Abidələr tarix və mədəniyyətimizi yaşadır

 

İlbəil genişlənən bərpa-konservasiya işləri onlarla abidəyə yeni həyat verib

 

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. Ölkəmizdə abidələrin tədqiqinə, onlarda bərpa-konservasiya işlərinin aparılmasına hələ XIX əsrdən başlanılmışdır. İlkin dövrlərdə əsasən abidələrdə elmi-tədqiqat və qismən bərpa-konservasiya işləri aparılmışdır. 1952-ci ildə Elmi-Bərpa İstehsalat Emalatxanası (hazırkı “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu) yaradıldıqdan sonra abidələrin bərpası kompleks şəkil almışdır. Ötən dövr ərzində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidəsi tədqiq olunmuş, onların ilkin siyahısı tərtib edilmiş, bir qismində elmi-tədqiqat, o cümlədən bərpa-konservasiya işləri aparılmışdır.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra bərpa işlərinə xüsusi diqqət ayrılmışdır. Ölkə rəhbərliyinin tarix və mədəniyyət abidələrinə olan qayğısının nəticəsidir ki, tarix və mədəniyyət abidələrinin, tarixi yerlərin və qoruqların qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə mühüm işlər aparılır. Son illərdə yeni qoruqlar yaradılmış, onlarla abidə bərpa olunmuş və yüzlərlə yenisi aşkar olunmuşdur. Sevindirici haldır ki, abidələrin qorunmasına ayrılan vəsait ildən-ilə artırılır. Bunun nəticəsidir ki, Bakı şəhərində, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, habelə respublikamızın rayonlarında bərpa-konservasiya işləri genişlənir. Bu həm abidələrimizin qorunmasına, təbliğinə, həm də turizmin inkişafına təkan verir.

2006-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi və iştirakı nəticəsində bir sıra abidələrdə elmi-tədqiqat işləri aparılmış, onların bərpası, konservasiyası və istifadəsi layihəsi hazırlanmışdır. Bu sırada Şəki şəhərindəki Aşağı Karvansaranı, Şəkixanovların evini, Nakam adına kitabxananı, Bərdə rayonundakı “Allah-Allah” türbəsini, Gəncə şəhərindəki “Şah Abbas” və “Uğurlu xan” karvansaralarını, Quba rayonu Rustov və Xınalıq kəndlərindəki məscidləri, Balakən rayonunda, Salyan şəhərində məscidi, Nardaran qəsəbəsində Xan bağını, Hacıqabul rayonunda Pir Hüseyn xanəgahını, Lənkəranda Dairəvi qalanı, Suraxanı qəsəbəsində “Atəşgah” məbədini, Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsini və s. abidələri göstərmək olar.

Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq hazırda abidələrin bərpa-konservasiya layihələri ilə birlikdə onların istifadə layihələri də hazırlanır ki, bu da abidənin uzun müddət qorunmasına zəmin yaradır. Hazırlanmış layihə-smeta sənədləri əsasında abidələrdə bərpa-konservasiya işlərinə nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri nəzarət edirlər.

Şəkidəki Aşağı Karvansarada, Nakam adına kitabxanada, Şəkixanovların evində, Qubanın Rustov kəndindəki məsciddə, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndindəki Pir Hüseyn xanəgahında, Balakən rayonundakı məsciddə, Salyan şəhərindəki məsciddə, Lənkərandakı Dairəvi qalada, Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah” məbədində bərpa işləri başa çatdırılmışdır. Gəncə şəhərindəki “Şah Abbas” və “Uğurlu xan” karvansaralarında, Füzuli rayonundakı Şeyx Babı türbəsində, Bərdədəki “Allah-Allah” türbəsində və Xınalıq kəndindəki məsciddə işlər davam etdirilir. “Atəşgah” məbədində və Şeyx Babı türbəsində eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları ilə birlikdə arxeoloji tədqiqat işləri də aparılmışdır.

“Atəşgah” məbədində arxeoloji qazıntı işləri zamanı od quyuları, daşdan tikilmiş qaz xətləri, qaz anbarı, su quyusus. maraq kəsb edən mədəni təbəqələr aşkar olunmuşdur. Elmiarxeoloji tədqiqat işlərindən sonra məbədin bərpa-konservasiya layihəsi hazırlanmış, layihə sənədləri müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra bərpa işləri həyata keçirilmişdir. Bu vaxta kimi məbəddəki bərpa işlərinin heç biri indiki kimi dərin elmiarxeoloji tədqiqat işlərinin nəticəsinə uyğun olaraq bu şəkildə yüksək səviyyədə aparılmamışdır. Abidənin ətrafı 1,4-2 metr səviyyəsində torpaqdan təmizlənmiş, bünövrəsi möhkəmləndirilmiş, dam örtüyü, divarları, tağları, döşəməsi, qapı və pəncərələri bərpa olunmuşdur. Eyni zamanda fasadda və interyerdə divarlar çirkdən təmizlənmiş, izolyasiya olunmuşdur. Arxeoloji tədqiqatlar zamanı aşkar olunan od quyuları, qaz xətləri, qaz anbarı və s. tikililərdə də bərpa-konservasiya işləri aparılmış, abidənin hücrələri işıqlandırılmış, isitmə sistemi ilə təmin olunmuş, ərazidə abadlıq işləri görülmüşdür.

