Azərbaycan 10
ildə: inkişafın mənzərəsi
Ölkəmizin sosial, iqtisadi və mədəni
həyatında əldə etdiyi mühüm nailiyyətlər Bakı Sərgi
Mərkəzində nümayiş olunur
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olublar.
Sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.
Mərkəzin birinci sərgi salonunda 14 sahə üzrə 51 dövlət qurumu və 70-dən artıq özəl şirkət təmsil olunur.
Dövlətimizin başçısı və xanımı sərginin “Makroiqtisadiyyat”, “Sənaye”, “Energetika”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Nəqliyyat”, “Fövqəladə hallar”, “Şəhərsalma və dövlət əmlakı”, “Xarici siyasət”, “Gənclər və idman”, “Mədəniyyət və turizm”, “Sosial inkişaf və xidmətlər”, “Ekologiya”, “Su və kanalizasiya”, “Aqrar-sənaye kompleksi” bölmələrindəki stendlərə baxıblar. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilib. Azərbaycanın bu uğurunun göstəricisi olan mükafat da bu salonda nümayiş etdirilir.
Sonra Prezident İlham Əliyev və xanımı ikinci sərgi salonunda regionların sosial-iqtisadi inkişafına həsr edilmiş pavilyonlarla tanış olublar. Burada quraşdırılmış stendlərdə dövlət proqramları çərçivəsində hər bir rayon üzrə görülən işlər geniş əks olunub. Stendlərdə regionlarda aparılan abadlıq-quruculuq işləri, açılmış müəssisələr və iş yerləri, istifadəyə verilmiş sosial obyektlər və s. barədə geniş məlumatlar verilir.
Bakı Sərgi Mərkəzinin üçüncü salonundakı 300 nəfərlik konfrans zalında “Heydər Əliyev Fondu Azərbaycanın dinamik inkişafına xidmət edən layihə və proqramlar həyata keçirir” mövzusunda təqdimat, qapalı zalda isə “Azərbaycan: dünən və bu gün” filmi nümayiş etdirilir. Burada həmçinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus stend quraşdırılıb.
Sərginin açıq havada
təşkil edilmiş hissəsində isə
müxtəlif dövlət qurumları və şirkətlər
tərəfindən bir sıra texnika və avadanlıq, eləcə də Azərbaycanda
istehsal olunmuş məhsullar
nümayiş etdirilir.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 3.