Dövrün mübariz şairi
Zəngin Azərbaycan ədəbiyyatının mühüm bir qolunu əzəli yurdumuz olan Qarabağda yaşayıb-yaratmış şair, yazıçı və mütəfəkkirlərin ədəbi irsi təşkil edir. Xüsusilə Şuşada XVIII əsrin ikinci yarısından etibarən poeziyanın köklü ənənələr üzərində inkişaf etməsi sonrakı ədəbi-mədəni proseslərə ciddi təsir göstərib. Bu dövrün böyük hörmət və nüfuza sahib olan istedadlı şairlərdən biri də Baba bəy Şakir olub.
Baba bəy Məhəmmədəli bəy oğlu Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində anadan olub. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, “Mehribanlı Baba bəy” kimi təqdim edilir.
Baba bəy Şakirin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fakt və materiallar olduqca azdır. Mənbələrdə onun təvəllüd tarixi fərqli şəkildə göstərilib. Bəzi mənbələrdə onun 1780-ci ildə doğulduğu bildirilir. Akademik Feyzulla Qasımzadə onun 1769-cu ildə anadan olduğunu qeyd edib. Rus tədqiqatçıları Baba bəy Şakirin təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. Firidun bəy Köçərli isə Baba bəy Şakiri müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib.
Şairin mənşəcə Pənah xanın nəslindən - Sarıcalılardan olduğu bildirilir. Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsidir. O, özü şeirlərinin birində şəcərəsi ilə bağlı belə yazıb:
Mən özüm övladi Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcalıyam,
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.
Baba bəy Şakir xan nəslinə mənsub olmasına baxmayaraq, çox çətin güzəran keçirib, ancaq taleyindən heç vaxt şikayətlənməyib. Yalnız Mehdiqulu xandan incikliyini dilə gətirib. Dostu və yaxın qohumu, şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda deyib:
Külli Qarabağa olub mehriban
Götürdükcə dövlət elədi ehsan.
Bizlərə düşəndə xani-alişan,
İşıqlı dünyanı elədi zülmət.
Qasım bəy Zakir həmişə Baba bəyi özünə müəllim hesab edib. Poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğun götürüb. Onun istedadının səsi-sorağı Qarabağın hüdudlarını aşaraq İrəvandan, Ordubaddan, Gəncədən eşidilib. Görkəmli tədqiqatçı alim Salman Mümtaz araşdırmalarında yazır: “Baba bəy Şakir o vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur bir şair olub”. S.Mümtaz daha sonra qeyd edir ki, XIX əsr Azərbaycan satirik şeirinin geniş intişar tapmasında onun böyük xidmətləri olub. Poeziyanın ictimai mübarizə silahına çevrilməsində çox zəhmətlər çəkib. Onun yaradıcılığında “Ay mədəd” və “Yetmədi” rədifli qoşmaları, “Gəlməz” gəraylısı diqqət çəkir.
Murği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə
dada, ay mədəd!
Qasım bəy Zakir Baba bəyin “Ay mədəd” rədifli qoşmasından
çox təsirlənib.
Baba bəy Şakirin
yaradıcılığında həcvlər xüsusi yer tutur. Onun bu janra daha çox
diqqət yetirməsi ilə bağlı Firidun bəy Köçərli yazır
ki, şair müasirlərinin əxlaqını
həcvlə islah etmək istəyib. Ədəbiyyatşünas ona da təəssüflənib ki,
Baba bəy incə ruhlu, istedadlı şair olsa da, ömrünü əsasən həcvlər
yazmağa sərf edib. Şair saatlarla bədahətən
qoşma, gəraylı
söyləyib.
Baba bəy Şakir
dövrünün haqsızlıqlarını,
yadellilərin doğma
vətəndə at oynatmasını
qəbul etməyib. Qasım
bəy Zakirə yazdığı bir məktubunda belə deyir:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina yoxdu
görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyf bu vilayət, heyhatü heyhat!
Baba bəy həm
də üsyankar bir sənətkar olub. Dövrün ictimai haqsızlıqları
ilə barışmayıb.
Çarizmin istilasından sonra
Qarabağın dağıntılara
məruz qalması şairi çox pərişan edib. Xalqın minillik adət-ənənələrinə
qarşı yürüdülən
siyasətə dözə
bilməyən şair
əsərlərində işğala
olan nifrətini, qəzəbini dilə gətirib. Şair divanbəyinə yazdığı
bir məktubda şikayətini belə çatdırır:
...Ya bizləri tamam tutsun naçalnik,
Ya eləsin dərdə çarə, ərz elə...
Nə oğru, nə xain, nə hiyləgərik,
Habelə vətənin tərkin edərik.
Elliklə baş götürüb
gedərik,
Hər birimiz bir diyara, ərz
elə.
Janrından və həcmindən asılı olmayaraq, Baba bəyin bütün şeirlərində dövrün
mənzərəsi çox
aydın verilir. Müəllif baş verən proseslərə ayıq nəzərlərlə yanaşır,
problemlərin səbəblərini
müəyyənləşdirməyə çalışır. Şair qeyd
edir ki, “quberniya bina olandan bəri” Qarabağ əhalisinin başına çox bəlalar gəldi. Çox qəribə zamandır, haqqını tələb
edə, həqiqəti
bildirə bilmirsən.
Çünki “olmaz urusluqda
eyləmək isbat”.
Haqqın tapdalandığı bir zamanda isə
fəryadın həddi
bilinməz. İnsanların
min bir zəhmət hesabına əldə etdiyi mal-mülkün müstəmləkəçilər tərəfindən yağmalanmasını
müəllif belə
təsvir edir:
Var idi on atım, iyirmi malım,
Qərəz, bir tövr ilə
keçirdi halım.
Yığıb bir hal ilə apardı zalım,
Qapımız sovrulmuş xırmana dönüb.
Baba bəy Şakir
lirik şeirlər də qələmə alıb. Ülvi məhəbbətin
və həsrətin dil açdığı poetik lövhələrdə
şairin səsi, nəfəsi duyulur:
Nə müddətdi o biilqar
Mənimlə göz-gözə gəlməz.
Boş,
bihudə sözdən
ötrü
Yar yarınnan
sözə gəlməz.
Şairin məhəbbət ruhlu gəraylılarında bir
ahəng, ritm var. Sanki
bu şeirlərdə
həzin bir musiqi ifa olunur. Araşdırmalarda göstərilir ki, Baba bəy Şakirin qoşma və gəraylılarının çoxu
xalq mahnıları kimi elləri dolaşaraq insanların mənəvi dünyasını
zənginləşdirib.
Baba bəy Şakirin
şeirləri ilk dəfə
tanınmış tədqiqatçı
Salman Mümtaz tərəfindən toplanaraq
oxuculara təqdim olunub. 1927-ci ildə ərəb
əlifbası nəşr
edilən kitab həmin dövrdə başlanan əlifba islahatı (latın
qrafikalı əlifbaya
keçid) səbəbindən
geniş oxucu auditoriyası arasında uğur qazana bilmir. 1985-ci ildə
isə Fərhad Yəhyayevin tərtibatında
Baba bəy Şakirin
“Seçilmiş əsərləri”
ədəbiyyatsevərlərin ixtiyarına verilir. Ancaq şairin ədəbi irsi burada olduğu
kimi yox, müəyyən redaktələrlə,
ixtisarlarla verilib.
Şair 1844-cü ildə vəfat edib. Baba bəy Şakir Azərbaycan oxucusunun yaddaşında mübariz şair kimi qalıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 18
oktyabr.- S. 15.