Varşava Universitetində Azərbaycanla bağlı fənlər tədris edilir

 

Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi mədəniyyəti ilə bağlı fənlər daxil edilib. Ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, bu dərsləri fəlsəfə elmləri doktoru, Polşada təsis edilən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova tədris edəcək.

Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən Polşadakı səfirliyimizin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də keçirilib. Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələr qarşısında geniş məruzə ilə çıxış edib.

Diplomat son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğıdan, həyata keçirilən irimiqyaslı beynəlxalq regional layihələrdən, iqtisadiyyatda əldə edilmiş uğurlardan danışıb. Səfir həmçinin Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat verib, tələbələrin Azərbaycan kinosu, mətbəxi, qədim abidələri, ölkəmizin turizm imkanları ilə bağlı suallarını da cavablandırıb.

Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunub.

 

Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 15.