“Türk mədəniyyətinin
bütün palitrasını, zənginliyini göstərməyə
çalışırıq”
Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY yaranmasının 20 illiyini qeyd etdi. Təşkilat son illər ümumtürk mədəniyyətinin təkcə türkdilli ölkələrdə deyil, eləcə də Avropada, Amerikada təbliğinə töhfələr verir, bu istiqamətdə mühüm layihələr reallaşdırır. TÜRKSOY-un baş katibi Düsen Kaseinovla söhbətimizdə qurumun fəaliyyəti ilə bağlı bır sıra aspektlərə toxunduq.
-
Düsen bəy, artıq 5 ildir ki, TÜRKSOY-a
rəhbərlik edirsiniz. Bu missiya sizin
üçün nə deməkdir?
-
TÜRKSOY üçün nə etmişəmsə, bu mənim
həyatımdır və bu illər ərzində heç nə
itirməmişəm. Burada türk
dünyasını təbliğ edərkən
özümü dünya mədəniyyətindən
ayırmamışam. Çünki mən
mədəniyyət xadimi, musiqiçi kimi özümü bəşər
mədəniyyətinin bir hissəsi hesab edirəm.
Dünyada bir çox xalqların tarixi, ədəbiyyatı,
incəsənəti ilə məşğul olan qurumlar var.
Lakin dünya ümumtürk mədəni irsini hələ yetərincə
tanımır və biz bu istiqamətdə çox iş
görməliyik. Biz hələ türk
xalqları olaraq bir-birimizi yaxşı tanımırıq.
Bu baxımdan TÜRKSOY-un yaradılması
müstəsna önəm kəsb edir. Bu,
türk dünyası üçün böyük bir fürsətdir.
Mən tamamilə başqa bir ənənələrlə,
sovet ənənəsi ilə tərbiyə olunmuşam. Postsovet
dövründə isə təfəkkürlər dəyişməyə
başlayırdı, yeni informasiya, yeni ünsiyyət əldə
etdik. TÜRKSOY-a gəldikdən sonra
müxtəlif xalqların nümayəndələri ilə
ünsiyyətdə oluram. Onların
arasında sadə insanlar da, tanınmış musiqiçi,
yazıçı, digər peşə xadimləri də var.
Təbii ki, hər kəsin öz baxışı var və mən
bu ünsiyyət zamanı özüm üçün
çoxlu qeydlər götürmüşəm. Son 5 ildə
fəaliyyətimizin əsas qayələrindən biri də bu
olub ki, ümumtürk mədəni irsini yalnız TÜRKSOY-a üzv ölkələrdə deyil, dünyada
təbliğ edək. 2010-cu ildə Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyası
Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd
edilməsi barədə qərar qəbul edib. Bayram həmçinin
UNESCO-nun qeyri-maddi irs siyahısına daxil
edilib. İndi Novruz bütün ölkələrin
bayramına çevrilib. Amerikada, Fransada bu
bayramı qeyd etdik. Beləliklə, var
qüvvəmizlə türk mədəniyyətinin
bütün palitrasını, rəngarəngliyini, zənginliyini
göstərməyə çalışırıq. Bayramı qeyd edərkən xalqlarımızın
mahnılarını, rəqslərini, musiqilərini, ənənələrini
nümayiş etdiririk. Məhz bu istiqamətdə
sərhədləri genişləndirir, türk mədəniyyətinin,
onun məşhur şəxsiyyətlərinin
tanınmadığı yerlərə gedirik.
-
Maraqlıdır, bununla nə əldə edirsiniz? İstədiyiniz hədəflərə çata
bilirsinizmi?
