“Səhnənin ecazkar cazibə qüvvəsi var”
Xalq artisti, görkəmli aktyor Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakıda doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşov kimi görkəmli sənətkarlardan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktyorluqla yanaşı, İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
İnsan mühitin məhsuludur, deyirlər. Bu il 70 yaşını qeyd edən Ramiz Məlik də sənətə gəlişini, sənət aləmi ilə bağlılığını yaşadığı mühitlə əlaqələndirir. 70 illik yubiley mərasimi öncəsi sənətkarla çalışdığı Akademik Milli Dram Teatrında görüşdük. Söhbətimiz əhatəli oldu. Xalq artisti danışdıqca 47 ildən artıq teatrda, kinoda, televiziya tamaşalarında yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası gözlərimin önündə canlanır, bir insanın sənət dünyası öz rəngləri ilə bənzərsiz tablo yaradırdı. Sevimli aktyorumuzun bənzərsiz səs tembrini də nəzərə alsaq, deyə bilərik ki, həmin gün o, həyat və sənət tarixçəsini ecazkar bir şəkildə nəql edirdi.
Sənətə
yol 31 nömrəli məktəbdən
başlandı
- Sənətə 14 yaşımda gəldim. O vaxtı sinif yoldaşım Qasım Səfəroğlu məni özü ilə İ.Əbilov adına mədəniyyət evinə apardı. Orada görkəmli sənətkarımız Məmmədağa Dadaşovun dram dərnəyi fəaliyyət göstərirdi. Həmin vaxt Qasimgil Yusif Əzimzadənin “Anacan” pyesi üzərində işləyirdilər. Məmmədağa müəllim dedi ki, bəlkə səni dərnəyə üzv yazaq. Tamaşada bir rol var, sənin görünüşün həmin rola uyğundur. Mən ilk əvvəl razılıq vermədim. Bir-iki gündən sonra Məmmədağa müəllim yenidən məni çağırdı. Getdim. Rolu mənə verdilər... Onu deyim ki, bizim məktəb teatr aləmi ilə çox bağlı olub. Azərbaycan teatr aləminin görkəmli nümayəndələri Həsənağa Turabov, Həsən Əbluc, Azər Paşa Nemətov, İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Namiq Kamal, daha sonralar sənətə gəlmiş istedadlı aktrisa Məsmə Aslanqızı məktəbimizin yetirmələridir.
Yadıma gəlir ki, biz aşağı siniflərdə oxuyanda məktəbin idman zalında Həsən Əbluc, Həsənağa Turabov səhnə qurardılar və orada Mir Cəlalın “Bir gəncin manifesti”, C.Cabbarlının “Aydın” əsərlərini oynayardılar. Mən də gedib onların tamaşalarına baxardım. Beləliklə, sənətə ilk gəlişim dram dərnəyində “Anacan” tamaşası ilə oldu. Əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində müvəffəqiyyətlə oynadıq. 1957-ci ildən başlayaraq taleyim dram dərnəyinə bağlandı. Məktəbi bitirdim, iki ildən sonra Teatr İnstitutuna daxil oldum.
Üçüncü kursdan görkəmli rejissorumuz Tofiq Kazımov kurs rəhbərimiz oldu. Mən özümü onun yetirməsi sayıram. Tofiq müəllim 1964-cü ildən Akademik Milli Dram Teatrının baş rejissoru idi və novator rejissor kimi öz ideyalarını həyata keçirə bilmişdi. Yeni aktyor nəslinin yetişməsində böyük əməyi vardı. Kollektivin indiki yaşlı nəsil nümayəndələri o vaxt Tofiq müəllimin teatra gətirdiyi aktyorlardır. Tofiq müəllimin sayəsində teatrda üç nəsil birləşdi: korifey sənətkarlar, orta və gənc nəsil. Bu zaman teatr inkişaf etməyə başlayır.
Teatr, teatr... yenə
də teatr
1967-ci ildə institutu
bitirdik. Teatra gəldim. Görkəmli
rejissor Mehdi Məmmədovun quruluşunda
üç əsərdə
rol oynamışam: “Xəyyam”, “Dəli yığıncağı” və
“İblis”. Hüseyn Cavidin 100 illiyi
ərəfəsində “İblis”
tamaşası böyük
müvəffəqiyyətlə nümayiş olundu. Bu əsərdə Arif rolunu oynayırdım.
