İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci

 

Dövlət Gənc Tamaşaçılar Teatrının Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə təşkil etdiyi “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” layihəsi bu il ikinci dəfə gerçəkləşib. Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev, akademik Teymur Bünyadov, Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, tələbə adını qazanmış gəncləri xalqımızın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, teatrın hərtərəfli imkanlarından yararlanaraq təhsil sisteminə müsbət təsir göstərmək tədbirin əsas məqsədidir. Tədbirdə tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim edilib.

Sonra Xalq şairi Rəsul Rzanın “Ana qaz” tamaşası nümayiş etdirilib. Tərbiyəvi əhəmiyyət daşıyan birhissəli pantomim-tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib.

Tədbirin ssenari müəllifi və təşkilatçısı teatrın baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılovadır.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 4.