“Bizim
mahnılar”ın nəğməkarı
Ötən illərin
mahnıları
O həqiqətən də ömrü boyu bu prinsipə sadiq qaldı. Musiqi aləmində baş alıb gedən şou-biznes çatlamalarından, sənət-sənətkar çəkişmələrindən uzaq oldu, nə səs-avazını dəyişdi, nə də tələb-təklif uçurumuna yuvarlandı. Necə var idisə, elə də qaldı - təbii, canlı, fərqli, hər kəsin özünə yaxın bildiyi, “bizimki”ləşdirdiyi kimi.
Bu günün prizmasından baxdıqda elə əslində onun bu sadə, adi ifaçı keyfiyyətlərinin müğənninin xalq-sənətkar göstəricilərində əsas olduğunu düşünürük. Yəni xalqa yaxınlıq, sadəlik, ətraf aləmlə görünməz tellərlə bağlılıq, səhnədən, efirdən birbaşa hər bir tamaşaçının ürəyinə nüfuz etmək bacarığı da bir istedaddır. O sevgi tərənnümçüsü olduğu qədər də aşiq sənətkar idi. Buna görə də asanlıqla hamının bizim deyib özünə yaxın bildiyi tək-tüklərdən idi. Şad-xürrəm günümüzə, aşıb-daşan ünümüzə, Allah-bəndə ünsiyyətimizə bir melodiklik gətirmişdi. Yəni bizi həyatımızın ən müxtəlif anlarında, ən fərqli məqam və mərtəbələrində tək buraxmamış, səsi, avazı, düzüb-qoşduğu sözləri və isti səsi ilə müşayiət etmişdi. Bu böyük sənətkar məqamı üçün ən vacib, bəlkə də yeganə şərt idi ki, onu da Xalq artisti Məmmədbağır Bağırzadəyə Allah yaranışdan ərməğan etmişdi.
Öz dünyasından...
O, 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində dünyaya gəlmişdi. Elə sənət yoluna, ifaçılığa da bu kənd camaatının qarşısında çıxışlarla başlayaraq, belə demək mümkünsə, ilk muğam təhsilini də bu kənddə qurulan toy məclislərində almışdı. Seyid Şuşinski, Zülfi Adıgözəlov, Xan Şuşinski, Yaqub Məmmədov, Hacıbaba Hüseynov kimi görkəmli sənətkarlarsız toy məclisləri keçirməyən Nardaran camaatı musiqisevərliyi, muğamı gözəl bilməsi, şeir-sənətdən haliliyi ilə ümumilikdə Abşeronda məşhurdur.
Məmmədbağır Bağırzadənin ailəsində də musiqiyə böyük həvəs olub. Dayısı Lətifin gözəl səsi varmış. Muğamı Seyid Şuşinski kimi nəhəng xanəndədən öyrənən Lətifin bu xüsusiyyətinin Məmmədbağırın səsində hiss olunduğunu deyirlər. Sonralar muğamın sirlərini Asəf Zeynallı adına Musiqi Kollecində Xalq artisti Əlibaba Məmmədovdan, Əməkdar müəllim Nəriman Əliyevdən öyrənərək, bununla da yeni dövrdə Azərbaycan muğam ifaçılarının Seyid Şuşinski ənənələrini layiqincə əxz edib. Həm bəstəkar mahnılarını, təsnifləri, həm də özünün yazdığı nəğmələri, elə xarici melodiyaları da xoş, fərqli bir ləhcə ilə oxuyaraq dinləyicilərin könlünü oxşayıb.
Onu müğənni kimi fərqləndirən cəhətlər arasında məlahətli səslə yanaşı, aydın diksiya, oxuduğu hər mahnıya vurduğu xal, xırdalıqlarla bəzəmək kimi bir məziyyət vardı. Taleyin bəxş etdiyi bu istedad ona vətənindən kənarda da şöhrət, sevgi gətirmişdi. Rusiya, Hindistan, İsveç, Finlandiya, Norveç, Fransa və digər ölkələrdə çıxışları və aldığı alqışlar bunu deməyə əsas verir.
Onu belə tanıdıq
Şirin, bənzərsiz səsi ilə uzun illər xalqımızın ürəyini riqqətə gətirən Məmmədbağır Bağırzadənin Azərbaycan musiqisində özünəməxsus yeri var. Müasirləri olan Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov kimi sənət korifeyləri ilə bir dövrdə oxumaq, yaratmaq, eyni zamanda öz səsi-avazı ilə şöhrət və xalq məhəbbəti qazanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil.
