Türkiyədə
yaşayan Azərbaycan türkləri
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitab nəşr olunub.
Türkiyədə çapdan çıxan iki hissədən ibarət kitabın müəllifləri Giresun Universitetinin rektoru, professor Aygün Attar və Balıkesir Universitetinin müəllimi, dosent Sebahettin Şimşirdir.
Azərbaycan türklərinin Anadolu coğrafiyasına köç etdiyi ilk vaxtlardan 1920-ci ilədək olan dövr Aygün Attar tərəfindən təsvir edilib. Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı və burada erməni vilayətinin qurulması nəticəsində azərbaycanlıların Anadoluya köçü bu fəsildə öz əksini tapıb. Həmin dövrdə azərbaycanlıların Anadoluya köçünün üç əsas səbəbi-siyasi, ticari və intellektual amilləri kitabda geniş təhlil edilir. Ayrıca bu fəsildə o dövrdə azərbaycanlıların Anadoluya köçünə yaradılan inanc, coğrafi və iqtisadi əngəllərdən də bəhs olunub. Burada həmçinin Xalq Cümhuriyyətinin süqutu nəticəsində Azərbaycanın siyasi və intellektual liderlərinin Türkiyəyə köçü, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əhməd Cəfəroğlu kimi şəxsiyyətlərin Türkiyənin siyasi həyatına təsirindən bəhs edilir. Bu üç şəxsin digər azərbaycanlı ziyalılarla birlikdə Türkiyədə nəşr etdirdikləri “Yeni Qafqaz”, “Azəri-Türk” və “Odlu Yurd” kimi nəşrlər haqqında ətraflı məlumat verilib.
Kitabın Sebahettin Şimşir tərəfindən qələmə
alınan ikinci fəslində bolşeviklərin
Azərbaycanı işğal etmələri
nəticəsində Türkiyəyə köç
edən ziyalılardan bəhs edilir. Məhəmməd
Əmin Rəsulzadə, Almas
İldırım, Mirzə Bala Məmmədzadə,
Məmməd Kəngərli kimi 50-yə
yaxın görkəmli şəxsiyyətin həyat və
yaradıcılığı haqqında söz
açılıb.
Mədəniyyət.- 2013.- 9
oktyabr.- S. 15.