“Yetmiş”lik
arzular
Və ya
ömrün xoşbəxtlik axtarışları
Valeh Kərimov:
“Cavanlıq getdi, indi həsrətində olduğum rolların
ağrısına Şeyx Nəsrullahla təsəlli verirəm”
Onunla söhbətə tam başqa ab-havada hazırlaşmışdım. Suallarımı da o yöndə cızma-qara eləmişdim. Məşhur obrazı, sadəlövh Moşu Göyəzənlisindən bir kəlmə belə söz açmayacaqdım. Ümumilikdə gülüşündə qəribə bir dramatizm olan aktyorun tamaşaçı-oxucu üçün naməlum tərəflərini açmağa çalışacaqdım. Amma söhbət başqa məcraya yönəldi və qəribə də olsa o, hər vəchlə öz istədiyi obrazını yaratmağa nail oldu. Komik obrazların mahir və sevilən ifaçısı, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Valeh Kərimov 70 yaşında Şeyx Nəsrullahı oynamaq arzusundadır.
- Valeh müəllim,
artıq 70-in astanasındasınız. Bu
növbəti yuvarlaq rəqəmi necə
qarşılayırsınız?
-
Yaşımın üstünə yaş gəldikcə sadəcə
oynamaq istədiyim obrazların həyəcanını
yaşayıram. Yeni mövsümdə yəqin
yeni rollar da olacaq.
- Bildiyimə
görə, teatrınızda yubileyinizlə bağlı
tamaşa da hazırlanır.
- Hər il olduğu kimi, budəfəki teatr
repertuarımız da zəngindir. Yeni
tamaşalarla teatrsevərlərin qarşısına
çıxacağıq. Bu yeni səhnə
işlərindən biri də mənim 70 yaşım
münasibətilə hazırlanır. İstərdim
ki, bu yaşımı da sadəcə yaddaqalan və ən əsası
istəyində olduğum bir rolla qarşılayım. Çünki mənim peşəm aktyorluq, yerim səhnə,
işim isə oynamaqdır. Görək də,
necə olur.
- İncəsənət İnstitutunu bitirəndən
Sumqayıt teatrında işləyirsiniz. Adətən
aktyorlar kənar teatrlara mərhələ kimi baxırlar.
Sizi bu teatra bağlayan nə oldu?
-
Artıq 45 ildir ki, həyatımı Sumqayıt teatrına
bağlamışam, tamaşaçı sevgisini orada
qazanmışam. Teatrın açılışında,
1968-ci il martın 14-də göstərilən
tamaşada epizodik rolla səhnəyə çıxdım və
bu günədək oradayam.
- Paytaxt
teatrlarına meyliniz olub, yoxsa Sumqayıt teatrını daimi məskən
bilmisiniz?
-
Çox aktyor kimi mən də paytaxta, xüsusən Akademik
Milli Dram Teatrına can atmışam. Bunun
üçün şərait də olub. Amma
nə isə alınmayıb. Bəzən
kollektivdə küsüb incidiyim anlar da olub. Bir dəfə 70-ci illərdə getmək istədim.
Daha doğrusu, rəhmətlik Tofiq Kazımov
Akademik teatrda baş rejissor işləyən vaxt gedib orada
işləmək istədiyimi bildirdim. Rejissorun
sınağından da çıxdım və o mənə
işdən çıxıb gəlməyimi dedi. Konkret
danışan adam idi. Onun bu
sözündən çox sevindim və işdən
çıxmaq üçün teatrın rəhbərliyinə
müraciət etdim. Müdir ərizəmə
qol çəkmədi ki, bəs teatr qastroldadır və
baş rejissor üstünü yazmalıdır. Mən də 15-20 günlük qastrol səfərinin
bitməsini gözləmədim və eləmə tənbəllik,
getdim rejissorun ardınca. Həmin vaxt
kollektiv Qəbələdə idi. Təbii
ki, bütün cəhdlərim boşa çıxdı və
beləcə burada qaldım.
- Deməli,
Sumqayıt teatrı ilə aranızda qəribə bir təhkimlik
bağı mövcuddur.
- Bəli.
Amma onu deyim ki, “Azdrama”ya bir dəfə də gəlmək
şansım oldu. Xalq şairi Bəxtiyar
Vahabzadənin “Dar ağacı” tamaşasında mənə də
rol verdilər. Xalq artisti Hacı
İsmayılovla dublyor idim. Xeyli məşq
etdik, lakin sonra alınmadı. Rəhbərlik
Sumqayıt teatrında qalmağımı məsləhət
gördü. Əslində, haqlı idilər.
Çünki məni o teatr tanıtdı,
müəyyən mənada sevdirdi, Xalq artisti adını
aldım. Beləcə, iki cəhdim və
onların nəticəsizliyindən sonra anladım ki,
Sumqayıt teatrı artıq mənim qismətimdir.
- Deyəsən,
bu qismətdən elə də razı görünmürsünüz.
