Əhməd Yəsəvinin
hikmət dəryası
Türk xalqlarının dünya mədəniyyətinə, humanist düşüncəsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sırasında hələ sağlığında əməlləri haqqında əfsanələr dolaşan məşhur mütəfəkkir-şair Xoca Əhməd Yəsəvinin xüsusi yeri var. Onun haqqa yolçuluqda həqiqi eşq fədaisi, təriqət banisi kimi tanınıb sevilməsində sahib olduğu əqidə möhkəmliyi, dünyadan təmənnasızlığı əsas rol oynamışdır.
Mənbələrdə göstərilir ki, Xoca Əhməd Yəsəvinin ömür yolundan bəhs edilərkən tarixi sənədlərlə bərabər, həm də rəvayətlərə istinad edilib. Araşdırmalara görə Əhməd Yəsəvi 1093-cü ildə Orta Asiyanın Seyram (Seyraş) şəhərində ruhani ailəsində anadan olub. Atası Şeyx İbrahim dövrünün görkəmli təriqət başçısı, anası Ayişə isə məşhur din xadimi Şeyx Musanın qızı olub. Təxminən altı-yeddi yaşında ikən ata-anasını itirən Əhməd böyük bacısının himayəsində qalıb. Bundan sonra Yəsi şəhərinə köçüb. İlk təhsilini də elə bu şəhərdə məşhur şeyx Arslan Babadan alır. Ustadının vəfatından sonra Buxara, İsfahan, Səmərqənd kimi şəhərlərə səfər edir. O dövrün məşhur alimlərindən fiqh (hüquq), hədis elmlərini və şəriət qayda-qanunlarını öyrənir, görkəmli din alimi kimi tanınır. Lakin tezliklə dini elmlərdən uzaqlaşır və təriqət yoluna keçir. Dövrünün məşhur sufi alimi Yusif Həmədaninin yanına gedərək təsəvvüf elminin sirlərinə vaqif olmaq istədiyini bildirir. Müəllim onu ayaqüstü sual-cavab edir, Əhmədin iti zəkasına və dərin düşüncəsinə heyran olur. Beləliklə, o, təsəvvüf elminə yiyələnir və böyük sufi kimi tanınır. Yusif Həmədaninin ölümündən sonra Əhməd Yəsəvi bir müddət Buxarada yaşayır. Mürşidinin xəlifəsi kimi özünü təqdim edir. Təxminən 50 yaşında Yəsi şəhərinə qayıdır və öz təlimini yayır. Bildirir ki, varlığın əsası və Tanrıya qovuşmağın yeganə yolu eşqdir. Həqiqi iman eşqin məhsuludur. Zahidlik və abidlik Allahla qovuşmağın, vəhdətə çatmağın tək yolu deyil:
Zahid olma, abid olma,
aşiq ol sən,
Möhnət çəkib eşq
yolunda sadiq ol sən,
Nəfsi
təpib, dərgahına
layiq ol sən,
Eşqsizlərin həm canı yox, imanı yox.
Elmli-bilikli bir şeyx kimi
tanınan və yüzlərlə müridi
olan Əhməd Yəsəvi eyni zamanda əlinin əməyi ilə - taxta qaşıq hazırlamaqla güzəran
keçirib.
Qaynaqlarda göstərilir ki, insanlığa böyük
sevgi ilə yanaşan Əhməd Yəsəvi bu məhəbbət və sədaqətin rəmzi olaraq ömrünün
63-cü ilində evinin
qabağında dərin
quyu qazdırır. Qalan ömrünü
quyuda oturub Allaha dua etməklə
keçirir.
Xoca 1166-cı ildə
Yasi şəhərində
dünyasını dəyişir. Onu böyük
hörmət və ehtiramla evinin yaxınlığında dəfn
edirlər. Məzarı üzərində kiçik
bir türbə də tikirlər.
XIV əsrin axırında
Şərqin böyük
hökmdarı Əmir
Teymur Əhməd Yəsəvinin türbəsini
ziyarət edir. Onun əmri
ilə bu kiçik türbə sökülür, məzarın
üstündə möhtəşəm
bir memarlıq abidəsi ucaldılır.
Mütəfəkkirin fikirləri
ilə tanış
olan insanlar məqbərənin ucaldığı
Türküstan şəhərinə
axın edirlər.