Erkən yaşlarından xalq qarşısına çıxan, el məclisləri, tədbir və yığıncaqlara məlahətli səsi ilə bəzək verən sənətkarın ifaçılıq tərcümeyi-halı da çox zəngin və maraqlıdır. Hələ 12 yaşında ikən Nardaran kəndindəki bir toy məclisində sənətkarlar qarşısında “Bayatı-Şiraz" muğamını oxuyan Məmmədbağır sonralar musiqimizə bəxş etdiyi və bizlərin hələ eşitmədiyi "təzə", "naməlum" və ən əsası “axtarılan” səsi ilə qısa bir müddətdə o qədər sevildi və məşhurlaşdı ki, tezliklə el şənliklərinin, dövlət konsertlərinin ən çox alqışlanan müğənnilərindən birinə çevrildi. Evlərdə, məclislərdə, hətta avtomobillərdə belə daha çox onun lent yazılarını dinləyirdilər. Bu böyük məhəbbət və istəyin, tələbin qarşısında nə bədii şuralar, nə dövrün efir qaydaları, nə də müəyyən zümrənin fikri tab gətirə bilərdi.
Həm də muğam
Müğənninin milli radiomuzun fonotekasında saxlanılan “Rast”, “Segah Zabul” dəstgahları, mavi ekranda böyük sənətkarımız Zülfü Adıgözəlovun yolu ilə oxuduğu “Şikəsteyi-fars” şöbəsi onun nə cür mahir muğam ustası olduğuna sübutdur. Bu məqamda bir faktı da vurğulayım ki, ifaçı “Segah Zabul” muğamına üç təsnif yazaraq əlavə edib. Bəstələdiyi digər mahnıları isə, özünün də etiraf etdiyi kimi, çox sevdiyi “Şur” və “Dilkəş” ladlarından bəhrələnərək ərsəyə gətirib. Yəni Azərbaycan musiqilərini yad, gəlmə, bəsit boğazlardan qorumaq üçün əzəmətli muğamlarımızla rövnəqləndirib.
“Söylə,
yadındamı?”..
Onun bir müğənni kimi yetişməsində gözəl bəstəkar Ələkbər Tağıyevin danılmaz əməyi olub. 1976-cı ildən başlanan müğənni-bəstəkar tanışlığı sonradan möhkəm yaradıcılıq əlaqəsinə çevrilir. Bəstəkarın “Söylə, yadındamı?”, “Sənsən həyatım”, “Mənəm”, “Sən gəlməz oldun”, “Kəndimizin gözəlləri”, “Təzə gəlin”, “Yadıma düşdü”, “Xızı dağları” kimi mahnıları müğənninin yaradıcılığından ayrıca bir xətlə keçdi. Onun efir-ekrana yol tapmasına, geniş tamaşaçı auditoriyası qazanmasına səbəb oldu. Düzdür, qeyd etdiyim kimi, o buna qədər də çox tanınırdı, amma təbii ki, dövrün efir maneələri müəyyən mənada yolunu kəsirdi. O, açılan geniş sənət üfüqlərindən dolayı Ələkbər müəllimə olan sevgi və ehtiramını da özünəməxsus formada bildirib. Belə ki, bütün konsertlərini Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı ilə açıb. Ona görə də bu mahnı onun konsert proqramlarının rəmzinə çevrilib.
Bələdçilik
Bu da onun sənət taleyi idi. Qəribə səslənsə də, bəlkə özü belə istəmədən o, bu yolun əsasını qoydu, ifaçılığa
sövq-təbii bir cəsarət gətirdi.
Və təbii ki, ötən əsrin
70-80-ci illərində musiqi
aləminə təzə
qədəm qoyan gənc müğənnilərin
əksəriyyəti Məmmədbağır
kimi oxumağa, onun ifa incəliklərini
təkrar etməyə,
hətta həyatda da ona oxşamağa
can atdılar. O, səhnə
mədəniyyəti, geyim-kecimi,
zahiri görünüşü
ilə də fərqlənməyi bacardı.
