Folklor paytaxtı”nda xalq yaradıcılığı bayramı

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Zaqatala rayonu 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunub. “Folklor ili” çərçivəsində Zaqatalada növbəti tədbir - “Xalq sənəti, el təranələri” xalq yaradıcılığı bayramı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti, “Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı və Şamaxı rayonlarından folklor və rəqs kollektivləri də iştirak ediblər.

Zaqatala Olimpiya İdman Kompleksində gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, nazirliyin Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Vüqar Məmmədov və ictimai birliyin rəhbəri Dünyamin Xəlilov çıxış edərək folklor bayramının çox əlamətdar bir dövrə təsadüf etdiyini, bir neçə gün əvvəl keçirilmiş prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini böyük iftixar hissi ilə vurğulayıblar.

Bildirilib ki, “Folklor ili” çərçivəsində Zaqatalada silsilə tədbirlər keçirilir. Bu tədbirlər Zaqatalanın, eləcə də qonşu rayonların folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, təbliğ olunmasında mühüm rol oynayır.

Qeyd olunub ki, qədim tarixi abidələri, fauna və florası, ətirli çayı, qızılgülü ilə məşhur olan Zaqatala etnik baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi daha da zənginləşdirib, xalq sənətinin inkişafına təkan verib. Müxtəlif xalqların folklorxalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, qorunur, inkişaf etdirilir.

Bayram tədbirində iştirakçı rayonların folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Sonda kollektivlərə Zaqatala Rayon İcra Hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 8.