45 ildən sonra bunu söyləmək çətin olsa da...
- Niyə
ki, sadəcə insan hər zaman arzularla yaşayır. Digər tərəfdən, onu da anlayıram ki, əsl
aktyor üçün vacib olan səhnə və
tamaşaçıdır. Əsas sənətini
sevmək və onu vicdanla icra etməkdir.
- Əksər
aktyorlar Akademik Dram Teatrına can atır, orada uğur
qazanacağını düşünür. Amma
elə o teatrın özündə illərdir
çalışan, lakin tanınmayan aktyorlar da var.
- Təbii.
Həmin o siz deyən aktyorlar öz perspektivlərinə
uyğun başqa teatrlarda işləyə bilərdilər.
Akademik teatrdan gedib daha da məşhurlaşan o qədər
aktyor tanıyıram ki...
- Bayaq
inciklik məsələsindən danışdınız. Aktyorlar tez-tez belə hallarla rastlaşırlar.
Sizcə, daha çox sənətdən,
rejissordan, yoxsa teatr rəhbərindən küsürlər?
- Aktyor
özündən küssə belə səhnədən, sənətdən,
tamaşaçıdan küsə bilməz. Təbii
ki, əsl aktyor.
- Belə
çıxır ki, aktyor taleyinizdən razısınız.
- Bəli,
razıyam. Sumqayıt teatrında işləyə-işləyə
böyük tamaşaçı kütləsi tərəfindən
tanınmağım və təvazökarlıqdan uzaq olsa da,
sevilməyim məni aktyor kimi xoşbəxt edir. Buna görə tamaşaçılarıma çox
minnətdaram, xüsusən də sadiq sumqayıtlı teatrsevərlərə.
Onlar hər zaman teatra bağlı olublar. 45 ildir o tamaşaçıların
qarşısına çıxıram və hər dəfə
də sevgi və alqışları ilə
qarşılanıram. Buna görə də
onlara borcluyam. Bilirsiniz,
tamaşaçını aldatmaq olmur. O əgər səhnədə
aktyora inanmırsa, zalda otura bilmir. Bunu hər
zaman aktyor dostlarıma da deyirəm. Rejissor
kimi tamaşa qoyarkən də aktyorlardan məhz səmimi və
inandırıcı olmalarını istəyirəm.
- Necə
düşünürsünüz, bütün bunları nəzərə
alan aktyorun bir ampluada
çıxışı uğurlu alınarmı?
- Bu,
aktyorun peşəkarlıq və potensialından irəli gəlir.
Məsələn, mən faciə, komediya, dram,
tragikomediya oynamışam. Mütəmadi
yumoristik səhnəciklər təqdim etmişəm. Düşünürəm ki, burada ən vacib məqam
aktyorun obraza girməsi, özündən o rolların hər
birinə bircə detal belə qatmasıdır.
- Əgər belədirsə, siz özünüzü
bir aktyor kimi hansı ampluada tapırsınız?
-
Tamaşaçılar məni daha çox komediya aktyoru kimi
tanıyır. Amma mən istərdim ki, dramatik,
faciəvi obrazlarım ön plana çıxsın.
- Bəs
aktyorun xarakterinə əks bir roluna görə sevilməsinə
necə baxırsınız?
- Yəqin
bunu fağır Moşu Göyəzənliyə görə
deyirsiniz (gülür).
-
Çünki sizi komik obrazlarınız daha çox
tanıdıb. Deməli, ifanız bu ampluada uğurlu
alınır...
- Gəncliyimdə
“Müsibəti-Fəxrəddin”də Fəxrəddini
oynamışam. Həmin əsərdə böyük
aktyorlarımız Barat Şəkinskaya, Rza Əfqanlı kimi
bənzərsiz sənətkarlarla tərəf-müqabil
olmuşam. Onlar mənə hər zaman
böyük dramatik aktyor olacağım barədə ilham
verirdilər. Sonra tale elə gətirdi ki,
tam əksi oldu. Mən Balaşı, Fəxrəddini,
Müsyö Jordanı oynaya-oynaya Moşu Göyəzənli
ilə “tanış” oldum. Bu əsər
teatrın repertuarına daxil edilənədək mən
başqa komik obrazlar da ifa etmişdim. Lakin
bu roldan sonra elə Moşu kimi xatırlandım. Burada televiziyanın da rolu böyükdür. Çünki tamaşanın televiziyada nümayişi
həm o səhnə əsərini, həm də məni birə-beş
tanıtdı.
- Bu
obrazın gətirdiyi şöhrətdən sonra komik
rollarınızın sayı daha da artdı. Yəqin
aktyor kimi rol seçmək vərdişiniz də yarandı?
- Qətiyyən.
Allah eləməsin, mən hər bir rolu
oynamışam, oynayıram və oynamağa da hazıram.
Əslində aktyor üçün vacib olan səhnədə
olmaqdı.
