Heykəlləşən
qum dənələri
Şıx
çimərliyində qum heykəltəraşlığı
və qraffiti üzrə festival
keçirildi
17-19 oktyabr tarixlərində Bakıda qum heykəltəraşlığı və qraffiti üzrə ikinci açıq festival keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə baş tutan festivalda 30 gənc hər iki sahə üzrə öz bacarığını nümayiş etdirdi. Budəfəki tədbir həm miqyası, həm də iştirakçı sayına görə fərqlənirdi. “Şıx” çimərliyindəki “Dostluq” istirahət mərkəzində təşkil olunan festivala Rusiya, İran və Türkiyədən də iştirakçılar qatılmışdı.
Ötən sərginin də yaddaqalan olduğunu nəzərə alıb yollandıq “Şıx” çimərliyinə. Festivalın ikinci günü və havanın küləkli olmasına baxmayaraq, gənclər böyük həvəs və təbiətin şıltaqlığı ilə mübarizə içində qum heykəllərini yaratmağa çalışırdılar. Bəziləri hələ başlanğıc mərhələdə olsa da, digərləri öz işlərini küləkdən qorumaq üçün bərkitmə işləri görür, qumu sulayırdılar. Biz də bu yaradıcı gənclərin işləri ilə yaxından tanış olmaq qərarına gəldik.
İlk həmsöhbətim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Müşfiq Heydərovdur. Ondan bir qədər özü barəsində məlumat verməsini xahiş etdim:
- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişəm, hazırda Dövlət Rəssamlıq Akademiyasının birinci kurs tələbəsiyəm. Heykəltəraşlıq ixtisası üzrə təhsil alıram. Eyni zamanda qum heykəltəraşlığı ilə də maraqlanıram və hesab edirəm ki, bu, əl işlərini daha böyük auditoriyaya çatdırmaq baxımından effektiv bir sənət növüdür.
- Necə oldu bu festivala qatıldınız?
- Akademiyada öyrəndim ki, paytaxtımızda qum heykəltəraşlığı
və qraffiti üzrə açıq
festival keçiriləcək. Mən də fürsəti əldən vermək istəmədim. Bilirsiniz ki,
bu, ikinci festivaldır. Mən
ötən festivala qatılmasam da, o vaxt sərgilənən işlərlə tanış oldum, iştirakçı tələbələrlə
əlaqə saxladım,
onlar da festivala qatılmağımı
məsləhət gördülər.
- Festivalda təqdim etdiyiniz qum
heykəl barədə
nə deyə bilərziniz?
- Öncə bu festivala hansı işlə qatılmaq barədə çox götür-qoy etdim. Bir neçə ideya var idi və
nəhayət, onların
arasından “Qoca Xəzər”i seçdim.
Belə fikirləşdim ki,
festival doğma Xəzərin
sahilində keçirilirsə,
işim də onunla əlaqədar olsa maraqlı olar. Burada mənim ifadə
etmək istədiyim Xəzərin, ümumiyyətlə
götürdükdə isə
dənizin canlı olmasıdır. Onun da xarakteri, sakitliyi,
dəlisovluğu var. Bəs
niyə “cavan” yox, “qoca” Xəzər
deyə sual etsəniz, deyərdim ki, dəniz mənim aləmimdə “qoca”dır, çox illər, əsrlər görüb, neçə-neçə
nəsilləri yola salıb. Bu səbəbdən
Xəzəri qoca kişi şəklində
dalğaya bənzətdim.
- Adi heykəltəraşlıqla
müqayisədə qum heykəltəraşlığının
çətinlikləri nədən
ibarətdir?
- Hər ikisinin özünəməxsus çətinlikləri
var, ancaq qum heykəltəraşlığı
daha əziyyətlidir.
Adi heykəltəraşlıqda yaratmaq
istədiyin heykəlin
əzələsini, hansısa
əzasını daha
dəqiq işləmək
olur, orada istədiyin nüansı ifadə edə bilirsən. Ancaq qumda elə
deyil, tez ovulur. Ona görə də
qumdan heykəl düzəldərkən işə
ümumi yanaşılır,
nəinki ayrı-ayrı
detallara. Digər çətinlik
havanın küləkli,
qumun isə narın olmamasıdır.
Bilirsiniz
ki, Xəzərin sahil qumu narın
deyil, tərkibində
balıqqulağı və
xırda daşlar çoxdur. Bu səbəbdən
də iş istədiyin kimi səliqəli və dəqiq alınmır.
* * *
Gənc heykəltəraşa uğurlar
arzulayıb Türkiyədən
olan iştirakçılara
yaxınlaşırıq. Onlardan özləri
və işləri haqqında məlumat vermələrini xahiş edirik.
- Adım Arife Çimendir. Türkiyədə heykəltəraşlıq ixtisası üzrə təhsil alıram, ikinci kurs tələbəsiyəm.
Bakıda təşkil olunan
festivala dəvət aldıq və bir qrup tələbə
ilə şəhərinizə
təşrif buyurduq.
Baxmayaraq ki, qum heykəltəraşlığı
üzrə o qədər
də təcrübəmiz
yoxdur, bununla belə, çalışırıq
ki, festivalda ən yaxşı şəkildə təmsil
olunaq. Biz qumdan
yatmış it heykəlini
düzəldəcəyik. Düzdür,
siz indi heykəli tam görə bilmirsiniz, çünki qumu hazırlamağa çalışırıq və
bu bizim vaxtımızı alır.
