İsrailin Netanya şəhərində Xocalı haqqında səyyar fotosərgi açılıb

 

Holokost genosidini yaşamış yəhudilər Xocalı soyqırımını yaşamış azərbaycanlıları hamıdan yaxşı anlaya bilərlər”

 

Xəbər verdiyimiz kimi, bu ilin fevralında Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının və “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi və fotosərgi keçirilib.

Oktyabrın 8-də İsrailin Netanya şəhərində Xocalı qətliamının dəhşətlərini əks etdirən səyyar fotosərgi açılıb. Açılışda İsraildə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Mərasimi Azİz-in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut açaraq Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətlərdən danışıb, qətliama həsr olunmuş təqdimatla çıxış edib. Bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir: “Bu fotosərgidə gördüyünüz sənədli şəkillər, dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri - Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar”.

Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir: “Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.

Tədbirdə çıxış edən vəkil Vaqif Əliyev bildirib ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə insanlığa qarşı yönəlmiş dəhşətli cinayətdir. O, fotosərginin təşkilatçılarına minnətdarlığını bildirib: “Biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil etməliyik. Elə etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın”.

Netanya şəhərinin bələdiyyə şurasının üzvü, “Bizim ev Netanya” təşkilatının sədri Boris Tsirulnik sərgidə gördüyü şəkillərdən sarsıntı keçirdiyini bildirib: “Biz yəhudilər 70 il əvvəl Holokostu yaşadıq. Düşünürdük bundan sonra heç kim daha belə qətliamları görməyəcəkdir. Fəqət 20 il əvvəl bu qanlı faciəni Xocalı sakinləri yaşadılar. Holokost genosidini yaşamış yəhudilər Xocalı soyqırımını yaşamış azərbaycanlıları hamıdan yaxşı anlaya bilərlər. Bu fotosərgi onun üçün vacibdir ki, onu yüzlərlə, minlərlə gənc israilli görəcəkdir”.

“İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak tədbirin iştirakçılarına, habelə Azərbaycan icmasına daim diqqət yetirdiyinə görə və Xocalı qətliamı ilə bağlı dəstək sözlərinə görə Netanya bələdiyyə şurasına minnətdarlığını ifadə edib.

 

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 6.