Frankfurt sərgisində ulu öndərə həsr olunmuş nəşrin təqdimatı

 

Xəbər verdiyimiz kimi, oktyabrın 9-dan 13-dək Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmiz də təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan kitabları dünyanın bu nüfuzlu sərgi-yarmarkasında altıncı dəfə nümayiş etdirilib.

"Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadratmetr sahədə qurulan gözəl tərtibatlı Azərbaycan stendində ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.

Oktyabrın 12-də Azərbaycan guşəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan nəfis nəşrin - “Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib. Mərasimdə alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ulu öndərin həyatı və dövlətçilik fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Diplomat müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, bu siyasətin, keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də ölkəmizə böyük nailiyyətlər qazandıracağını ifadə edib. Ümummilli liderə həsr olunmuş "Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağı vurğulanıb.

Türkiyənin Frankfurtdakı baş konsulu Ufuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür və digər çıxış edənlər tədbirin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, türk dünyasının birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olunub.

Qeyd edək ki, ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, almanrus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilib.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 5.