Hava şəraiti və qumun heykəltəraşlıq
üçün o qədər
də münasib olmaması əlavə çətinliklər yaradır.
- Qum heykəltəraşlığı adi heykəltəraşlıqla
müqayisədə bu
qədər çətindir?
- Əlbəttə, çətindir. Ovulub tökülən
qumla işləyirsiniz,
təbii ki, çətin olmalıdır.
Daim əliniz heykəlinizin üstündə olmalıdır
ki, forması itməsin, külək uçurmasın. Bu baxımdan da əziyyətlidir. Digər problem isə fikrinizdə canlandırdığınız heykəli olduğu kimi yarada bilməməyinizdir.
Məsələn, qum heykəlin gözünü və ya hər hansı
əzasını xüsusilə
vurğulamaq istəsəniz
belə, bunu edə bilmirsiniz. Çünki qumun keyfiyyəti
buna imkan vermir. Bununla belə müsbət
tərəfləri də
çoxdur. Sizin heykəltəraşlıq
emalatxananıza bu qədər insan gəlmir, eyni zamanda siz də
daş heykəllərinizi
insanların görməsi
üçün başqa
şəhərə sərgidə
iştirak üçün
daşıya bilmirsiniz.
Ancaq bu festivallar vasitəsilə bir çox insanlara öz yaradıcılığınızı
nümayiş etdirə,
tanına bilərsiniz.
- Digər iştirakçıların
işləri ilə tanış oldunuzmu? Hansı işləri özünüzə
rəqib hesab edirsiniz?
- Təbii ki, rəqiblərimizin işləri
ilə də maraqlanırıq. Yerli tələbələrin,
iranlı iştirakçının
maraqlı işləri
var. Xeyirlə şərin
mübarizəsi ilə
bağlı kompozisiya,
şir heykəli xoşuma gəldi. Hesab edirəm ki, sadaladığım işlər
jürinin də diqqətini çəkə
bilər.
* * *
Növbəti həmsöhbətim Həmid
Lütfullahpur Cənubi
Azərbaycandandır. Hazırladığı
heykəldə o tay-bu
taylı Vətənin
birliyi ideyasını
ifadə etməyə
çalışıb:
- Təbrizdə doğulmuşam.
Bakıda Rəssamlıq Akademiyasında
heykəltəraşlıq ixtisası üzrə təhsil alıram. İlk dəfədir ki, qum heykəltəraşlığı ilə bağlı festivala qatılıram. Bu festivalda “Mədəniyyət
birliyi” kompozisiyası
ilə təmsil olunuram. Gördüyünüz kimi, burada kitab, kitabı vərəqləyən əl
və iki səhifə əks olunub. Səhifənin sol üzündə o tayın ustad şairi Məhəmmədhüseyn
Şəhriyarın, bu
üzündə isə
Əliağa Vahidin portretini əks etdirməyə çalışmışam.
- Bu kompozisiya ilə çatdırmaq istədiyiniz
mesaj nədən ibarətdir?
- Öncə demək istəmişəm ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birdir. Burada bir kitabda, iki vərəq buna işarədir. Hər iki Azərbaycanın ustad şairlərinin səhifələrdə əks
olunması da mədəniyyət, düşüncə,
dil birliyinə işarədir. Hesab edirəm ki, bu kompozisiyamla öz fikirlərimi, az da olsa, çatdıra bilmişəm.
- İşinizin sahəsi
böyükdür və
eyni zamanda təsvirlər də xüsusilə dəqiqlik tələb edir. Bəs niyə
tək çalışırsınız?
- Bilirsiniz, bu kompozisiyanın ideyası mənə məxsusdur. Tələbə dostlarımdan biri
ilə bu işi həyata keçirə bilərdik,
ancaq buna vaxtımız olmadı.
Qısa vaxt ərzində ideyanı digərinə başa salmaq və icra etmək
daha əziyyətli olardı. Ona görə də
festivala tək qatılmaq qərarına gəldim. Düzdür, belə də
çətindir, ancaq
öhdəsindən gəlməyə
çalışıram. Əgər imkanım olsa, vaxt yetsə, bu kompozisiyanı bir qədər də genişləndirmək
istəyirəm. Ustad
Şəhriyarın səhifəsinin
üzərində “Məqbərətüş-şüəra”nı, Əliağa Vahidin səhifəsində
isə Qız qalasını əks etdirmək fikrim var.
- Ümumilikdə festivala və işinizə maraq sizi qane
edirmi?
- Maraq yüksəkdir, gəlib baxırlar, ən əsası isə baxdıqca düşünürlər. Bu da mənim daha
çox xoşuma gəlir. Münsiflər heyətinin də
bu kompozisiyaya diqqəti böyükdür.
İnanıram ki, qaliblər
arasında mənim işim də olacaq.
* * *
Qaliblər mükafatlandırılıb
Layihənin rəhbəri İsmayıl
İsmayılov festivalın
yekunu barədə məlumat verib. Onun sözlərinə görə,
qraffiti nominasiyasında
birinci yerə Yaylagül Ramazanova, ikinci yerə Azər Məmmədli, üçüncü yerə
isə Mətanət Ağayeva layiq görülüb. Heykəltəraşlıq nominasiyasında isə Riza Hacıyev, Həmid Lütfullahpur, Müşfiq Heydərov müvafiq olaraq ilk üç yeri bölüşüblər. Qaliblərə hədiyyə və
diplomlar, bütün iştirakçılara isə
sertifikatlar təqdim edilib.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 23 oktyabr.-
S. 6.