Daşkənd sərgisində Azərbaycanın stendi maraqla qarşılanıb

 

Özbək turistlər Naftalan kurortuna böyük maraq göstərirlər

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın turizm imkanları oktyabrın 8-dən 10-dək Özbəkistanın paytaxtı Daşkənddə keçirilən «Turizm İpək Yolunda» ənənəvi beynəlxalq yarmarkasında nümayiş etdirilib. Bu il 19-cu dəfə gerçəkləşən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov və sektorun məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edib.

Səfər təəssüratlarını qəzetimizlə bölüşən Cəmil Kəlbəliyev bildirdi ki, tədbirdə dünyanın 40-dan çox ölkəsindən 700-dək turizm şirkəti və firması, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edib: “Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratmetrlik sahə icarəyə götürülmüşdü. Sərginin ilk günündən ölkəmizin stendi diqqəti xüsusi olaraq cəlb etdi. Bir çox ölkələrin nümayəndələri, eləcə də yerli ziyarətçilər heyətimizə yaxınlaşaraq Azərbaycana səfər etmək üçün prosedur qaydaları haqqında məlumat alırdılar. Ölkəmizin onlar üçün maraqlı turizm istiqaməti olduğunu deyən ziyarətçilər daha çox tarixi-mədəni yerlər barədə suallar verirdilər. Biz özümüzlə ingilisrus dillərində ölkəmizin turizm potensialını təbliğ edən müxtəlif reklam-çap məhsulları aparmışdıq. Üstəlik monitor vasitəsilə də Azərbaycan haqqında reklam çarxları nümayiş olunurdu. Azərbaycana səfər etmək marağında olanlara ölkəmiz haqqında, respublikamızda turizmin inkişafı və perspektivləri, prioritet hesab olunan turizm növləri və əsas turizm məkanları barədə ətraflı məlumatlar verirdik”.

Sərgi günlərində Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə stendimizdə müxtəlif əl sənətkarlığı nümunələri, eləcə də xalçalar, milli şirniyyat nümunələrindən ibarət çay süfrəsi, milli mətbəximiz iştirakçılara təklif olunurdu. Təşkilatçılar tərəfindən xüsusi ayrılmış səhnədə “Azərbaycan qızları» rəqs ansamblının və «Azərbaycanım» musiqi qrupunun çıxışları da iştirakçıların böyük marağına səbəb oldu».

Nazirlik nümayəndəsinin sözlərinə görə, sərgi zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən Özbəkistanın müxtəlif turizm şirkətləri və mehmanxana nümayəndələri ilə görüşlər keçirilib, turist mübadiləsinə dair danışıqlar aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Özbəkistanın kütləvi informasiya vasitələri də Azərbaycanın stendinə böyük maraq göstərib. Özbəkistan Dövlət Televiziyasının «Vse o turizme» verilişinin aparıcısı tərəfindən stendimizdə çəkilişlər aparılıb, sektor müdiri Mahir Qəhrəmanovdan geniş müsahibə götürülüb.

Oktyabrın 9-da nazirliyin nümayəndə heyəti ölkəmizin Özbəkistandakı səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakı ilə səfir Hüseyn Quliyevlə görüşüb. Görüş zamanı Azərbaycanla Özbəkistan arasında turizm mübadiləsinin imkanları müzakirə olunub. Özbək turistlərinin Azərbaycana səfər etmək istədiyi, xüsusilə Naftalan kurortuna böyük maraq göstərdiyi qeyd olunub.

Müsahibim deyir ki, Özbəkistanda son illər turizmin inkişafına diqqət yetirilir, ölkənin tarixi-mədəni abidələrin zənginliyi baxımından turizm imkanları yüksək qiymətləndirilir. Bu baxımdan Özbəkistanla əməkdaşlıq Azərbaycana gələn turistlərin sayının artmasına da öz töhfəsini verəcək: «Özbəkistanın qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun Mədəni irs siyahısına salınıb və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidə mövcuddur. Hazırda Özbəkistanda 800-dən artıq turizm təşkilatı, o cümlədən 500 mehmanxana fəaliyyət göstərir. Ona görə də «Turizm İpək Yolunda» sərgisində ölkəmizin iştirakını əhəmiyyətli hesab edirəm. Bu sərgidə iştirakımız qarşılıqlı turist axınının artmasına öz töhfəsini verəcək».

 

  Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 9.