- Nəticə
budur - əgər insanlar bir-birilərini tanıyırsa, daha
böyük maraq yaranır. İnsanlar bir-birilərini
tanımalıdırlar ki, aralarında dostluq, sülh, hörmət
meydana gəlsin. Mən UNESCO-da da deyirəm
ki, bizim fəaliyyətimiz türk mədəniyyətinin
genişləndirilməsinə xidmət edir. Əlbəttə,
bu işdə türkdilli ölkələrin rəhbərlərinin
bizə böyük dəstəyi var. Bu ilin avqustunda Azərbaycanın
Qəbələ şəhərində Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısında prezidentlər tərəfindən bu dəstək
bir daha ifadə edildi. Bundan sonra oktyabrın 1-2-də
Ankarada TÜRKSOY-un 20 illiyi quruma üzv ölkələrin mədəniyyət
nazirlərinin, türk xalqlarının sənətçilərinin
iştirakı ilə təntənəli qeyd olundu. Eyni
zamanda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasının 100
illik yubileyini qeyd etdik. Operetta 4 türk dilində
- Azərbaycan, Türkiyə, Qazaxıstan və
Qırğızıstan sənətçilərinin
ifasında nümayiş olundu. TÜRKSOY artıq
neçə illərdir ki, ənənəvi olaraq yeni
başlayan ili türk dünyasının
şəxsiyyətlərindən birinin adı ilə
bağlayır, bu il çərçivəsində tədbirlər
keçirir və onu tanıtmağa, təbliğ etməyə
çalışır. 2014-cü il böyük türkmən
şairi Məhtumqulu Fəraqinin 290 illiyi münasibətilə,
habelə məşhur qırğız şairi Toktogul
Satılqanovun 150 illik yubileyi münasibətilə bu şəxsiyyətlərin
xatirə ili elan edilib. Beləliklə, biz
onları bütün türkdilli ölkələrdə təbliğ
etməyə çalışacağıq.
Bu gün Azərbaycanla Türkiyə “Bir millət, iki
dövlət” adlandırılır. Həqiqətən də
belədir. Amma görək bu ifadə mədəniyyət
sahəsində bütün məqamlarda öz təsdiqini
tapırmı? Bu günə qədər
Türkiyədə Mirzə Fətəli Axundzadənin
heç bir pyesi səhnəyə qoyulmayıb. Azərbaycanla
Qazaxıstan 70 il eyni sistemdə
yaşadıqları halda M.F.Axundzadənin pyesləri
Qazaxıstan teatrında da səhnələşdirilməmişdi.
Yalnız iki il əvvəl dramaturqun
“Müsyö Jordan və dərviş Məstəli şah” əsəri
azərbaycanlı rejissor Mikayıl Mikayılov tərəfindən
Karakanda teatrında səhnəyə qoyuldu. Sonra
teatrın kollektivi bu tamaşanı Mirzə Fətəlinin
doğulduğu torpaqda - Şəkidə göstərdi.
Yəni demək istədiyim odur ki, türk
xalqları olaraq bir-birimizin mədəniyyətini tanımaq,
öyrənmək üçün hələ çox
işlər görməliyik.
-
Hansı təşkilatlarla əməkdaşlıq etmək
sizin üçün önəmlidir?
- Biz
musiqiçilər, incəsənət nümayəndələri
ilə əlaqələrimizi genişləndirir, onları
öz layihələrimizə cəlb edirik. Türkdilli
ölkələrdə olan bütün yaradıcı
ittifaqlarla işləyirik. TÜRKSOY-un
baş katibi olandan dərhal sonra quruma üzv olan ölkələrin
Opera Direktorları Şurasını yaratdıq. Onlar
birinci il bizimlə işlədikdən
sonra bir müddət fasilə verdilər və mən bunu bərpa
etdim. İndi bütün opera teatrlarının
nümayəndələri bir-birilərini tanıyırlar.
Bundan başqa, TÜRKSOY-a üzv
respublikaların Teatr Direktorları Şurasını
yaratdıq ki, onun da son toplantısı bir neçə ay
öncə Bakıda keçirildi.
-
TÜRKSOY-un opera, kino, ədəbiyyat, heykəltəraşlıq,
rəssamlıq, fotoqrafiya səbəti ilə bağlı
layihələri var. Bəs qurumdan kinematoqrafiya sahəsində
layihə gözləmək mümkündürmü?
