“Gülüstan...”
Vətənimizi
bölmüş bu xəzəl müqavilə ilə bu
gözəl adın birliyi təsadüfmü?..
Tarixçilər həsəd aparılası adamlardır; ölkənin, xalqın, tayfaların, ayrı-ayrı şəxsiyyət və şəxslərin başına gələn qəza-qədərləri, dərd-ələmi buz kimi qələmlə yaza, ağızda qurumayan dillə danışa, sinədə alışıb-yanmayan ürəklə daşıya bilirlər. Məsələn: “1813-cü il oktyabrın 12-də imzalanan “Gülüstan sülh müqaviləsi” Azərbaycanın ikiyə bölünməsinə gətirib çıxardı”.
Necə də
sa-kit, hiss-hə-yə-can-sız...
...Elə
bəzi ədəbiyyatçılar da bu qəbil həsədə
hədəf ola bilirlər. Böyük ədibimiz
Abbasqulu ağa Bakıxanov öz “Gülüstani-İrəm”ində
həmin fəci tale halımızı, acı alın
yazımızı belə xatırlayır: “Həmin ilin
baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən
alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və
Xorasanda baş verən iğtişaş nəticəsində
şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran
dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində,
hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr)
ayının 12-də Rusiya ilə İran dövlətləri
arasında əhdnamə bağlandı. Bu əhdnaməyə
görə İran dövləti Gəncə, Qarabağ,
Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd
xanlıqlarını, bütün Dağıstanı,
Gürcüstanı və ona həmhüdüd olan ölkələri
Rusiya dövlətinə verdi. Onlar haqqında hər
cür iddiadan əl çəkdi. Rusiya
imperatoru da öhdəsinə aldı ki, şah hansı bir
övladını vəliəhd təyin etsə, ona yardım
göstərsin və hüququnu müdafiə etsin”.
Təxminən əsr yarım sonra - köhnə
bölücümüzün yeni davamçıları
dövründə - ədiblərimizdən birinin
yazdığı qorxulu bir poemadan parçaları isə bu
yazının axırına saxlayaq. Hələlik 200 illiyi
tamam olan (başqa sözlə, milli tifaqımızın
dağılma bünövrəsini qoyan) o müqavilə
dövrünün yığcam tarixi panoramı.
Tarixi Azərbaycan
ərazisini Rusiya ilə İran arasında bölən bu
müqavilə öz mətn (və bətn) mahiyyətini bir il əvvəlki bir müqavilədən
götürüb bəhrələnirdi. Belə
ki, Osmanlı imperiyası ilə çar Rusiyasının
bağladığı Buxarest müqaviləsində birinci
ikincinin Qafqazı işğalını tanıyır və
bu torpaqlara iddiasından əl çəkir. İmkan
sarıdan olmasa da, iştah sarıdan həmin imperiyalara ortaq
olan İranın da vəziyyəti qolay deyildi; Napoleonun “kafər
qonşu”ya məlum hücumundan sevincəyə
düşüb, faydalanmağa çalışan İran vəlihədi
Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan
xanlıqları üstünə hücum etsə də,
çar generalının (P.Kotlyarevskinin)
işğalçı döyüşçüləri
qarşısında duruş gətirə bilmir və bölgədə
hərbi-siyasi üstünlüyünə birdəfəlik
xitam verib, geri qayıdır. Bu vəziyyət
İranı başqa bir varianta - “ziyanın yarısından
qayıtmağa” sövq edir. Belə ki, zəmanənin
“siyasi ağsaqqalı”nın - İngiltərənin
təkidli təklifi nəticəsində Rusiya ilə sülh
müqaviləsi imzalamaq qərarına gəlir və... həmin
o məlum ilin bəlli ayının bizimçün bəlalı
günündə həmin bu adı Gülüstan, dadı
milli zimistan müqavilə bağlanır...
