Vyanadakı Mədəniyyət
Mərkəzində Azərbaycan dili
kursları açılıb
Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yeni tədris ilində Azərbaycan dili kursları açılıb.
Həftədə bir dəfə təşkil olunan kurslarda Azərbaycan dilinə və mədəniyyətinə maraq göstərən tələbə və gənclər, iş adamları, elmi dairələrin nümayəndələri qeydiyyatdan keçiblər. Kursda tədris ilkin dövrdə alman dilində aparılsa da, tələbələr Azərbaycan dilində olan mətnləri tərcümə edəcək və dilin qrammatikasına aid tapşırıqları yerinə yetirəcəklər.
Məşğələnin rəhbəri, Vyana Universitetinin doktorantı Yaqut Abdalla bildirib ki, kursların əsas məqsədi iştirakçılara Azərbaycan dilini tədris etməklə yanaşı, onlara ölkəmiz haqqında həqiqətləri yaxından tanıtmaq, mədəniyyətimizi təbliğ etməkdir.
Məşğələlərdə Azərbaycan ədəbiyyatından da söz açılacaq, yazıçı və şairlərin əsərlərindən nümunələr təqdim ediləcək. Mərkəzdə kurs iştirakçılarına mütəmadi olaraq Azərbaycanda istehsal olunmuş sənədli və bədii filmlər göstəriləcək. Buradakı zəngin kitabxana da kurs dinləyicilərinin sərəncamında olacaq.
Mövcud marağı nəzərə
alaraq, yaxın müddətdə Azərbaycan
Mədəniyyət Mərkəzində Avstriyada
yaşayan soydaşlarımızın
övladları üçün həftəsonu
məktəbin təşkil olunması da
nəzərdə tutulur.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 4.