Adı bütün
türk ellərində
böyük hörmət
və ehtiramla yad edilən təsəvvüf-irfan aşiqi
Xoca Əhməd Yəsəvi həm də qüdrətli söz ustadı-şair kimi də tanınıb. Buna görə Yəsəvi Azərbaycanda da söz sənəti araşdırıcılarının diqqətini çəkib.
Onun poetik dünyası, bədii irsi barədə çeşidli
fikirlər söylənilib.
Ötən yüzilliyin əvvəlində
böyük mütəfəkkir,
türk dünyasının
ideoloqu Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?” əsərində
Əmir Teymurun türk mədəniyyətinə
etdiyi xidmətləri
xatırlayarkən, Əhməd
Yəsəvi türbəsini
də yada salır.
Tanınmış tədqiqatçı Salman
Mümtazın araşdırmalarında
onun adı daha çox çəkilir. 1923-cü ildə “Maarif və mədəniyyət”
jurnalında çap etdirdiyi “Türkmən şairləri” məqaləsində
Əhməd Yəsəvinin
bədii irsindən geniş bəhs edib. S.Mümtaz “Kommunist” qəzetində çap etdirdiyi “Ədəbiyyatımızda Nəvai
təsiri” məqaləsində
yazır ki, Əhməd Yəsəvi kimi simalardan kiçik-kiçik məqalələr
yox, həm də böyük-böyük
kitablar yazmaq lazımdır.
Böyük yazıçı, şair,
pedaqoq Abdulla Şaiq “Ədəbiyyatdan iş kitabı” (1928) dərsliyində
təsəvvüfün yayılması
və türk ədəbiyyatına təsirindən
bəhs edərək yazır: “Təkyələrin
artması və hökmdarların bu cərəyana (sufilik cərəyanına) bağlanması
ilə türk aləminin hər bucağında dərvişlər
və mürşidlər
yetişdi. Bu məslək
xalq içərisində
intişar tapdı. Türküstanda
Əhməd Yəsəvi,
Anadoluda Şeyx Cəlaləddin Rumi, Yunus İmrə, Azərbaycanda Həsənoğlu,
Həbibi, Nəsimi və Xətai kimi böyük sufi şairləri yetişdi”.
Folklorşünas alim Bəhlul
Abdulla Türkiyədə çap
olunan “Yəsəvilik
və Azərbaycanda şaman-dərviş mədəniyyəti”
məqaləsində Xoca
Əhmədin yaşayıb
fəaliyyət göstərdiyi
dövrün ictimai-tarixi
səciyyəsini verib,
mütəfəkkiri həm
də “möcüzələr
göstərmək qüdrəti
tapmış və övliya mərtəbəsinə
ucalan şaman” kimi xarakterizə edib.
Əhməd Yəsəvi təliminin
(yəsəviliyin) ideya-fəlsəfi
mahiyyəti, dini-mənəvi
kökləri, bütün
türk dünyasında
sürətlə yayılması
səbəblərinə görkəmli
ədəbiyyatşünas alim, professor Yaşar Qarayev də münasibət bildirib. O, yəsəviliyi
məhdud çərçivədə
deyil, geniş kulturoloji miqyasda dəyərləndirib: “Yəsəvilik
hər şeydən əvvəl mədəniyyət
hadisəsidir. Türklüyün sivilizasiyalara verdiyi dini-mənəvi dəyər
və sərvətdir.
Özü də bu sərvət - sufilik Yəsəvidən sonra türkləşməyib. Əksinə,
Yəsəvinin fəaliyyəti
ilə həqiqi sahibinə - türkün özünə qayıdıb.
Əgər təsəvvüfdən əvvəl Qorqud olmasaydı, Yəsəvi bu qədər tez yetişməzdi. Əgər şaman-ozan ənənəsi
olmasaydı, dərviş-ərən
ənənəsi bu qədər kütləvi
hal ala bilməzdi.
Həm islam əxlaqına, həm də təsəvvüf fəlsəfəsinə
bir doğmalıq və yaxınlıq türkün ruhunda və fitrətində əzəldən olub”.
Qeyd deyək ki, yəsəviliyin Azərbaycan
ictimai, ədəbi-mədəni
fikrinə nüfuzu Nəsimi, Xətai, Füzuli kimi klassik şairlərin, habelə Dirili Qurbani, Miskin Abdulla, Abbas Tufarqanlı və başqa saz-söz sənətkarlarının
əsərlərindəki təsəvvüfi
motivlərin kökləri
Xoca Əhməd Yəsəvidən qaynaqlanıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 13.