Şəki şəhərindəki Şəkixanovların evinin bərpası layihəsində həm abidənin tam bərpası, həmçinin XVIII əsrdə Şəki xanlarının yaşayış və məişət tərzini əks etdirən ekspozisiyanın təşkili nəzərdə tutulurdu. Abidənin qəza vəziyyətində olduğunu, həmçinin əhəmiyyətini nəzərə alaraq, bərpa işlərindən əvvəl dərin elmi və mühəndisi tədqiqat, həmçinin binada aparılan bərpa işlərinin təsirindən dağılmaması üçün rəsmlərdə konservasiya işləri aparılmışdır. Xüsusi memarlıq əhəmiyyətinə malik olan bu rəsm əsəri ilk dəfə olaraq bərpa olundubu işlər yüksək səviyyədə aparıldı. Layihəyə uyğun olaraq ciddi qəza vəziyyətində olan abidənin bünövrəsində, mərtəbəarası örtüklərində, divarlarında möhkəmləndirmə işləri aparıldı, kirəmit dam örtüyü, şəbəkəli pəncərələr, taxta kronşteynlər, bəzəkli karnizaltı taxtalar, qapı-pəncərələr, döşəmələr və s. bərpa olunaraq ilk tarixi görkəminə qaytarıldı.

Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı kompleksində aparılan arxeoloji qazıntı işləri zamanı kaşılarla bəzədilmiş sərdabələr, karvansara qalıqları, kompleksin mühafizə divarlarının qalıqları aşkar olunmuşdur. Abidədə bərpa-konservasiya işlərinin mürəkkəbliyini, eyni zamanda ərazidə arxeoloji tədqiqat işlərinin aparılmasını nəzərə alaraq layihə iki mərhələdə hazırlanmışdır. Birinci mərhələdə türbənin bərpası, minarə və karvansaranın konservasiyası, layihəsi hazırlanmış və bu işlər həyata keçirilmişdir. İkinci mərhələdə aşkar olunmuş türbələrin, mühafizə divarlarının və digər tikililərin konservasiyası və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Layihə işləri tamamlanmaq üzrədir. Layihə sənədlərinin müvafiq qurumlarla razılaşdırılmasından sonra ikinci mərhələyə başlanılacaqdır.

Gəncə şəhərindəki “Şah Abbas” və “Uğurlu xan” karvansaralarında bərpa-möhkəmləndirmə prosesi ilə bərabər, abidənin mehmanxana kimi istifadəsi üçün işlər görülür. Hazırda abidənin bünövrəsi möhkəmləndirilmiş, birinci mərtəbədə və ikinci mərtəbənin bir hissəsində divarlarda bərpa işləri aparılmış, hər iki karvansaranın ikinci mərtəbəsi inşa olunmuş, dam örtüyü bərpa edilmiş, yeni transformator binası, rezervuar, nasosxana yaradılmış, istilik sistemi, elektriks. digər işlərin icrası davam etdirilir.

Bərdə rayonunda xüsusi memarlıq və tarixi əhəmiyyətə malik olanAllah-Allah” türbəsində də bərpa-konservasiya işləri davam etdirilir. Burada 1960-cı illərdə quraşdırılmış dəmir-beton örtük sökülmüş və kərpiclə əvəz edilmiş, divarlarında bərpa işləri aparılmış, suvaqdan və çirkdən təmizlənmiş, çiy kərpicdən olan mühafizə divarları konservasiya olunmuş, abadlaşdırılmışdır. Stalaktitlər və friz yazılarının konservasiyası üzrə hazırlıq işləri aparılır.

Quba rayonunun Xınalıq kəndindəki məsciddə bərpa işləri tamamlanmaq üzrədir. Qəza vəziyyətində olan məscidin çox hissəsi uçmuşdur. Məscidin bünövrəsi möhkəmləndirilmiş, uçmuş divarları, dam örtüyü, qapı və pəncərələri, ornamentli sütun və kapitelləri bərpa olunmuşdur. Hazırda məsciddə tamamlanma işləri aparılır.

 

Zakir Sultanov,

 

Mədəniyyət və Turizm Nazirliyi Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi

 

Telman Kərimli,

 

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru

 

 

Mədəniyyət.- 2013.- 11 oktyabr.- S. 10.