- O məşhur
obraza bu gün də qayıdardınız?
- Mən Moşunu hissə-hissə elə həmişə
oynayıram da (gülür). Olduğum hər yerdə
məndən şairi soruşurlar, ondan sitatlar gətirirlər.
İstədim-istəmədim,
moşulaşıram da.
- Bu sizi
yormur?
- Yox. O da
mənim bir parçamdır axı.
- Moşu Göyəzənli sadəlövhdür, bəs
Valeh Kərimov?
- Vallah, o
obraza sadəlövhlük elə Valeh Kərimovdan gəlib. Mən həyatda da çox sadəlövh adamam.
Hər şeyə tez inanıram, məni aldatmaq
çox asandır.
-
Ümumilikdə, 8 film-tamaşada rol almısınız. Təbii ki, hamısında da komik obrazlar. Qəribə də olsa, onların hamısında
Moşu Göyəzənlidən işartılar var.
- O məndən
gəlir. Sözsüz ki, hər aktyorun
rollarında onun öz xarakterindən məqamlar var və olmalıdır
da. Bu halda obraz qəbul olunar, baxılar.
- Həyat
və sənət obrazınız kimdir?
- Mən
fəhləyəm, sənətin fəhləsi. Həyatda da sadə bir adamam. Nə
böyük iddialarım var, nə də tələblərim.
- Belə
çıxır ki, sənətdə dostlarınız
çoxdur.
-
Dostlarım var. Mən ümumiyyətlə, konflikti sevən adam deyiləm. Heç vaxt
hansısa aktyor yoldaşımla və ya rejissorla konflikt
yaşamamışam. Rol və obrazlarla
bağlı müəyyən mübahisələr olur, bu da təbii
ki, elə orada qalır.
- Adətən
belə konfliktlərin nüvəsində rol istəyi
dayanır. Bildiyimə görə,
çalışdığınız teatrda əsas etibarilə
baş və aparıcı rolları sizə verirlər.
Yəqin ona görə belə sülhsevərsiniz...
- Yox
vallah (gülür). Niyə elə
düşünürsünüz, mən o qədər
kiçik rol oynamışam ki... Əsas odur ki,
oynadığın rolu sevəsən, sevərək təqdim
edəsən. Bir də improvizə edib hər
bir obrazı özününküləşdirməyi
bacarasan. Bu, mütləq şərtdir.
Ona görə də şəxsən məşq
mənim üçün tamaşadan daha maraqlıdır.
Çünki məşqdə yaradırsan, yaratmağa can
atırsan. Tamaşaçını
düşünürsən, onun reaksiyasını xəyal edərək
mütləq nə isə yenilik etməyə
çalışırsan.
- Bu
sualım əsas etibarilə komik rollar
oynadığınıza görə yarandı: hər zaman
güldürürsünüz?
- Bunu demək
çətindir. Əgər
tamaşaçı sadəcə yüngül
gülüş üçün teatra gəlirsə, onu
güldürmək mümkünsüzdür. Çünki hər gülüş bir
düşüncədir, eyhamdır, cəmiyyətə
mesajdır.
-
Tamaşaçının aktyoru güldürmə obyekti kimi
görməsi onun xoşbəxtliyidir, yoxsa?..
- Bu,
aktyorun böyük bədbəxtliyidir. Bundan
heç xoşum gəlmir. Bəyəm
Əliağa Ağayevə, Siyavuş Aslana, Yaşar Nuriyə
sadəcə güldürür deyə tamaşa edirdilər?
Onların oyunçuluğuna, obrazdan məharətlə
çıxış etmələrinə tamaşa edirdilər.
Boş-boş hırıltı, atmaca, hoqqabazlıq
gülüşünün sonu, mənası olmur.
- İllərdir səhnədəsiniz, sonsuz
tamaşaçı sevgisi, alqışlar, şöhrət
qazanıbsınız. 70-dən baxan zaman bunlar yetərlidirmi?
- Əlbəttə ki, yox. Aktyor heç vaxt “bəsimdir”
deməməlidir, mən yaratdım, işim bununla da qurtardı
deyə düşünməməlidir. Ömrü
boyu rol arzusu ilə yaşamayan aktyorun sənətkarlığı
şübhə doğurar.
- Rol
arzuları barədə ürəyiniz doludur.
- Eh, o qədər
arzum var ki. Amma deməyəcəyəm hansı
rol, çünki onsuz da reallaşmayacaq.
- Onda
keçmişə nəzərən daha çox nəyə
təəssüflənirsiniz?
- Arzusunda olduğum və heç vaxt oynaya bilməyəcəyim rollara. Cavanlıq getdi, qəlbimdə həsrətində olduğum rolların sızıltısı qaldı. İndi də Şeyx Nəsrullahı oynamaq arzusu ilə yaşayıram. Qorxuram, elə bunlar da arzu olaraq qalsın. Görək, qismət...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 10.