Bu mənada Məmmədbağır
Bağırzadə musiqi
aləmində yüksək
professionallığından və çoxlarının
qibtə edəcəyi
səhnə mədəniyyətindən
əlavə, həm də Allahın ona bəxş etdiyi xeyirxahlığı,
ədəb-ərkanı, mehribançılığı
ilə də seçilirdi.
Musiqi dünyasında
yalnız Məmmədbağır
səsinə, ifaçılığına
xas olan zəngulələr, musiqiçilərin
dili ilə desək, bu zəngulələrin içində
etdiyi və onu hamıdan fərqləndirən əlavə
“boğaz xırdalıqları"
onun muğam ifasına, nəğmələrinə
xüsusi bir məlahət, şirinlik gətirirdi. O, oxuduğu mahnılara həyat verirdi və onları sənət əsərinə çevirərək
xalqa yaxınlaşdırırdı.
İfa etdiyi muğam və mahnılardakı sözləri elə bir aydınlıqla, ustalıqla dinləyiciyə
çatdırırdı ki,
dodaqlarından qopan hər bir söz,
hər bir kəlmə sanki ürəyimizin, qəlbimizin
ən incə yerlərinə toxunurdu.
"Musiqisi Məmmədbağır Bağırzadənindir"
Bu sözləri eşidən
hər kəs istər-istəməz xoş
bir əhval içində olar, yeni bir zəngulə,
boğaz, avaz üçün diqqət
kəsilərdi. Sonralar Məmmədbağırın bəstələdiyi mahnılar
insanların ruhunu oxşadı, zövqünə
təzəlik gətirdi.
30-dan çox mahnının
yer aldığı bu sıralamada “Darıxıram”, “Dözə
bilmirəm”, “Güman
yeri var”, “Qaldı dağlarda”, “Olmaz”, “Axtarır gözüm səni”, “Qəhrəmanlıq nəğməsi”,
“Dindir məni”, "Ana
dünyası", “Xoşum
gəlir", "Axtarır
gözüm səni"
kimi nümunələri
qeyd etmək istərdim.
Müğənninin repertuarında tanınmış
bəstəkarlar Oqtay
Kazımov, Nəriman Məmmədov, Tahir Əkbər və digərlərinin mahnıları
da xüsusi yer alırdı.
Xatırlayarsan...
Məmmədbağır Bağırzadənin yazdığı
mahnı və qəzəllər fəlsəfi
məna, tərbiyəvi
xarakterli ibrətamiz yükü ilə də seçilirdi. Fani dünya, müvəqqəti
həyat, kəsirli ömür, vəfasız
ömürdən ata-anaya
məhəbbət, bacı-qardaşa
sevgi, övlada bağlılıq, dostluq,
dürüstlük, sədaqət,
mehribanlıq və saymaqla bitməyən insani dəyərləri musiqili dillə elə gözəl, sadə, şaqraq formada təqdim edirdi ki, onun
bu məsləhət-məşvərətindən
bezmək, və ya vaz keçmək
olmurdu. Bizi bizə elə
gözəl izah edib, özümüzdən
sapmamağı da notlaşdırıb melodiya
qanadlandırırdı. O mahnılar elə bəlkə də buna görə dillər əzbəri idi.
“Kimlərə qaldı dünya”
Təbii ki, hamı kimi
o da bu həqiqətin
fərqinə varır,
onu da gözləyən
sonluğa melodik dildə cavab verirdi. Sanki meydan oxuyurmuş kimi.
Məmmədbağır Bağırzadə bu fani dünyanı ömrünün 55-ci payızında
(2005-ci ilin 30 oktyabrında)
tərk etdi. Gözəllik aşiqi olan, onu layiqincə qiymətləndirməyi bacaran
sənətkar sanki bu dünyadan doyub başqa bir dünyanın gözəlliklərinə valeh
olmağa tələsirdi.
Onun gedişi təbii ki, hər kəsi
sarsıtdı. Bunu Dövlət
Mahnı Teatrında təşkil olunan vida mərasimində iştirak edən insan selinin iştirakçısı
kimi bir daha gördüm. İzdihamın içində hər
kəs ona ehtiramını bildirir, xalqın həqiqi sənətkarı olmasını
sanki hüznləri, göz yaşları ilə bir daha
isbatlamaq istəyirdi.
Bu, sənət adamı kimi onun bəlkə də ən böyük qazancı idi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 18
oktyabr.- S. 13.