- Bəzən
deyirlər ki, bir ortaq film çəkək, lakin mən bunu üzərimə
götürmürəm. Bu sahəyə
böyük pul lazımdır. Lakin bu
istiqamətdə nələrsə edirik. Məsələn,
Türkiyədə hər il “Altın
portağal” film festivalı keçirilir. Mən bu
festivalın layihə rəhbərinə dedim ki, tədbirə
10 amerikalı dəvət etmək üçün
böyük pullar sərf edirsiniz, amma Azərbaycan,
Qazaxıstan, Qırğızıstandan isə
kinematoqrafları dəvət etmirsiniz. Beləliklə,
2010-cu ildə həmin festivalda 5 Azərbaycan filmi
nümayiş etdirildi. Sonrakı illərdə
isə Qazaxıstan, Qırğızıstan filmlərini qəbul
etdilər. Bizim işimiz tanış
etmək, əlaqə yaratmaqdır və kim istəyirsə,
sonradan bu əlaqəni aktiv formada davam etdirir. Televiziyalarla
yaxın əməkdaşlıq etmək istəyirik. Məsələn, 2009-cu ildə “Qazaxfilm”in
TÜRKSOY-la əməkdaşlığı əsasında
çəkdiyi “Dədə Qorqud” filmini yayımlamaq
üçün “TRT Avaz”a verdik. Əgər
belə bir kanal yaradılıbsa, bundan istifadə etmək
lazımdır. Bunun üçünsə,
köhnə filmlər deyil, yeni filmlər çəkib
göstərmək vacibdir.
Biz mədəniyyətin bütün sahələrində
layihələrə, təşəbbüslərə dəstək
veririk. Bir
neçə il öncə Üzeyir
Hacıbəylinin “Koroğlu” operasını beynəlxalq layihə
olaraq təqdim etdik. İndi qazax bəstəkarı
Mukan Toloboyevin “Birjan və Sara” operasını səhnəyə
qoymaq istəyirik. Artıq məşqlər
başlanıb və biz bunu Samsun teatrının bazasında
reallaşdıracağıq. Sual oluna bilər
ki, nə üçün Ankarada deyil, Samsunda? Ankarada operalar hər zaman məşğuldur,
onların qastrol səfərləri olur. Onlara
mane olmadan bunu əyalət teatrında səhnəyə qoymaq
istəyirik. Ola bilsin ki, gələcəkdə
bu teatrın müxtəlif yerlərə qastrol səfərlərini
də təşkil etdik. Heykəltəraşlarla
da əməkdaşlığı davam etdirmək istəyirik.
Ötən il onlar Ankaraya yaxın
Çankırı bölgəsində böyük duz
parçalarından heykəllər
hazırlamışdılar. Bu heykəllər
indi də qalır və şəhəri bəzəyir.
Əsas odur ki, tədbirlər nəticəsində
türkdilli ölkələrin sənətkarları bir-birini
tanıyır.
-
Geniş prizmadan yanaşsaq, sizin fəaliyyətinizi həm də
maarifçilik işi adlandırmaq olarmı?
- Mənə
elə gəlir ki, hər bir zəhmət, əmək həm
də maarifləndirici olmalıdır. Bir dəfə
Makedoniyalı İsgəndərdən soruşanda ki,
güclü ordu təşkil etməsinin səbəbi nədir,
cavabında “ona görə ki, mən öz əsgərlərimin
hər birini yaxşı tanıyıram” - demişdi. Məsələn, mən Qazaxıstan Dövlət
Konservatoriyasına rektorluq etdiyim dövrdə tələbələrimi
yaxından tanımaq üçün onların hətta qəbul
imtahanlarında iştirak etmişəm. İstedada
kömək etmək lazımdır. Mən
indi də bu ənənəni davam etdirirəm. TÜRKSOY-un gənclər kamera orkestri solistlərinin
ailə vəziyyətini də bilirəm və lazım gəldikdə
onlara dəstək oluram. Axı onlara kim
kömək edəcək? Əlbəttə ki,
biz. Bu il onlarla birlikdə mən də
skripkada ifa etdim. Hətta ehtiyacı olanlara təqaüd
veririk.
