Azərbaycanın
müstəqillik günü Daşkənddə
qeyd edilib
Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Mərkəzin direktoru Samir Abbasov tədbiri açaraq, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının keçdiyi çətin və şərəfli yoldan, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması yolunda misilsiz xidmətlərindən danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Pedaqoji Universitetin professoru Erkin Nuriddinov və Özbəkistan Milli Kulinariya Assosiasiyasının rəhbəri Sünətulla Süleymanov mərasimdə çıxış ediblər.
Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış müğənniləri - "Nixol" Dövlət mükafatının laureatı İsrail Saidumarov, Abdulmalik Tatlı, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində yaradılan "Azərbaycan qızları" rəqs kollektivinin çıxışları iştirakçıların böyük marağına səbəb olub. Özbək müğənnilərinin Azərbaycan musiqisindən məşhur mahnıları ifa etməsi alqışlarla qarşılanıb.
Tədbirin sonunda
Azərbaycan və Özbəkistan dostluğuna
verdikləri töhfəyə, habelə Azərbaycan mədəniyyətinin
Özbəkistanda təbliğinə görə özbəkistanlı
müğənnilər İsrail Saidumarova, Abdulmalik
Tatlıya və "Azərbaycan qızları" rəqs kollektivinin bədii rəhbəri, Əməkdar
artist Kökəb Əliyevaya Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
fəxri fərmanları və pul
mükafatları təqdim edilib.
Mədəniyyət.- 2013.- 23
oktyabr.- S. 11.