1984-cü ildə bu tamaşaya görə Azərbaycan
SSR Dövlət mükafatına
layiq görüldük.
Tofiq müəllim bilirdi ki, mənim rejissor olmaq arzum var. Ona görə də məni öz tamaşalarına ikinci rejissor, rejissor assistenti kimi dəvət edirdi. 1980-ci ilin iyul
ayında bildirdi ki, avqustun sonunda
məni Moskvaya rejissorluq kursuna göndərmək üçün
əmr imzalayacaq.
Ondan sonra hansı hadisələr baş verdiyini bilirik. Tofiq müəllim dünyasını
dəyişdi və mənim rejissor olmaq arzum elə
arzu olaraq da qaldı.
Bütün bunlara baxmayaraq mən 47 ildir ki, bu teatrda
işləyirəm. Müxtəlif səpkili rollar oynamışam. Həmişə də Mehdi müəllimin
və Tofiq müəllimin mənə
diqqət və qayğısı gözlərimin
önündə olub.
Sənəti korifey aktyorlarımızdan
öyrəndim. Hökümə
Qurbanova, Ağasadıq
Gəraybəyli, Barat Şəkinskaya,
Leyla Bədirbəyli...
Elə buna görə də heç vaxt bu sənətə
gəldiyimə görə
peşmançılıq çəkməmişəm.
Bəzən olub iki, üç, dörd il
teatrda rolum olmayıb, amma yenə də bədbinliyə qapılmamışam.
Teatr canlı sənətdir.
Rejissor quruluş verdiyi tamaşada öz duyumuna görə aktyorları seçir.
Ola bilər ki,
mən əsərdəki
rola uyğun gəlmirəm. Bu yenə də rejissorun duyumundan asılıdır. O vaxt
mənə Arif rolu veriləndə hamı fikirləşirdi,
Ramiz bu rolu necə oynayacaq. Amma mən öhdəsindən
gəldim. Bir hadisəni
də xatırladım.
1969-cu ildə Bakıda ümumittifaq miqyasında bolqar dramaturgiyası festivalı
keçirilirdi. Azərbaycanda həmin festivalın ilk laureatı adını S.Stoyanovun “Falçı” tamaşasında Manco obrazına görə mən aldım.
Akademik Milli
Dram Teatrının səhnəsində
isə ilk rolum C.Cabbarlının “Almaz” pyesində Barat obrazı oldu. O vaxt unudulmaz aktyorumuz Bürcəli Əsgərov tamaşa vaxtı xəstələndi
və onun rolunu mən oynadım. Beləcə rollar bir-birini
əvəz etdi və mən həyatımı teatra bağladım. Ötən
illərdə Marsel
("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər
Cabbarlı), Mayis
("Sevgililərin cəhənnəmdə
vüsalı", İlyas
Əfəndiyev), Valter
("Yad adam", L.Frank), Jan ("Dəfn edilməmiş ölülər",
J.P.Sartr), Toğrul
("Atabəylər", Nəriman
Həsənzadə), Antoni
("Kölgələrin oyunu",
Y.Edlis), Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Vilyams ("Kəllə", Nazim Hikmət) və onlarla digər obraza imza atdım.
Bu il isə
bu sənət məbədində 70 illik
yubileyimlə bağlı
rumın dramaturqu Mate Vişneçin “Qoca kloun tələb olunur” əsərinin tamaşasında oynayıram.
Bu, teatrın direktoru İsrafil İsrafilovun biz yaşlı
aktyorlara hədiyyə
etdiyi tamaşadır.
Tamaşada xalq artistləri
Rafiq Əzimov, Rafael Dadaşov və mən oynayıram. Əsərin
premyerası sentyabrın
26-da keçirildi. Tamaşaçıların
müsbət fikirləri
biz aktyorlara ilham verir. Rol aktyorun ürəyincədirsə,
onu can-başla oynayır. Baxmayaraq ki, rolda fiziki hərəkətlər
çoxluq təşkil
edir, yorğunluq olur, amma səhnəyə
çıxdığımız zaman bütün bunları unuduruq. Rafael Dadaşov da,
mən də ürəyimizdən əməliyyat
olunmuşuq, amma tamaşa zamanı bunu hiss etmirik. Çünki aktyoru yaşadan
səhnədir.
