Cənubi Afrika Respublikasında keçirilən yarmarkada Azərbaycan guşəsi
Ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkənin Yohannesburq şəhərində Türk İş Adamları Birliyi tərəfindən təşkil olunmuş yarmarkada iştirak edib. Səfirlikdən verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkanın əsas məqsədi CAR-da fəaliyyət göstərən türkiyəli iş adamlarının, təhsil ocaqları nümayəndələrinin bir araya yığışaraq gördükləri işləri nümayiş etdirmək və ümumilikdə türkdilli xalqların mədəniyyətini təbliğ etməkdir.
Azərbaycan səfirliyi artıq ikinci dəfədir ki, həmin yarmarkada iştirak edir. Səfirlik üçün ayrılmış bölmədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun nəşrləri, xalçalar, kitablar, milli mətbəximizin və mədəniyyətimizin nümunələri sərgilənib. Guşədə 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş “CAR-da Azərbaycanın dostları” təşkilatının da təbliğat materialları yer alıb. Ziyarətçilərə Azərbaycan haqqında məlumat kitabçaları və yeni yaranmış təşkilatın bukletləri, milli suvenirlər paylanıb.
Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov “Türk Hava Yolları”
şirkətinin təşkil etdiyi xeyriyyə
lotereyasında iştirak edib
və yerli KİV-ə ölkəmizlə
bağlı müsahibə verib. Səfirliyin
nəzdində fəaliyyət göstərən rəqs qrupunun ifası yarmarkanın ziyarətçilərində
böyük maraq doğurub.
Mədəniyyət.- 2013.- 18
oktyabr.- S. 10.