Xalq şairinin xatirəsi anılıb

 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə oktyabrın 14-də ədibin Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirilib.

Mərasimdə şairin ailə üzvləri, sənət dostları, ziyalılar, Milli Məclisin deputatları, Məmməd Araz poeziyasını sevənlər iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, AYB-nin katibi Rəşad Məcid çıxış edərək Məmməd Arazın keçdiyi həyat yoluna nəzər salıb, onun yaradıcılığından, poeziyamızdakı misilsiz xidmətlərindən söhbət açıb, qüdrətli qələm sahibi ilə bağlı xatirələrini dilə gətiriblər.

Bildirilib ki, Məmməd Arazın şeirləri həmişə özünəməxsusluğu ilə seçilib, o, Azərbaycan poeziyasında öz dəst-xəttini və məktəbini yaradan sənətkarlardan olub.

Şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, Milli Məclisin deputatları Nizami Cəfərov, Musa Quliyev və başqaları Məmməd Arazın yaradıcılığı, həyatı, Azərbaycan poeziyasındakı yeri haqqında danışıblar. Mərasimdə şairin öz səsi ilə lentə alınmış şeirləri dinlənilib.

Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində doğulub. Ədəbi yaradıcılıqla yanaşı, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Azərbaycan ədəbiyyatında xidmətlərinə görə “İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülüb. 2004-cü ildə vəfat edib.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 5.