabxanalar vardı. Səs-soraqları ölkə ucqarlarını
ötüb əcnəbi məmləkətlərə də
yayılmış sənət, incəsənət,
şeir-musiqi məclisləri fəaliyyət göstərirdi.
Hələ paytaxt Şamaxıdan xeyli aralıda (Məlhəmdə)
Xaqaninin əmisi - məşhur alim və həkim Kafiəddinin
yaratdığı Dar-üş-şəfa adlı tibb
akademiyası!..
Belə...
Bu vaxtlar bugünkü Şamaxıya - təbii-siyasi zəlzələ-vəlvələlərdən,
paytaxtlıq baxt-taxtından düşməsindən
sonrakı “rayon”a nisbət-nəzərlə baxıb,
zamanların Nəsimi “sunami”sinə təəccüblənməməli.
Bugünkü paytaxtımızdan birgünlük at-dəvə
mənzili ucqarlığında doğulan Seyid İmadəddin
Əbu Səid Hüseynin (əsl adının Əli, Ömər
olduğunu qeyd edən mənbələr də var) Diyarbəkirdə
yazlaması, neçə-neçə məmləkətdə
yaylaması və nəhayət, əqidə dahisinə də
çevrilib Hələbdə dünyəvi Nəsimi kimi
qışlaması (və gələcəyin UNESCO
şöhrətlisi olaraq yenidən baharlaması!) kimi
dünyadaş-vətəndaşlığının fərqinə
varmalı.
Hələ
onun elmi-nəzəri aləmə gün kimi aydın sima olan
mürşidi Fəzlullah Nəimi ilə faktik mənbələrlə
təsdiq edilmiş irfani və təriqət müştərəkliyi!
Yaradıcılığındakı bir
çox nümunələrin ədəbi-bədii təbiəti,
xəlqi xisləti də bu ədibin dünya bar-bəhrəli
qələminin məhz Şirvanın “söz
torpağından” rişələndiyini ehtiva edir. Həmin nümunələr başqa mətləblərdən
də xəbər verir. Bu nüanslar söyləyir ki, əgər
İmadəddin Şamaxıda mədəni-mənəvi
universitet tələbəsi, akademiya məzunu, elmi aləm
mütəfəkkiri dərəcəsində kamil təhsil
almasaydı, klassik Şərq, qədim yunan fəlsəfəsi
və ədəbiyyatına, dinlərin əsaslarına, bir
çox elmlərə (tibb, astronomiya, riyaziyyat, astrologiya...) dərindən
yiyələnməsəydi, özünü dünyaya məlum
Nəsimi kimi təqdim edə bilməzdi. Və... qədim günlərin birində, bu gün
qırğınlar yaşayan Suriyanın balaca bir meydanında
bioloji örtüyündən olub, sonrakı yüzilliklərdə
sevgi və hikmət zər-zibalı filoloji libaslara qərq
edilməzdi ki, onlardan birini də böyük ərəb
araşdırmaçısı İbn əl-İmad Hənbəli
deyib: “O, hürufilərin şeyxi idi. Hələbdə tərəfdarları
çoxaldı, bidəti artdı, iş o yerə
çatdı ki, sultan onun öldürülməsini əmr
etdi. Boynu vuruldu, dərisi soyuldu, çarmıxa
çəkildi”.
O,
üç dildə yazdı, saysız dildə oxuna-oxuna, sevilə-sevilə
bu günə qədər yaşadı və sabah
da dünya ilə baş-başa qalasıdı...
Onun dilindən-qələmindən
qopanlardan biri də -
“Bu, quş dilidir -
bunu
Süleyman bilir ancaq” misrası idi.
Onun öz dili, öz üslubu bəlli. “Quş dili”ndə
yazdıqları necə? Necə olacaq, - “öz dili”ndə
yazdıqları bəh-bəh, “quş dili”ndə söylədikləri
cəh-cəh!..
Ərəb-farsı da öz dili kimi mənimsəmiş
Nəsimi düşüncələrinin müzakirə-mübahisələrdə,
fikir bəyanı bazarında xırıd edilməyən
matahı qalmayıb, məncə. Və yəqin, ana
dilimizdə yazdıqlarıyla bizlərə necə xoşbaxt
anlar yaşadırsa, əcnəbiləri - bütün ərəb-əcəmləri
də eləcə xoşnud edir. “Yəqin” deyəndə
ki, bu xüsusda az yazı və məlumatlar
oxumamışıq. Ana dilimizin daha çox şəhd-şəkər
dadı verən (az-az işlədilməsi səbəbindən)
sözlərinin də işləndiyi “qeyri”-məşhur qəzəlindən
ixtisarla verdiyim aşağıdakı gözəl misralar bu məqamda
daha özəl səslənir:
Yox ikən yer ilə göylər, mən əzəldən
var idim.
Gövhərin yekdanəsindən eylər və pərgar
idim.
Gövhəri
ab eylədim, dutdi cəhani sərasər,
Yer-göyü, ərşi, kürşü yaradan Səttar
idim.
Girdim Adəm
donuna, hiç kimsə sirrim bilmədi,
Mən bu beytullah içində ta əzəldən var
idim.
Gəzmişəm
mən on səkkiz bin aləmi gərdiş ilə
Dəryanın altında sacı qızdıran ənar
idim.
Şul
Yezid-Mərvanilər, pustimi soydu qazilər,
Mən “Ənəlhəqq” çağırıb Mənsurilən
bir dar idim.
Soydilər
pustimi, aldım qayib, oldum ol zaman,
Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar
idim.
Mən Nəsimiyəm,
həqqi həq tanımışam bigüman,
O idi məni
yaradan, həm mən ona dərkar idim.
Nəsimi misralarına, Nəsimi ifadələrinə
“aman-aman!”, “Allah-Allah!” - deyə heyrətləndiyimiz anlar
az olmayıb. Amma onları təkrar-təkrar oxuyub, dərin-dərin
fikirləşdikcə görürsən ki, bu sirr-sehrstanda
bizdən sonrakı nəsillərçün də hələ
çox kəşflər qalır...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2013.- 9 oktyabr.- S. 13.