Gənc Tamaşaçılar Teatrı Rusiyada qastrolda olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb. Sentyabrın
30-dan oktyabrın 7-dək davam
edən qastrol Həştərxan Dövlət
Gənc Tamaşaçılar
və Kalmıkiya Respublikasının B.Basanqov
adına Milli Dram teatrlarında gerçəkləşib.
Kollektivin Həştərxan şəhəri
ilə tanışlığı
Volqa çayının
sahilində salınmış
Azərbaycan parkı və ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsinin
ziyarət edilməsiylə
başlayıb.
Qastrol çərçivəsində
kollektiv teatrın repertuarında olan ən maraqlı 3 tamaşa ilə çıxış edib. Oktyabrın 1-i və 2-də kollektiv Həştərxan Gənc
Tamaşaçılar Teatrında
Xalq şairi Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış
alleqorik birhissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçıların
görüşünə gəlib.
Səhnə əsəri məktəblilər,
valideynlər və müəllimlər tərəfindən
böyük maraqla qarşılanıb. Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə
də tamaşaçılar
tərəfindən aktyorların
peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənilib.
Həştərxan Vilayəti Mədəniyyət
Nazirliyinin nümayəndəsi
və teatrın rəhbərliyi Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivinə qarşılıqlı
yaradıcılıq münasibətlərinin
inkişafında xidmətlərinə
görə təşəkkürünü
bildirib. Həştərxan vilayəti mədəniyyət
nazirinin Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə təşəkkür
məktubu kollektivə
təqdim olunub.
Oktyabrın 4-dən 6-dək kollektiv Kalmıkiya Respublikasının
Elista şəhərindəki
B.Basanqov adına
Milli Dram Teatrında Rəsul Rzanın “Ana qaz”, İşveç dramaturqu Lars Nurenin “Müharibə” və alman yazıçısı
Patrik Züskindin “Kontrabas” əsərləri
əsasında hazırlanmış
tamaşalarla çıxış
edib.
Qastrol səfərinin bağlanış
mərasimində çıxış
edən Kalmıkiya Respublikasının mədəniyyət
naziri Amulanqa Uçurova, elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva, Teatr Xadimləri İttifaqının
sədri Tatyana Mixeyeva,
“Kalmıkiya Respublikasında
Azərbaycan Konqresi” təşkilatının sədri
Sabir Quliyev, B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri
Boris Mandjiyev və teatrın direktoru Qalina Şurayeva qastrol səfərinin uğurundan danışıblar.
Maraqlı səhnə əsərlərinə
görə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
rəhbərliyinə təşəkkür
ifadə olunub, kollektiv üzvlərinə
diplomlar təqdim edilib.
Gənc
Tamaşaçılar Teatrının
direktoru, Əməkdar
artist Mübariz Həmidov
və teatrın baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanov çıxış
edərək göstərilən
xoş münasibətə
görə minnətdarlıqlarını
bildirib, Rusiya və Azərbaycan teatrları arasında yaradıcılıq əlaqələrinin
bundan sonra da davam edəcəyini
vurğulayıblar.
İkitərəfli
yaradıcılıq müqaviləsinə əsasən, bu ilin noyabrında Həştərxan
Gənc Tamaşaçılar Teatrı, gələn ilin mayında isə Kalmıkiya Milli Dram Teatrının
ölkəmizə qastrol səfərləri
nəzərdə tutulub. 2014-cü ilin aprelində isə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının
Kalmıkiyaya növbəti qastrol səfəri
barədə razılıq əldə olunub.
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 5.