- Yeri gəlmişkən,
vaxtilə gözəl skripka ifaçısı olmusunuz. Gələcəkdə yaradıcılıq fəaliyyətinizi
davam etdirmək fikriniz varmı?
-
Yaşayıb görərik. Bir onu deyə bilərəm
ki, bu vəzifədən sonra təqaüdə getməyəcəyəm.
Mənim təcrübəm var və pedaqoji fəaliyyətimi
mütləq davam etdirəcəyəm. Vaxtilə
öz istəyimlə nazirlikdən, yüksək vəzifədən
getmişəm. Hər bir yaradıcı adam
öz-özünün meneceri, mesenatı olmalıdır.
Qazaxlarda belə bir deyim var: özü-özünə nə
isə etməsən, sənə heç kim
kömək etməyəcək. İnsanlar təşkilatçı
olmalıdır və özünü hər zaman ayaqda
saxlamağı bacarmalıdır.
- Əgər maliyyə vəsaitiniz imkan versəydi, onu
hansı layihənin inkişafına yönəldərdiniz?
- Tərcümələrə
daha çox yer ayırardım, türkdilli ölkələrin
müasir ədəbiyyatını hər bir türkdilli
ölkə öz dilində oxumaq imkanı əldə edərdi.
Sovet dövründə böyük bir tərcümə
məktəbi var idi. İndi bu haqda heç kim düşünmür. Çox
vaxt isə tərcümələr çox bərbad olur.
Türk xalqları bir-birinin ədəbiyyatını
oxumalıdır. Əlbəttə, bunun
üçün peşəkar tərcüməçilər
olmalıdır. Yadınızdadırsa,
sovet dövründə biz peşəkar tərcüməçiləri
tanıyırdıq. TÜRKSOY-un rəhbərliyinə gəldiyim
ilk ildə tərcüməçilərin toplantısını
keçirdim və düşündüm ki, hər il bu tədbiri türkdilli xalqların bir
tanınmış şəxsiyyətinə həsr edək. 2009-cu ildə toplantını Azərbaycanın
görkəmli şairi Bəxtiyar Vahabzadənin adı
altında reallaşdırdıq. Artıq
ikinci dəfədir ki, türk dünyasının gənc
şairlərini bir yerə toplayırıq və onlar
üç ay türk dilini öyrənirlər. Əlbəttə, bu müddətdə onlar dili
öyrənə bilməzlər, lakin maraq
oyandırırıq. Əgər bu şairlər latın qrafikası ilə türk dilini öyrənirlərsə,
artıq bu poeziyanı hiss edə bilirlər.
- Növbəti
ildə prioritetləriniz nədən ibarətdir?
-
Prioritetlər dəyişməyəcək. Əlbəttə,
biz mədəniyyətlərin yaxınlaşmasını istəyirik.
Məsələn, UNESCO ilə işbirliyi
haqqında razılaşmamız var. Lakin ötən müddətdə
birgə tədbirlər keçirə bilmədik. Sevindirici haldır ki, İslam dünyasının
UNESCO-su hesab edilən İSESCO ilə birlikdə bu günə
qədər 5 tədbir keçirə bilmişik. Bundan başqa, MDB Ölkələri üzrə Beynəlxalq
Humanitar Əməkdaşlıq Təşkilatı ilə əlaqələr
əsasında Avrasiya türkoloqları ilə birlikdə
Rusiyada yaşayan türklərin biblioqrafiya lüğətini
nəşr etmişik və Moskvada təqdimatını
keçirdik. Bu yaxınlarda ikinci cildi də
nəşr olunacaq. Bu qurumla işbirliyini
davam etdirəcəyik.
Mehparə
Sultanova
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 7.