Teatrın 140 illiyi ərəfəsində
hazırlanan tamaşaya
həm teatr mütəxəssislərinin, həm
də ictimaiyyətin müsbət rəyi oldu. Tamaşanın baş rejissoru
İradə Gözəlovadır.
Əsərdə yaşlı insanlar
belə bir elana rast gəlirlər
ki, harasa üç kloun tələb olunur. Onlar elan üçün gəldikləri yerin hara olduğunu belə bilmirlər. Bir komissiya onlardan klounluq etmək bacarığını göstərməyi
tələb edir.
Əslində məqsəd onların
klounluq bacarığından
şou yaradaraq pul qazanmaq imiş.
Mən teatrı
təbiətlə müqayisə
edirəm. Canlı orqanizmin bir
hissəsidir teatr.
Necə ki, ağaclar, çiçəklər torpaqdan
qüvvə alır, aktyor da teatrda
tamaşaçı ilə
canlı ünsiyyətdən
qidalanır və öz rolunu daha da gözəl
oynayır. İnşallah, oktyabrın 19-da Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 70 illik yubileyim keçiriləcək
və biz bu tamaşanı oynayacağıq.
Yubiley tədbirini başqa formada daha da
təmtəraqlı təşkil
edə bilərdik.
Amma istədim ki, qısa rəsmi hissədən sonra tamaşa nümayiş olunsun və mən aktyor olaraq öz tamaşaçıma sənətimi
göstərə bilim.
Kinoya həvəs
Kinoda debütüm
1966-cı ildə “Mehman”
filmində sonuncu kadrda oldu. Filmdə Mehmanın
yerinə gələn
gənc prokuroru oynadım. Epizodik bir rol idi. O zaman hələ institutu bitirməmişdim. Sonralar
Həsən Seyidbəyli,
Tofiq Tağızadə,
Hüseyn Seyidzadə,
Eldar Quliyev və başqa rejissorların quruluş verdiyi və kino sənəti tariximizdə uğur qazanan ekran əsərlərində
rol almışam. 1970-də isə Həsən
Seyidbəylinin “O qızı
tapın” filmində Ziyanı oynadım. Kinoda ən çox Eldar Quliyevlə işləmişəm. Son
olaraq “İstanbul reysi”ndə (Şef) çəkilmişəm. Ümumilikdə 50-dən artıq filmdə irili-xırdalı
rollar oynamışam.
Rejissorluq həvəsi məndə
heç vaxt itmədi. Heç indi də itməyib. Buna görə də özüm 1991-ci ildə qısametrajlı “Divar” filmini çəkdim.
38 dəqiqəlik film “Debut”
studiyasında ərsəyə
gəldi. Filmdə xalq
artistlərimiz Laləzar
Mustafayeva, Zərnigar Atakişiyeva çəkiliblər.
“Retro” filmlər festivalında ekran əsəri yüksək qiymətləndirildi. Bu filmi çəkməklə
mən kinonun mətbəxinə daxil olub, onu öyrənmək
istəyirdim. Ekran
arxasındakı iş
prosesi mənim üçün həddən
artıq maraqlı idi. Montaj, səsləndirmə, rəssam işi və s. Vaxtilə Hüseyn Cavidin “İblis”ini ekranlaşdırmaq
istəyirdim, amma bu arzumu həyata
keçirə bilmədim.
Arzular
Allah hamıya cansağlığı
versin, inşallah, teatrda yeni rollarımız
olacaq. Əsas odur ki, biz hələ də səhnədəyik, səsimiz
gəlir. Aktyor səhnəsiz
aktyor deyil. Bu gün mənim
səsim də, fiziki sağlamlığım
da imkan verir ki, səhnədə
olum. Gənclərə isə tövsiyəm
budur ki, qalaq-qalaq kitabları mütaliə etsinlər.
Bu, aktyora kömək
edir. Mən bu gün də oxuyuram. Gənc aktyorlar öz səsləri və diksiyaları üzərində
işləməlidirlər. Aktyorun pıçıltısı ikinci
mərtəbəyə belə
çatmalıdır. Bunu bizə müəllimlərimiz
öyrədiblər. Səhnədə canını, beyninin məhsulunu qoymalısan.
Səhnənin ecazkar cazibə
qüvvəsi var. Bu cazibə
qüvvəsi səni
özünə çəkdisə,
deməli, sən artıq sənətə gəlmisən.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 7.