Görəsən,
- 200 il bundan əqdəm - o müqavilə
bağlanan an o tay-bu taylılarımızdan heç olmaya 200
(lap olsun 2000) adam fərqindəymişmi ki, həmin gün
bizim bir çox büyüklüklərimizin, ən əsası
- vahid dövlət içrə millət
böyüklüyümüzün də -
“Kitabı bağlandı”?!.
Deyim ki, “ən əsas” məsələmizin kitabı
haçansa açılacaq. Zaman-zaman bir neçə
yağı-yaman ölkələr tərəfindən kilkə-kilkə
zəbt olunmuş yer-yurdlarımız, onların törətdikləri
maneələr hesabına sarsılmış, qınında
boğulmuş, mental qanun halından deformasiya edilmiş mənəvi
böyüklüklərimiz isə, ya qismət...
O vaxt
bağlanmış bu “kitab”ın səhifələri nələri
gizlətdi sonrakı nəsillərdən? O “kitab” iyirmi-otuz il öncələrədək arxivlərətrafı
nəsillərdən, əhalidən gizlətmişdi ki, bizim
410 min kvadratkilometrlik ərazimiz varmış. Sonralar şairlərimizə
“Yox millətimin imzası imzalar içində...”, “İki
bölünməkdən elə qorxmuşam, -
Çöpü də ikiyə bölmərəm daha”
yazdıran, müğənnilərimizə “Dərbənd
aralı, könlüm yaralı” oxudan o müqavilədə Azərbaycan
adı yerli-dibli çəkilməyibmiş. On
bir maddədən ibarət o bölücü, ayır-buyurucu
sənəddə iki istilaçı bundan sonra “əbədi
dostluq şəraitində yaşamaq” əhd-peymanı
bağlayıbmış. Bu “peyman”a görə, əhd-əqdçilərin
birinə 280 min, digərinə 130 min kvadrat kilometrlik
torpağımız düşübmüş. 1918-ci ildə
sovet Rusiyasının təzyiqlərilə ermənilərə
verilmiş İrəvan xanlığı 9 min kv.km., Rusiya əsarətinə
keçən Dərbənd xanlığı 7 min kv.km.,
sonralar Ermənistan və Gürcüstan SSR-lərə 27,4
kv.km. peşkəş edilməklə 86,6
kv.km. torpağımız
qalıbmış. Bu nağıl “mış”-“muş”larından
sonra isə bugünkü real torpaq faizimiz...
O vaxt
bağlanmış kitabımızı açdıqca,
oxuduqca belə-belə faktlar çıxdı ortaya. Elə faktlar ki, bunların adicə mütaliəsi
belə, yəqin bir çox oxucumuza çətinlik törədəcək.
Amma nə qədər səbrü-qərar çətinliyi
olsa da, istərdim, həmin müqavilənin ikinci maddəsini
(bununla da, bizi bölüşdürənlərin səbrini,
özgə torpaqlarının, yer-yurdlarının qəliz-qəliz
toponimlərini araşdırıb-öyrənmə dəqiqliklərini)
diqqətinizə çatdırım: “Bir halda ki, hər iki
yüksək dövlət arasında ilkin əlaqələr
vasitəsilə 1813-cü il oktyabrın 12-də
Qarabağın Gülüstan kəndində Azərbaycanın
tarixi torpaqlarının Rusiya və İran arasında
bölüşdürülən "status quo ad praesens",
yəni hər bir tərəfin hazırda tam malik olduğu
torpaqlara, xanlıqlara, mülklərə sahib qalması
özülündə sülhün bərqərar edilməsi
artıq qarşılıqlı surətdə
razılaşdırılmışdır, onda bu gündən
və gələcəkdən bütün Rusiya imperiyası və
İran dövləti arasında sərhəd
aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən
başlayaraq, düz xətlə Muğan düzündən
Araz çayında Yeddibulaq keçidinədək, oradan
üzü yuxarı Kəpənək çayının
Arazla qovuşduğu yerə, sonra da Kəpənək
çayının sağ tərəfi ilə Mehri
dağları silsiləsinə, oradan da xətti Qarabağ və
Naxçıvan xanlıqlarının sərhədləri ilə
davam etdirərək, Alagöz dağları silsiləsilə
Qarabağ, Naxçıvan, İrəvan
xanlıqlarının və Yelizavetpol (Gəncə) dairəsinin
bir hissəsinin sərhədləri birləşən Dərələyəz
sərhədinədək, buradan İrəvan
xanlığını Yelizavetpol dairəsindən, həmçinin
Qazax və Şəmşəddin torpaqlarını ayıran
sərhədlə Eşşəkmeydan sərhədinə,
oradan da dağlar silsiləsilə, çayın sağ tərəfilə,
onun arxa yönündə, Həmzəçimən yolu ilə,
Pəmbək dağları silsiləsi ilə Şurakel sərhədinin
küncünədək, bu küncdən də qarlı
Alagöz dağının başınadək, buradan da
Şurakel sərhədi, dağlar silsiləsi ilə, Mastaras və
Artkin arasıyla Arpaçayadək. Bununla belə,
Talış mülkü müharibə vaxtı əldən-ələ
keçdiyinə görə, həmin xanlığın
Zinzeley və Ərdəbil tərəfdən olan
hüdudları daha artıq dürüstlük
üçün, hər iki tərəfdən
qarşılıqlı razılıqla seçilmiş
komissarlar tərəfindən, bu müqavilə bağlanıb
təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda
"status quo ad praesens" əsasında Talış
xanlığının sərhəd xətti ilə müəyyənləşdiriləcək
ki, hər bir tərəf malik olduğu torpaqların sahibi
qalsın. Eləcə də yuxarıda xatırlanmış sərhədlərdə,
bu və ya başqa tərəfin xəttindən kənara nə
isə çıxarsa, hər iki ali
dövlətin komissarlarının təhlilindən sonra hər
bir tərəf "status quo ad praesens" əsasında təminat
verəcək”.
Nə qaldı?..
410 kv.km.-dan bizə qalan 86 kv.km. öz yerində,
burada yazılması çox vacib olan məsələləri
deyirəm. Həmin məsələlərsə o qədər
çox, oxəntərə qəliz ki...
“Nə
qaldı”nı “nə etməli” ilə davam etdirməli olsaq;
hamılıqla həmfikir olub, daha mütəşəkkil
toparlanmalı, ən son işğal subyektimizə yiyələnib,
üzü gerikilərin əldə edilməsi uğrunda
üzü (və sözü) irəliyə doğru irəliləməli!..
Hə,
bir də qalıb bu yazının əvvəlində vəd
etdiyim növbəti ədəbiyyatçı
baxışı - A.Bakıxanovdan çox sonrakı şairlərimizdən
birinin - Bəxtiyar Vahabzadənin 54 il bundan irəli
yazdığı “qorxulu poema”sından - “Gülüstan”dan
ixtisarla verəcəyim bir neçə bənd:
İpək
yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib
yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Atıb
imzasını hər kəs varağa,
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli
cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.
Onların
birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb
gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Gülüstan
kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan"
bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Ey
kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük
bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Dayanıb
Arazın bu tayında mən
"Can, qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman,
sorğuma cavab ver, nədən
Səsim
yetən yerə, əlim yetməyir?..
Dolandı
zəmanə, döndü qərinə,
Şairlər
od tökdü yenə dilindən.
Vurğunun
o həsrət nəğmələrinə
Şəhriyar
səs verdi Təbriz elindən:
“Bir
uçaydım bu çırpınan yelinən,
Qovuşaydım
dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir
görəydim ayrılığı kim
saldı,
Ölkəmizdə
kim qırıldı, kim qaldı"...
Bu
müqavilə haqda nə yazılıb, nə yazılır,
nə yazılacaqsa da “nə qaldı” sualı öz
aktuallığını saxlayıb, saxlayır, saxlayacaq...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2013.- 11
oktyabr.- S. 15.